Azərbaycan xalqı Heydər Əliyevə əbədi minnətdardır! – Elman Nəsirov
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı, Elman Nəsirov Yeni Azərbaycan Partiyasının rəsmi orqanına müsahibə verib. Aktor.Az həmin müsahibəni təqdim edir:
– Elman müəllim, dekabrın 12-si Ümummilli Liderimiz Heydər Əliyevin anım günüdür. Ulu Öndərin zəngin irsi milli sərvətimizdir. Müdrik dövlət xadiminin Azərbaycan dövlətçilik tarixində yerini və rolunu necə dəyərləndirisiniz?
– Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Aforizmə çevrilmiş bu ifadə Heydər Əliyev şəxsiyyətinə verilmiş ən lakonik və düzgün qiyməti əks etdirir. O, Xalqa və Vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoymuşdur.
O, ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu məhz onun adı ilə bağlıdır.
Fransa müqavimət hərəkatının lideri Şarl de Qoll faşistlərin viran qoyuduğu və xarabazara çevirdiyi Paris şəhərinə 1944-cü ildə qədəm qoyarkən ürək ağrısı ilə bu sözləri söyləmişdi: “Fransada dövlətçilik yoxdur, deməli, heç nə yoxdur”. O, fransızların itirilmiş dövlətçiliyini bərpa etdi, “asayişə-hə, xaosa-yox dedi”. Fransızlar dövlətçilik qarşısında bu misilsiz xidmətinə görə əbədi olaraq Şarl de Qolla minnətdardırlar.
Ümummilli lider Heydər Əliyev də 1993-cü ilin 9 iyununda Bakı şəhərinə qədəm qoyarkən “Azərbaycanda da dövlətçilik itirilmişdi, deməli, heç nə yox idi”. Heydər Əliyev ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli barışığa nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı da dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə zəmanəmizin dühası Heydər Əliyevə əbədi olaraq minnətdardır.
Təsadüfi deyildir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi coşğun yüksəliş illəri “Milli intibah dövrü” kimi xarakterizə olunur. Bu dövrün hər iki mərhələsi (1969-1982 və 1993-2003-cü illər) bir-birindən zaman və ictimai-siyasi formasiya baxımından fərqlənsə də, zəmanəmizin dühasının Xalqa, Vətənə xidməti və hakimiyyətin hər iki mərhələsində qazandığı böyük uğurlar baxımından olduqca oxşardırlar. Təkcə bircə faktı qeyd edək ki, 1969-1982-ci illərdə respublika iqtisadiyyatına 32 milyard rubldan çox kapital qoyulmuşdu ki, bu göstərici 1920-ci ildən başlayaraq Azərbaycan iqtisadiyyatına yatırılan investisiyadan 2,3 dəfə çox idi. Azərbaycan həmin illərdə 65 ölkəyə 350 adda məhsullar ixrac edən sənaye respublikası kimi özünü təsdiqləmişdi.
1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi yüksək dövlət vəzifəsini icra etdiyi müddətdə də öz doğma respublikasının vəziyəti ilə daim maraqlanmış, ona xüsusi diqqət və qayğı göstərmişdir. Bu dövrdə Azərbaycan iqtisadiyyatına yönəldilən irimiqyaslı sərmayələr, xüsusilə neft və neft-kimya sənayesi, kənd təsərrüfatı və emaledici sənaye sahələrinin sürətli inkişafı, tikilib istifadəyə verilən yüzlərcə istehsal müəssisələri, ictimai-mədəni və sosial obyektlər, hazırlanan yüksəkixtisaslı kardlar, açılan yeni iş yerləri və s. bu münasibətin əyani sübutudur.
SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçovun qatı ermənipərəst mövqedə dayanması və bu xüsusda Heydər Əliyev şəxsiyyətinə münasibətdə qərəzli və qisqanc davranışı 1987-ci il 21 oktyabr tarixində bu nadir şəxsiyyətin tutduğu vəzifədən istefa verməsinə səbəb oldu.
1990-cı ilin 20 iyul tarixində Moskvadan Bakıya, 2 gün sonra isə Naxçıvana qayıdan Heydər Əliyev sözün həqiqi mənasında bu qədim Azərbaycan torpağını erməni işğalından hifz edə bildi. Qədirbilən Naxçıvan əhalisi bir yumruq kimi ülu öndərin ətrafında birləşdi. Bu birlik sayəsində Naxçıvan şəhəri Azərbaycanın qurtuluşuna gedən tarixi proseslərin mərkəzinə çevrildi. 1990-cı il 17 noyabr tarixində Heydər Əliyevin sədrliyi ilə Naxçıvan parlamentinin sessiyasında Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri götürüldü. “Ali Sovet” sözü “Ali Məclis” sözü ilə əvəz olundu. Azərbaycan Xalq Cümhuriyətinin (AXC) üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiqləndi. Dövlət gerbi haqqında qərar qəbul edildi ki, məsələ araşdırılsın və konkret təkliflər Ali Məclisin müzakirəsinə verilsin. Eyni zamanda AXC-nin üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-nin dövlət rəmzi kimi təsis edilməsi və digər dövlət atributlarının bərpası məsələsinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Ali Soveti qarşısında qaldırılması haqqında qərar qəbul edildi.
Nəticədə 1991-ci il fevralın 5-də ulu öndər Heydər Əliyevin tarixi təşəbbüsü reallaşdı. Belə ki, həmin gün Azərbaycan Respublikasının Ali Sovetinin sessiyası “Azərbaycan SSR” adının “Azərbaycan Respublikası” adlandırılması, AXC-nin bayrağının Dövlət bayrağı kimi təsis edilməsi haqqında qərar verdi.
1991-ci il 17 mart tarixində SSRİ-nin saxlanılmasına dair Azərbaycanda referendum keçirilən zaman ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda ümumxalq səsverməsi keçirilmədi. Bu addımı ilə zəmanəmizin dühası olan Heydər Əliyev növbəti tarixi uzaqgörənliyə imza atdı, böyük qorxmazlıq və cəsarət nümunəsi sərgiləmiş oldu.
Eyni cəsarət, prinsipiallıq və vətənsevərliyi ulu öndər Heydər Əliyev 1990-cı il 20 Yanvar faciəsinə münasibətdə bir daha nümayiş etdirdi. Faciənin səhərisi günü Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükəyə qoyaraq Azərbaycanın Moskvadakı nümayandəliyinə gəldi və 20 Yanvar faciəsini törədənlərə qarşı açıq ittihamlarla çıxış etdi. Qətliama görə birbaşa məsuliyyət daşıyan SSRİ və Azərbaycan rəhbərliyini ifşa etdi. Bu bəyanatdan daha da hiddətlənən SSRİ prezidenti Mixail Qorbaçov Heydər Əliyevin həbsinə qərar versə də, son nəticədə onu icra etməyə cəsarəti çatmadı.
Beləliklə, 20 Yanvar faciəsində qanlı təcavüzə məruz qalmış Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdıran yeganə şəxsiyyət-ümummilli lider Heydər Əliyev oldu. Məhz xalqımıza qarşı bu amansız hərbi təcavüz cinayətinə cavab olaraq Heydər Əliyev Sovet İttifaqı Kommunust Partiyasının sıralarını tərk etdi. 1990-cı il iyulun 19-da Heydər Əliyev partiya sıralarından çıxmaq barədə SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına müraciət etməklə bu addımı rəsmiləşdirdi.
– Müstəqilliyin bərpasından sonrakı ilk illər xaos, anarxiya və torpaqlarımızın işğalı ilə yadda alıb. Zaman keçdikcə daha aydın görünür ki, Ulu Öndər olmasaydı, Azərbaycan dövlətinin mövcudluğu sual altında olacaq, hətta ölkəmizin adı dünyanın siyasi xəritəsindən silinəcəkdi...
– Qeyd etdiyim kimi, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir.
Bütün bu uğurların əsasında ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişi və tələbi ilə hakimiyyətə tarixi qayıdışı və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri funksiyasını öz üzərinə götürməsi ilə bağlı olduqca şərəfli və məsuliyyətli qərarı dayanır.
Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
Bu dövr Ulu Öndərin təbirincə desək, “müstəqilliyin əldə edilməsindən daha çətin olan onun qorunması və möhkəmləndirilməsi” ilə xarakterizə olunurdu. Həmin dövrdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin uzağagedən planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayır. Həmin mərhələdə hakimiyyətdə olan Müsavat-AXC cütlüyünün həyata keçirdiyi səbatsız daxili və onun davamı olan xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi.Yeri gəlmişkən, burada bir həqiqəti də xüsusi olaraq qeyd edək ki, Azərbaycan xalqının ən ağır dərdi olan Dağlıq Qarabağ problemi ilə bağlı ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə həyata keçirdiyi siyasətin nəticəsində bu dövrdə erməni millətçiləri bir dəfə də olsun ölkəmizə qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və buna imkan verilmədi.
Prezident Ilham Əliiyevin Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə qeyd etdiyi kimi, “1987-ci ildə Heydər Əliyev vəzifədən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında beynəlxalq mətbuatda və sovet mətbuatında məsələ qaldırmışlar. Artıq Dağlıq Qarabağda separatçı meyillərə elə bil ki, yaşıl işıq yandırıldı. Heydər Əliyev vəzifədən gedəndən 3 ay sonra Sumqayıt hadisələri baş vermişdir. Sumqayıt hadisələri də məkrli planın tərkib hissəsi idi. Plan ondan ibarət idi ki, Heydər Əliyev hakimiyyətdən getsin. Çünki onun Siyasi Büronun üzvü kimi fəaliyyəti erməni millətçilərə imkan vermirdi ki, məsələ qaldırsınlar”.
Bundan savayı, Müsavat-AXC cütlüyünün mövcud şəraitə adekvat olmayan məqamda “Cənubi Azərbaycan” problemini qaldırması nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. ABŞ Konqresi isə Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi.
Bu şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli proses separatizm və onun nəticəsində ərazi bütövlüyümüz növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Erməni işğalçılarının aramsız hücumları, Cənubda “Talış Muğan Respublikası”nın elan edilməsi, şimalda “Sadval” təşkilatının ərazi iddiaları və Gəncədə Surət Hüseynova məxsus hərbi hissənin qiyam qaldırması həmin dövrdə ölkəmizin dəhşətli siyasi kataklizmlər mərhələsində olduğunu bir daha təsdiqləyir. Əslində respublikamız real vətəndaş müharibəsi astanasına idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. İnfilyasiya 1992-ci ildə 1174%, 1993-cü ildə isə 1080%-ə çatmışdı. 1993-cü ildə ÜDM 31,4 milyon manat, dövlət büdcəsi 10,7 milyon manat təşkil edirdi. Bu məqamda Prezident İlham Əliyevin həmin dövrü tam xarakterizə edən fikirlərinə diqqəti cəlb etmək yerinə düşər: “1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövr itirilmiş imkanlar, itkilər dövrü idi… 1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biyabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi.”
Yuxarıda qeyd etdiyimiz kimi, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və xahişi ilə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz bu ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi bu sınaqlardan da uğurlu çıxışı təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz Xilaskar missiyasını yerinə yetirdi.
Ümummilli lider Azərbaycanda demokratik inkişaf proseslərinin də əsasını qoydu. Məhz onun təşəbbüsi və siyasi iradəsinin nəticəsi olaraq qəbul edilmiş 1995-ci il konstitusiyası və ona edilmiş əlavə və düzəlişlər ölkımizdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşması prosesində müstəsna rol oynadı. Ölkəmizdə şəxsiyyətin azadlığı və toxunulmazlığı, habelə onların hüquqi müdafiəsi təmin edildi, çoxpartiyalı sistem üçün əsaslar yaradıldı, siyasi plüralizm, vicdan və etiqad azadlığı, azlıqların hüquqları, qanun qarşısında bərabərlik təmin edildi. Azərbaycan Respublikasının qanunvericilik aktlarında əks olunan, onun ayrılmaz komponenti olan təqsirsizlik prezumpsiyası təmin edildi. Bundan savayı, Konstitusiya Məhkəməsi, üçpilləli məhkəmə sistemi, yeni məhkəmə korpusu yaradıldı, məhkəmələrin müstəqilliyi və prosedur qaydalarının şəffaflaşması təmin edildi, on minlərlə insan amnistiya edildi və böyük sayda məhkum bağışlandı, senzura ləğv edildi, KİV-in azadlığı və QHT-lərin sərbəst fəaliyyəti təmin edildi.
Bu prosesdə-demokratik dövlət quruculuğu istiqamətində ümummilli liderin miras qoyduğu irsin öyrənilməsi, təbliği və tətbiqində unikal genetik irsə, zəngin təcrübəyə, böyük intellektə və geniş təşkilatçılıq qabiliyyətinə malik Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, mərhəmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Başqa sözlə, ulu öndərin irsinin öyrənilməsi istiqamətində irimiqyaslı proqramların həyata keçirilməsini dəstəkləmək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş təşəbbüsləri himayə etmək, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə və digər mühüm vəzifələrin yerinə yetirilməsinə nail olmaq ölkənin birinci xanımının rəhbərlik etdiyi təşkilatın genişmiqyaslı fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir və geniş ictimaiyyət tərəfindən olduqca yüksək dəyərləndirilir. Hörmətli Mehriban xanımın qazandığı ümumxalq sevgisinin kökündə dayanan əsas amil insanların inamını qazanması ilə bağlıdır. Mehriban xanım Əliyeva haqlı olaraq vurğulayır ki, “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam.”
1993-cü ildən etibarən ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaradıldı.
– Siyasi sabitliyə nail olan Ulu Öndərin məqsədyönlü siyasəti ölkəmizi iqtisadi inkişaf yoluna çıxardı. Siyasi sabitliyin, iqtisadi inkişafın Azərbaycanın müstəqil dövlət kimi öz yolunda inamla irəliləməsi baxımından önəmini necə dəyərləndirmək olar?
– Daxili siyasi sabitlik və iqtisadi inkişafa nail olan Heydər Əliyev təkcə düzgün daxili siyasət kursunu deyil, həm də onun davamı və tamamlanması olan uğurlu xarici siyasət strategiyasını müəyyənləşdirdi. Balanslı və çoxvektorlu xarici siyasət kursu kimi xarakterizə olunan bu siyasətin prioritet istiqamətlərindən birini də “yeni neft diplomatiyası” təşkil edirdi.
Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin otən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasınsa həlledici əhəmiyətə malik oldu, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 12 şirkətinin iştirakı ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin yeni neft strategiyasının başlanğıcı oldu. 1996-ci il iyunun 6-da regionun enerji təhlükəsizliyi sahəsində olduqca mühüm rol oynayan və nəticədə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter aldı.
Bu gün ölkənin təsdiq edilmiş enerji ehtiyatları 1,5-2 mlrd. tondan artıq neft və 2,6 trln. kubmetr qazdan ibarətdir və 7 kəmərlə Avropa və dünya bazarlarına çatdırılır. Bunlardan 3-ü neft (Rusiya, Gürcüstan və Türkiyə istiqamətləri) 4-ü isə qaz ( Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətləri) kəmərləridir. Bunların içərisində Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz boru kəmərlərinin istifadəyə verilməsi həm regional, həm də Avropanın enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyiyyət kəsb etmişdir. BTC sutkada 1 mln. barrel, ildə 50 mln ton neftin ixracını həyata keçirmək potensialındadır BTƏ qaz boru kəmərinin anoloji göstəricisi isə ildə 25 mlrd kubmetr qaz təşkil edir. Təkcə “Şahdəniz” yatağında təsdiqlənmiş qaz yaraqları 1,2 trln. kubmetr təşkil edir. Təxminən, Ümid” yatağında 200 milyard kubmetr, “Babək” yatağında 400 milyard kubmetr, “Abşeron” blokunda aşkar edilmiş yeni böyük qaz yatağında isə 350 milyard kubmetrə bərabər qaz ehtiyatı vardır. Bu reallıqlar fonunda Azərbaycan dövləti qarşısında ya yeni qaz bazarlarına çıxış yolları axtarmaq, ya da ənənəvi istiqamətlər üzrə ixracı artırmaq vəzifəsi dururdu. Elə bu vəzifədən irəli gələrək ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək 2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqəlardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP kəməri üzrə işlər 2020-ci ilin 15 noyabr tarixində tamamlandı. 31 dekabr 2020-ci tarixindən Azərbaycan qazının birbaşa olaraq Avropa bazarına çıxışı tam təmin olundu.
2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi “yeni neft diplomatiyası”nın möhtəşəm nailiyyətlərinin yuxarıdakı təqdimatı sübut edir ki, Azərbaycan bütün sferalarda, xüsusilə də enerji sahəsində regionun həlledici aktoruna çevrilmişdir.
– Ulu Öndərin əsasını qoyduğu siyasəti son 20 ildə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı Zəfər zirvəsinə yüksəltdi…
– Azərbaycan xalqı artıq 20 ildir ki, qəlbində əbədi heykəlini qoyduğu ulu öndərin cismani yoxluğunu onun siyasi xətti ətrafında daha sıx və monolit birlik nümayiş etdirərək yad edir. Xalqımız Heydər Əliyevin fiziki itkisindən nə qədər çox kədərlənsə də, təskinliyini onda tapır ki, bu gün ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. O, Azərbaycanın çağdaş tarixinə yeni missiya ilə daxil olmuşdur. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu mərhələ Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir
Məhz Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edtmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı Xankəndimizi və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə-Azərbaycan xalqına qaytarmışdır. Bu gün qürurla və iftixarla qeyd edirik ki, Qarabağ Azərbaycandır!