Qanunsuz miqrasiya ilə mübarizə sahəsində ictimai müzakirə təşkil olunub – FOTOLAR
Qanunsuz miqrasiya ilə mübarizə sahəsində ictimai müzakirə təşkil olunub.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan cəmiyyətinə miqrantların inteqrasiyası və bu sahədə tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti ictimai müzakirə keçirilib. “Qanunsuz miqrasiya ilə mübarizədə QHT-lərin rolu” mövzusunda təşkil olunan ictimai müzakirədə miqrant qrupları ilə işləyən, o cümlədən insan alveri problemi ilə mübarizə aparan qeyri-hökumət təşkilatlarının nümayəndələri, beynəlxalq təşkilatların və digər təsisatların təmsilçiləri iştirak ediblər.
İcra olunan layihə barədə qısa məlumat verən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov qanunsuz miqrasiyanın müxtəlif aspektlərinə nəzər salıb, bu problemin yaranma səbəbləri və onunla mübarizə strategiyası haqqında məlumat verib. Bildirilib ki, qanunsuz miqrasiyaya qarşı keçirilən təbirlər zamanı əldə olunan nəticələr onu deməyə əsas verir ki, qanunsuz miqrantlar bu vəziyyətə ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamaması səbəbindən düşmüşdür. Bu kimi halların aradan qaldırılması hədəf qrupları arasında məlumatlandırma kampaniyasının daha əhatəli və intensiv aparılmasını zəruri edir.
Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev Xidmət tərəfindən qanuni miqrasiyanın təşviqi və qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. O, ötən dövr ərzində qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaş cəmiyyəti institutları ilə birgə ölkəmizin müxtəlif regionlarında həyata keçirilmiş fəaliyyətlər, həmçinin QHT-lər tərəfindən müvafiq mərkəzlərdə təşkil olunmuş monitorqlər barədə məlumat verib.
Tədbirdə iştirak edən Səltənət Məmmədova, Anar İsgəndərov, Mehriban Zeynalova, Kübrə Ələkbərova, Gülayə Səfərova, Zenfira Mustafayeva, İlham Əliyev, Şəmsəddin Əliyev, Eynulla Xeyrullayev, Telman Məmmədov və digərləri təmsil etdikləri ictimai təşkilatların miqrasiya sahəsində həyata keçirdikləri fəaliyyətlər barədə məlumat veriblər, qanunsuz miqrantlarla və risk qrupuna aid edilən əcnəbilərlə bağlı üzləşdikləri həssas məsələlərə, xüsusilə də qanunsuz miqrasiyanın, o cümlədən insan alveri probleminin yaratdığı fəsadlara nəzər salıblar və bu problemlə mübarizədə daha yüksək nəticələrin əldə olunması ilə nəticələnəcək bir sıra təklif və tövsiyələrini bildiriblər.
İştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb.