“Kənar güclərin Azərbaycana təzyiq imkanlarını heçə endirmişik”-Qüdrət Həsənquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib.Həmin müsahibəni təqdim edirik.
-Qüdrət bəy, Xankəndində dövlət bayrağının qaldırılması və Brüsseldə Əliyevin Paşinyanla görüşü haqqında fikirlərinizi öyrənmək istərdik…
-Xankəndində dövlət bayrağının qaldırılması xalqımızın son yüz ildə, öz müstəqil dövlətini qurmasından sonra, ən böyük tarixi nailiyyətidir. Bu münasibətlə hər kəsi təbrik edirəm. Xalqımız düşmən dövlətə (Fransa kimi) sığınıb, onların üzdəniraq “pet”lərinə (sevimlilərinə) çevrilmişlərin “vətənpərvərlik “, “kişilik” dərslərinə qulaq asmamalıdır. Yasa batmış belələri tapşırıq yerinə yetirir, fitlə hoppanıb düşür, müxtəlif səslər çıxarırlar.
Erməni faşizmi və onları müdafiə edənlər üzərindəki bu qələbə tarixi ədaləti bərpa etməklə yanaşı xalqımızın özünə inamını qaytarıb, bölgə üçün yeni inkişaf perspektivləri açıb. Biz bu qələbə ilə kənar güclərin Azərbaycana təzyiq imkanlarını heçə endirmişik. İndi xalqımız böyük quruculuq işlərinə səfərbər olmalıdır. Biz böyük islahatlar həyata keçirməklə, Avropanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməliyik.
Çox təəssüf ki, Brüssel görüşündən ciddi nəticələr gözləmirəm. Paşinyanın açıqlamaları göstərir ki, Ermənistan nə Zəngəzur dəhlizinin açılmasına, nə də bizim anklav ərazilərin qaytarılmasına hazırlaşmır. Bir daha qeyd edirəm ki, Ermənistanın başlatdığı işğalçı müharibə nəticəsində vurduğu ziyana görə təzminat ödəməsi və işğalçı müharibəni başladaraq insanlıq əleyhinə ağır cinayətlər törətmiş şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılması məsələsi sülh sazişində öz əksini tapmalıdır. Siyasətdə zaman anlayışı çox önəmlidir. Biz bu məsələni qaldırmaqda yubanmışıq və heç olmasa, bundan sonra məsələni ciddi şəkildə həm Ermənistan, həm beynəlxalq birlik qarşısında qoymalıyıq.