İcbari tibbi sığorta ilə bağlı ictimai müzakirələr keçirilib FOTOLAR
Tərtər, Bərdə və Füzuli rayonlarında icbari tibbi sığorta ilə bağlı ictimai müzakirələr təşkil olunub. Tədbiri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Optimist” Sosial Problemlərin Həllinə Yardım ictimai birliyi həyata keçirib.“Müharibənin mənfi təsirindən əziyyət çəkən regionlarda icbari sığorta haqqında yerli əhalinin maarifləndirilməsi“ adlı tədbirdə dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri, xəstəxanalarda icbari sığorta işini təşkil edən əməkdaşlar, müharibə iştirakçıları, müxtəlif dərəcədə əlilliyi olan vətəndaşlar və media nümayəndələri iştirak ediblər.
“Optimist Sosial Problemlərin Həllinə Yardım” ictimai birliyinin sədri, layihə rəhbəri Habil Niftalı qeyd edib ki, bu tip tədbirlərin keçirilməsində məqsəd həmçinin müharibənin mənfi təsirindən əziyyət çəkən regionlarda icbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi, onların icbari tibbi sığortaya əlçatanlığının təmin olunmasına yardımçı olmaq, sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası barədə məlumatlandırmaqdır. Layihə rəhbəri qeyd edib ki, icbari tibbi sığortanın tətbiqi məqsədilə görülən işlər, vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılması səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edəcək. İcbari Tibbi Sığorta Agentliyinin əməkdaşı Sevil Əliyeva tədbirlərdə icbari tibbi sığorta, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, göndərişlərin verilməsi, tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası, icbari sığortaya dair qanunvericlik bazası barədə geniş məlumat verib. Tədbirdə iştirak edənlər layihənin əhəmiyyətli olduğunu və əhalinin bu barədə məlumatlanmasını yüksək qiymətləndiriblər.