GündəmManşetSiyasətXəbər xətti

“Prezident seçkilərində İlham Əliyev ən yüksək səsi toplayacaq” – Millət vəkili

Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.

Bu barədə millət vəkili Elman Nəsirov “Operativ Media”ya açıqlamasında bildirib ki, seçkilərin təxminən bir il iki ay əvvəl atılması zərurət idi:

“2018-ci ildə də növbədənkənar prezident seçkiləri keçirildi, oktyabrda olmalı idi, amma aprel ayında keçirildi, çünki o zamankı reallıqlar bunu diktə etmişdi. Xüsusilə də ölkəmizdə irimiqyaslı, hərtərəfli islahatların daha da dərinləşdirilməsində yaranan ehtiyac bu prosesi labüd etmişdi. İndi də seçkilərin bir il 2 ay əvvələ atılması heç bir halda təsadüfi deyil. Səbəb isə onunla bağlıdır ki, artıq müzəffər prezident, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalqımız yeni reallıqlar yaradıb, ərazi bütövlüyümüzü və suverenliyimizi tam qəti və əbədi olaraq təmin edib. Belə olan vəziyyətdə, təbii ki, bütün ölkə miqyasında prezident seçkilərinin keçirilməsi məsələsi həm də bu reallığın bir legitimləşməsi deməkdir. Nəzərə alsaq ki, bütün müstəqillik dövrümüzdə həmişə 80 faiz ərazimizdə seçkilər keçirilib, istər prezident, istər parlament, istər bələdiyyə seçkiləri zamanı 20 faiz ərazimiz seçkilərdən kənarda qalıb, çünki bu ərazilər işğal altında idi. Əgər işğala son qoyulubsa, belə olan vəziyyətdə bunun məntiqi davamı olaraq 100 faiz bütün ölkə ərazisində seçkilərin keçirilməsinə ehtiyac var. Azərbaycanın bütün ərazilərinin üzərində suverenliyinin təmin edilməsi faktı da seçkilərin keçirilməsini labüd edir. Bu, həm də reallığın xalq tərəfindən növbəti dəfə təsbit edilməsi olacaq”.

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürüləcək və inanırıq ki, bu dəfəki seçkilərdə cənab Prezidentin qazandığı səs ümumxalq dəstəyi ilə ən yüksək səviyyədə olacaq. Keçən dəfəki seçkilərdə təxminən 86 faizdən yuxarı səs toplamışdı. İndi isə istisna deyil ki, 90 faizin üzərində səs qazanacaq, hətta beynəlxalq reytinq agentliklərinin ilkin hesablamaları da bunu təsdiqləyir. 7 fevral tarixində keçiriləcək Prezident seçkiləri, sözün həqiqi mənasında, ölkəmizin bundan sonrakı inkişafı üçün yeni imkanlar pəncərəsi açacaq. Həmçinin qarşıda dayanan digər strateji əhəmiyyətli vəzifələrin icrası üçün də münbit şəraiti təmin edəcək”, – deputat qeyd edib.