İsmayıllıda narkomaniya ilə bağlı tədbir keçirilib – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi “Narkomaniya: insanın mənəviyyatını məhv edən bəla” layihəsi çərçivəsində İsmayıllı Uşaq Kitabxanasının akt zalında yerli sakinlər, tələbə və gənclərlə görüş keçirilib.
Görüşdə əsas məruzəçilər qismində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, İsmayıllı rayonu Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat vəkili Fariz Həsənov, rayonun həkim-psixiator və narkoloqu Mahir Rzayev, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Sürəyya Məmmədova, layihənin eksperti Telman Məmmədov çıxış ediblər.
60-dan çox şəxsin, gəncin, tələbənin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov təmsil etdiyi qurumun layihə çərçivəsində gördüyü işlərdən danışıb, narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb. O, görüşdə səslənəcək fikirlərin, irəli sürüləcək təkliflərin, təhlillərin narkomaniya ilə bağlı problemlərin qarşısının alınması baxımından faydalı olacağına əminliyini bildirib.Tədbirin ərsəyə gəlməsində əməyi olanlara, təşkilatçılara, İsmayıllı İcra Hakimiyyətinə və İsmayıllı Uşaq Kitabxanasının rəhbərliyinə təşəkkürünü bildirib.
Sonra çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov qonaqları və tələbələri salamlayaraq dövlətin gənclər və idman siyasətinə, ailə institutuna göstərdiyi diqqətdən danışıb. Ölkəmizdə nümunəvi gənclərlə yanaşı, pis vərdişləri ilə həm özü, həm də cəmiyyət üçün təhlükə mənbəyi olan narkotik aludəçilərinin də olduğunu təəssüflə deyən qonaq narkomaniyanı əsrin faciəsi kimi qiymətləndirib, bu qlobal bəla ilə mübarizədə bütün cəmiyyətin səfərbər olmasının vacibliyini vurğulayıb, xalqın gələcəyinin sağlam, etibarlı gənclikdən asılı olduğunu diqqətə çatdırıb. Bildirib ki, gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur. Yaşadığımız dövrün ən aktual, ağrılı problemi olan narkomaniya və onun fəsadlarına qarşı mübarizə ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında maarifləndirmə və təbliğat işlərinin aparılmasını vacib sayan Nəsimi Teymurov İsmayıllıda da bu yöndə işlərin getdiyini xatırladıb.Əlavə edib ki, problemin aradan qaldırılmasında vətəndaşlıq təşəbbüsü göstərmək lazımdır.Qonaq təklif və iradlrını da səsləndirib.Bildirib ki, İsmayıllı 90-cı illərin rayonu deyil.Statistika ciddi şəkildə müsbətə dəyişib, narkomaniya ilə əsaslı şəkildə mübarizə aparılır, mühüm layihələr icra olunur, preventiv, qabaqlayıcı addımlar atılır.Məruzəçi təklif edib ki, bu yöndə samballı filmin çəkilməsinə ehtiyac var.O, həmçinin narkotik asılılıqdan əziyyət çəkən şəxslərin bu bəladan xilas olması üçün dövlət Reabilitasiya Mərkəzlərinin sayının artırılmasını vacib sayıb.
Son statistikaya əsasən, İsmayıllıda 260 nəfər narkomanın qeydə alındığını dilə gətirən həkim Mahir Rzayev təəssüflə diqqətə çatdırıb ki, son 8 ayda daha 31 nəfər bu bəlaya düçar olub. Narkoloq da regionlarda, bölgələrdə dövlət Reabilitasiya Mərkəzlərinin sayının artırılmasını vacib sayıb. Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat vəkili Fariz Həsənov isə təmsil etdiyi İsmayıllı rayonundakı son durumu diqqətə çatdırıb və əlavə edib ki, ağ ölümlə mübarizədə cəmiyyət birgə mübarizə aparmalıdı, nöqsanlar vaxtında deyilməlidir, yeni başlamış narkotik istifadəçilərin kimliyi, ünvanı anonim şəkildə məruzə olunmalıdır.Mövzu ətrafında suallar, müzakirələr və geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihənin icra müddəti 3 aydır.