Türkiyə – Azərbaycan haqq yolundadır
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşü, səsləndirilən fikirlər, imzalanan sənədlər dövlətlər və xalqlar arasında qardaşlıq və birliyin əbədi, sarsılmaz olduğunun ifadəsidir. Səfər zamanı İğdır – Naxçıvan qaz kəmərinin təməlinin qoyulması, Kars -Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikintisi haqqında Əməkdaşlıq Sazişinin imzalanması, Naxçıvan Bərpa – istehsalat hərbi kompleksinin açılışı dünyaya bir daha göstərdi ki, Azərbaycan – Türkiyə strateji tərəfdaşdırlar və dövlətlərin, ölkə başçılarının dostluğu, həmrəyliyi hər iki ölkənin gələcək inkişafına böyük imkanlar yaradır, qüvvələri birləşdirir, birgə mübarizəyə yollar açır. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi dövlətlərin münasibətlərində tarixi rol oynamaqla, əməkdaşlığı yeni müstəviyə qaldırır və milli təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb etməklə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.Azərbaycan bu gün nəinki Türkiyə ilə münasibərlərin möhkəmlənməsinə, eləcə də dünya dövlətləri, Avropa ölkələri ilə əməkdaşlığa böyük önəm verir. Öz çıxışında Türkiyə Prezidenti bunu xatırladaraq bildirmişdir ki, İğdır – Naxçıvan qaz kəməri layihəsi Avropanın da enerji təhlükəsizliyinə töhfə verəcək. Uzunluğu 97,5 kilometr olan boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcəkdir. Gələcəkdə boru kəmərirnin ötürücülük qabiliyyətinin iki dəfədən çox artırılması mümkün olacaqdır ki, bu da region üçün çox əhəmiyyətlidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Kars – Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanmasını tarixi hadisə adlandıraraq bildirmişdir ki, bu layihə orta dəhlizin bir qolu kimi həm Azərbaycan, həm Türkiyə, həm də digər ölkələrə xidmət göstərəcək. Dövlətimizin rəhbərinin çıxışında anti – terror tədbirlərinə xüsusi önəm verməsi təsadüfi deyildir. Bildirildiyi kimi bu tədbir Azərbaycanın suverenliyinin tam təmin edilməsidir.
Cənab İlham Əliyev Türkiyə Prezidentinə müraciətlə qürurla qeyd etmişdir ki, bu hadisə baş verəndə siz Amerikada, Nyu – Yorkda idiniz. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali küsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu həm həqiqətdir, eyni zamanda beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. Türkiyə və Azərbaycan Respublikalarının prezidentlərinin bəyanatlarında səsləndirilən fikirlər, verilən mesajlar deməyə əsas verir və sübut edir ki, söylənilənlər, qarşıya qoyulan vəzifələr yalnız iki dövlətin xalqlarının mənafeyinə deyil, bəşəri ideyalara əsaslanır və dünya xalqlarının gələcəyi üçün əhəmiyyətlidir. Çünki qardaş dövlətlər separatizmdən, təcavüzdən, ədalətsizlikdən uzun illər əziyyət çəkmiş, nəhayət öz gücləri bahasına suverenliklərini təmin etmiş, müstəqilliklərini qorumuşlar. Türkiyə və Azərbaycan bu gün dünyada sülhün, əminamanlığın, əməkdaşlığın bərqərar edilməsi üçün bütün imkanlardan istifadə etməkdədi. Bu amal və əməl hər iki dövləti və rəhbərləri birləşdirir və xalqlarımızı xoşbəxt gələcəyə aparır.
Tahir Rzayev
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri