“Dağıstanda yaşayan yəhudilər Azərbaycana gələ bilərlər” –Deputat
“İsraildən etnik yəhudilərin gəlişinə mane olmağa çalışan bir qrup şəxsin Mahaçqala hava limanına hücumu hər bir sivil insan tərəfindən pislənilməlidir”.
Bu sözləri deputat, Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvü Rasim Musabəyov “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.
“Bu, nə islami dəyərlərə, nə mövcud olan qanunvericiliyə, nə də dünyada qəbul olunmuş humanitar münasibələrə cavab verən bir hərəkətdır. Bu, açıq şəkildə dini, irqi dözümsüzlüyün nümayişidir”, – deyə deputat bildirib.
“Bu hadisələr, həm də Nalçikdə tikilməkdə olan yəhudi mərkəzinin binasının yandırılması Rusiyanın cənubunda etnik qarşıdurmaya gətirib çıxara bilərmi?” sualına deputat “çətin ki” deyə cavab verib. “Çünki orada barmaqla sayılan qədər yəhudi qalıb. Orada bu münasibətlə qarşılaşan yəhudilər Moskvaya və ya Rusiyanın digər şəhərlərinə gedəcəklər ya da bir müddət sonra İsrailə gedəcəklər. Amma düşünmürəm ki, baş verən hadisələr davamlı etnik münaqişəyə təkan versin. Lakin bu kütlə yəhudi tapmayanda hakimiyyətə qarşı çevriləcək. Bu da Şimali Qafqazda hakimiyyət və kütlə arasında toqquşma və gərginliyin artmasına gətirib çıxara bilər”.
“Dağıstanda, əsasən Dərbənddə xeyli dağ yəhudisi yaşayır. Bəs onların taleyi necə olacaq? Azərbaycana pənah gətirə bilərlərmi?- sualına cavabında deputat deyib ki, onların hansısa bir hissəsi Azərbaycana gələ bilər. Rusiya vətəndaşları Azərbaycanda 90 gün qala bilər və sonra qalış müddətini rəsmiləşdirə bilər.
“Dağıstanda etiraz təşəbbüsü siyasi hakimiyyətdən, xalqdan, yoxsa islamçılardan gəlib?” sualına cavabda Musabəyov Bakıdan fikir söyləməyə çətinlik çəkdiyini deyib. “Ancaq Rusiya təhlilçilərinin, o cümlədən müxalif təhlilçilərin şərhlərinə görə, bütün ekstremist, o cümlədən dini radikal qruplar Rusiya Federal Təhlükəsizlik Xidmətinin tam nəzarətindədir. Belə fikirlər var ki, bu cür proseslər bu qurumlar tərəfindən idarə olunmasa da, yönəldilir. Ancaq bu versiyalar üzərində durmaq üçün əlimdə heç bir fakt yoxdur”, – o deyib.
“Azərbaycanda yəhudi icmalarının durumu necədir? Onların təhlükəsizliyilə bağlı hər hansı problem varmı?” Bu sualın cavabında deputat deyib ki, Azərbaycanda yəhudi icmalarının təhlükəsizliyilə bağlı heç bir problem yoxdur.
O qeyd edib ki, azərbaycanlılar Ermənistanın təcavüzü dövründə Azərbaycana münasibəti yaxşı xatırlayırlar. O vaxt bir sıra ərəb ölkələri və İran özlərini Azərbaycanın din qardaşları adlandırırdılar, amma əslində heç nə etmirdilər.
“Müharibə zamanı İsrail Azərbaycana silah göndərirdi, İsrail və yəhudi icmaları ABŞ-da, Avropa ölkələrində Bakıya diplomatik və media dəstəyi verirdi. Halbuki, İran öz ərazisindən Rusiya silahlarını Ermənistana ötürməklə məşğul idi. Ona görə də Azərbaycanda həm hakimiyyət, həm də ictimaiyyət yəhudilərə qarşı xoşagəlməz hərəkətlərin qarşısını almağa qadirdir,- Musabəyov qeyd edib.