“Konfrans Azərbaycanın rolunu daha da gücləndirəcək” – Azər Allahverənov
“Siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxaracaq. Çünki Azərbaycanda, yəni, Cənubi Qafqaz bölgəsində yaşıl ərazinin yaradılması önəmlidir”.
Bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması İctimai Birliyinin sədri Azər Allahverənov bildirib. Onun sözlərinə görə, vaxtilə ölkəmizin beşdəbir hissəsi işğal altında qalanda Ermənistan orada boz zona yaratmışdı və bu zonada işğalçılıq siyasəti nəticəsində respublikamızın florası və faunası məhv edilmişdi: “Azərbaycanın mədəni irsi, mədəni abidələri, şəhər, qəsəbə, kəndləri dağıdılıb, kənd təsərrüfatı ziyan görmüşdü. Arıq torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunub. Azərbaycanın həmin ərazilərdə alternativ, yaşıl enerjilər, karbohidrogen və karbon qazlarından azad olan seqmentlər üzrə inkişaf etdirilməsi yanaşmasının ortaya qoyulması faktiki olaraq yaşıl enerjiyə yeni münasibətin sərgilənməsindən və həmin sahədə siyasətin formalaşmasından xəbər verir. Məhz bu səbəbdən də vaxtilə boz zona olan əraziləri yaşıl zonaya çevirmək niyyətində olan Azərbaycan üçün 29-cu sessiyanın ölkəmizdə keçirilməsi olduqca vacibdir”.