“Ermənistan ərazisindən qovulmuş soydaşlarımızı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik” – Qüdrət Həsənquliyev
“Hörmətli sədr! Sizi, yay tətili zamanı həyata keçirdiyiniz çoxsaylı, bəzən uzun və yorucu, amma uğurlu səfərlərə görə təbrik edir, yeni uğurlu səfərlər arzulayıram!
Bu gün bizim üçün həm kədərli, həm də sevinc dolu gündür. Ona görə kədərlifit ki, yeni şəhidlərimiz var. Milli Məclisin altıncı çağırış tanınmış üzvləri, həmkarlarımız Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Bakı kəndlərinin tanınmış nümayəndəsi, ağsaqqal Hacı Madər Musayevdən sonra, sentyabrın 28-də hörmətli həmkarımız Qənirə Paşayeva vaxtsız dünyasını dəyişdi və xalqımızı dərindən kədərləndirdi. Allah bütün şəhidlərimizə, dünyasını dəyişmiş həmkarlarımıza rəhmət eləsin, məzarları nurla dolsun”.
Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili əlavə edib ki, bu gün həm də sevinc dolu günlər yaşayırıq: “Uca Tanrı xalqımızın dualarını eşitdi, prezident İlham Əliyevə komək oldu ki, onun Ali Baş Komandanlığı ilə Azərbaycan Silahlı Qüvvələri müttəfiqlərimizin də siyasi- mənəvi dəstəyi ilə 35 il işğal altında qalan torpaqlarımızı azad etdi, ilahi ədalət öz yerini tutdu. Allah xalqımızın qarğış və lənətlərini bizə çox acılar yaşatmış erməni separatçılarının üzərinə yönəltdi ki, onlar Azərbaycandan köçmək qərarına gəldilər. Çünki gözlərimizə baxmağa üzləri yoxdur. Azərbaycan bu günlərdə öz tarixinin ən şanlı səhifələrini yazır, xalqımız özünün ən qürurlu günlərini yaşayır. Qələbimizdə payı olan hər kəsə, partiyamız və seçicilərim adından dərin minnətdarlığımı bildirməklə yanaşı, onu da özümə borc bilirəm qeyd edim ki, biz, bu günkü Ermənistan ərazisindən acımasızcasına, işgəncələrə məruz qoyularaq, təhqir olunaraq qovulmuş soydaşlarımızı Qarabağı tərk etmiş, Azərbaycan vətəndaşlığını qəbul etməyən separatçıların yaşadığı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik. Həm də bunu bacardıqca tez etməliyik. Bir milyon azərbaycanlı qaçqını ermənilərin dağıtdığı şəhər və kəndlərimizi görməyən ermənipərəst dairələrə isə üzümü tutub deyirəm ki, bir gün bu ədalətsizliyinizə görə, bir gün sizlər də bu gün müdafiə etdiyiniz separatçılar kimi Allahın lənəti ilə üzləşib qəzəbinə gələcəksiniz”.