GündəmKÖŞƏManşetSiyasətXəbər xətti

Azərbaycan bütün gücləri onunla hesablaşmağa məcbur edən dövlətə çevrilib – Elməddin Behbud yazır

Azərbaycanın müasir tarixinin ən qiymətli, unudulmaz, misilsiz dövrünü yaşayırıq. Doğrudur, bir gözümüz şəhidlərimizə görə yaşlıdır. Şəhidlərimizin dəqiq sayını bilmirik, ürəyi nigarançılıqla çırpınan, intizarda olan, həmçinin, öz üzvünü itirən ailələrimiz çoxdur. Eyni zamanda bu gün başda şəhid ailələri olmaqla həm də qəhrəman xalqın, güclü dövlətin mənsubu olduğumuz üçün qürur duyuruq. Ali Baş Komandan İlham Əliyevin möcüzəvi və son dərəcə dəqiq hesablanmış siyasi və hərbi konsepsiyası əsasında Azərbaycan əsgəri 1923-cü ilin 7 iyulunda siyasi və hüquqi zəmin hazırlanmış problemin üzərinə qətiyyətlə gedərək 27 sentyabr 2020-ci ildən etibarən tarixin təkərini geriyə dönməyə məcbur etdi. 1994-cü ilin may ayından 2020-ci ilin sentyabrınadək işğalçı Ermənistanın qoşunları ilə təmas xəttimizin keçdiyi Cəbrayılın Mahmudlu kəndinin üzümlük ərazisinin bu gün Böyük İşıqlı dağı, Bala Göyçə gölü, Şurnuxu, Eyvazlı kəndləri ilə əvəzlənməsi yalnız coğrafi və mənəvi deyil, həm də dövlətçiliyimizin bərqərar edildiyi torpaqların sahəsinin genişlənməsindən doğan enerjinin dövlətimiz üçün yeni prioritetlər və missiyalar müəyyən etməsi baxımından da əlamətdardır.

Bu gün əhalisinin hər 7-8 nəfərindən biri məcburi köçkün, ərazisinin 20% işğalda olan, iqtisadi və siyasi xaosun hökm sürdüyü ölkədən postsovet məkanında dondurulmuş münaqişəni ərazi bütövlüyünün bərpasına nail olmaqla və qalib şəkildə həll edərək president yaratmış, regionda yeni siyasi şərait formalaşdıraraq bütün gücləri onunla hesablaşmağa məcbur edən dövlətə çevrilmişik. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməni özü icra edərək beynəlxalq hüququn tətbiqi nümunəsi ilə bizi kiçik və zəif görərək diktə mövqeyindən çıxış edən gücləri məyus edib.

Erməni mediası son günlər Azərbaycana qarşı vuruşaraq ölən şəxslərin xatirə abidəsi və foto lövhələrini hərbi xuntanın nümayəndələrinin sökdüyü barədə xəbər və şəkillər yayımlayır. Şübhəsiz ki, burada məsələ sadəcə işğalçıların Azərbaycan ərazisində qanunsuz quraşdırdığı foto və heykəllərdə deyil. Xəstə “miatsum” ideyası ilə ərazisində yaşadığı və qonşusu olduğu dövlətin vətəndaşlarına qarşı hər cür vəhşilik edənlər bu gün illərlə öyündükləri və həyata keçirilməsində iştirak edənləri əbədiləşdirməyə çalışdıqları əməllərin əslində utanc və məhvə məhkum olduğunu dərk etməyə məcbur edilib. Çünki Azərbaycan əsgəri yalnız torpağımızı işğalçılardan azad etməyib, əslində o 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində və 19 sentyabrdan ötən 4 gündə insanlığın düşməni olan erməniçiliyin gen yaddaşını qazıq-qazıq edib. İşin ən əhəmiyyətli tərəfi budur.
Əminəm ki, Xankəndidə Azərbaycan dövlət strukturları fəaliyyətini tamlıqla bərpa edəndən sonra orada şəhidlərimizin şərəfinə layiqli abidə ucaldılacaq. Bu abidə yalnız nankor haylara deyil, həm də onların himayəçilərinə də əbədi olaraq gözdağına çevriləcək. Xocalıda soyqırım qurbanlarının xatirəsinə ucaldılacaq abidə isə inanıram ki, rəsmi dövlət protokoluna daxil olunacaq və beynəlxalq ziyarətçilərin sıx-sıx getdiyi ünvanlardan birinə çevriləcək.

2023-cü ilin martın 1-də Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxsinin Xocalıda Qarabağın erməni sakinləri ilə ilk görüşündə onları Qarabağa köçürən imperiyanın generalının divardakı şəklinin altında oturan hərbi xuntanın nümayəndələrinin xəyalları ekzosferdən aşağı düşmürdü. Bu görüşdən yarım il 20 gün keçəndən sonra Azərbaycan Ordusu cəmi 23 saatda onları Marian çökəkliyinə qədər endirməyi bacardı. Bundan sonra əlbəttə ki, Qarabağda qalıb yaşayamaq istəyən ermənilər daha Kutuzovun deyil, “Difai” liderlərinin, Xosrov bəy Sultanovun və Nuru paşanın rəsmlərinin asıldığı divarların olduğu salon və zallarda oturmalı olacaqlar.

23 saatlıq antiterror əməliyyatı nəticəsində separatçı hərbi xuntanın diz çökməyə məcbur olması və Ordumuzun Ağdərəyə, Xocalıya, Xankəndinə daxil olması həm də son 3 ildə məqsədli və qərəzli şəkildə “Lələtəpədən nə olasıdır ki, Füzulini, Cəbrayılı almaq lazım idi; Cəbrayılı onsuz da boşaldacaqdılar. Bacarırlar Şuşanı alsınlar; Nə olsun Şuşa azad olunub; Əsas Xankəndi idi, onu da almadılar, işi yarımçıq saxladılar; Xankəndini alıblar deyəndə ki, onsuz da özləri çıxıb gedəcəkdi ordan; Gərək indiyədək Zəngəzur dəhlizini açardılar…” və s. kimi çürük və cəmiyyətdə dövlətimizə inamsızlıq aşılayan, ikinci Qarabağ müharibəsi nəticəsində qazanılan böyük zəfərin əhəmiyyətini tamamilə kiçildib dəyərsiz göstərməyə çalışan tezislərin ana müəlliflərinə tərs şillə oldu. 20 sentyabrda düşmənin təslim olmağa məcbur edilməsi yuxarıda sadalanan əzik tezisləri hazırlayan və qərəzli şəkildə tirajlayan daxili və xarici siyasi dairələrin Azərbaycan dövlətinin addım-addım, amma qətiyyətlə və nəhəng strateq məharəti ilə yürütdüyü siyasətin memarı olan İlham Əliyevin dövlət xadimi və qlobal siyasətçi miqyası ilə müqayisə olunmayacaq qədər sönük və cılız olduğunu bir daha sübut etdi.

Qarşıda Azərbaycanı növbəti, eyni zamanda ərazi və əhali resurslarımızın xeyli dərəcədə üzərində olan geosiyasi faktora çevirəcək tarixi mərhələnin yeni fazasının başlanması gözləyir. Ürəkdən inanıram ki, 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyannaməsi ilə əsası qoyulmuş bu mühüm mərhələnin icrasını da dövlətimiz uğurla başa vuracaq.
Çoxvektorlu və çevik xarici siyasət kursumuz sərt gücümüzlə sinxron şəkildə fəaliyyət göstərərək qarşıdakı dövrdə Azərbaycanı geosiyasi güc mərkəzləri – Çindən Avropaya və beləliklə, həm də qərb yarımkürəsinə uzanan yolun yerləşdiyi Türküstan, Cənubi Qafqaz və Anadolu arasında etibarlı və effektiv körpüyə çevirmək hədəfinə çatmalıdır. Ermənistan, İran və Fransa triosunun işə düşməsinə mane olduğu Zəngəzur dəhlizinin açılması Azərbaycanın iqtisadi, siyasi, nəqliyyat potensialının son dərəcə yüksəlməsi ilə yanaşı dövlətimizin avanqard rol oynadığı Türk Dövlətləri Birliyinin qlobal gücə çevrilmə ambisiyasının gerçəkləşməsi istiqamətində də mühüm irəliləyişə səbəb olacaq.

Bundan sonra qələbəmizin əhəmiyyətini dərk edərək və onu bütün istiqamətlər üzrə dəyərləndirərək ötən iki yüz ildə insan və iqtisadi resurslarımıza son dərəcə ağır zərərlər vurmuş ermənilərin bir daha əvvəlki imkanlara sahib olmasına yol verməməliyik. Beynəlxalq geosiyasi və humanitar faktorlar bizi ermənilərlə barışmağa məcbur etsə də, düşməni heç bir vaxt bağışlamamalı və onun mahiyyətini unutmamalıyıq. Unutsaq acı keçmişi bir daha yaşamalı olacağıq. Dövlətimizin güclü olması bizi arxayın salmamalıdır, bundan sonra cəmiyyət və individual olaraq hər bir azərbaycanlının üzərinə mühüm yük, məsuliyyət düşür. Çünki yerləşdiyimiz coğrafi region Azərbaycan dövlətinin heç zaman lokal və beynəlxalq təhdidlərdən uzaq qalmasına imkan verməyəcək. Bu təhdidlərin zərərsizləşdirilməsi və dayanıqlı sülhün bərqərar olması üçün hərbi və iqtisadi gücümüzün daim artırılması ilə yanaşı ideoloji sahədə boşluqları da birmənalı olaraq aradan qaldırmalı və vətəndaşlarımızın, eləcə də yeni nəslin maarifləndirilməsinə xüsusi önəm verməliyik.

Ali Baş Komandandan sentyabrın 20-də televiziya ilə xalqa müraciətində 100 illik münaqişəyə tarixi sonluq xarakterli söylədiyi bu qətiyyətli fikirlər də düşmənə bir daha aman verilməyəcəyinin ifadəsi idi: “Heç vaxt, heç vaxt unutmasınlar ki, Dəmir Yumruq yerindədir. Yerində olacaq. Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz. Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!”.

İnanıram ki, yaxın-uzaq hər bir dövlət Cənabın bu çıxışından öz payını götürdü.

Allah ruhlarına əbədi olaraq borclu qalacağımız şəhidlərimizə rəhmət eləsin.
Qazilərimizə şəfa versin.

Allah millətimizi və dövlətimizi qorusun.

WhatsApp Image 2023-09-24 at 12.10.49.jpeg (80 KB)

Elməddin Behbud, jurnalist, DANİB sədri.