Deputat: “ “1XBET”, “Mosbet” kimi qanunsuz qumar oyunlarında milyonlarla vəsait xaricə çıxarılır”
“ “1XBET”, “Mosbet” kimi qanunsuz qumar oyunları ilə insanların 90-95 faizi aldadılır. Bu cür oyunlar səbəbindən ölkəmizdən milyonlarla vəsait xaricə çıxarılır. Yəni, bu oyunların həm dövlətə, həm də cəmiyyətə böyük ziyanı var”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Deputat təəssüflə bildirib ki, hazırda sosial şəbəkələrdə şans oyunlarının kifayət qədər güclü təbliği aparılmaqdadır:
“Deməli, “Youtube”da kinoya baxmaq istəyirsən, üç-dörd dəfə “1Xbet” şirkətinin reklamı qarşına çıxır. “Mərc edin və udacaqsınız” deyə təbliğat aparılır. Diqqət etdikdə, açıq şəkildə görürük ki, bu oyunların sosial şəbəkələrdə təbliğatı-təşviqatı kifayət qədər yüksək şəkildə gedir. Bu, nə deməkdir? Bu, o deməkdir ki, artıq internetdə belə şirkətlər kifayət qədər güc alıb və insanların sadəlövhlüyündən istifadə edərək milyonlar qazanırlar”.
Rüfət Quliyev deyib ki, vətəndaşlarımızın bu cür qanunsuz qumar oyunlarına inanması təəssüf doğurur:
“Təəssüf ki, vətəndaşlarımız buna inanır və pullarını bu cür oyunlara qoyurlar. Nəticədə isə böyük maddi ziyana uğrayırlar. Halbuki, Azərbaycanda qanuni mərc oyunları təşkil edən iki qurum var. Həmin şirkətlər dövlət tərəfindən qeydiyyatdan keçib və onlar vergi ödəyirlər, məsuliyyət daşıyırlar. Yəni, onların kökü Azərbaycandadır. Bunlarla istənilən formada hüquqi müstəvidə münasibətlər qurmaq olar. Bu normal bir şeydir və bütün ölkələrdə də var. Yəni, buna adekvat baxmaq lazımdır. Amma sosial şəbəkələrdə qanunsuz qumar oyunlarının reklamı gedir və həmin oyunların qarşısı alınmalıdır. Bunların kökü başqa ölkədədir, hətta Azərbaycandan 10 min kilometrlərlə uzaqdadır. İndi bunların nə yiyəsi tanınır, nə də burada şəffaflıq təmin olunur.
Təklif edirəm ki, sorğu aparılsın, örün ki, 100 faizdən 99 faizi bu cür oyunlarda uduzur. Mən bu məsələlərlə çox ciddi maraqlanıram. Bu yaxınlarda bununla bağlı Milli Məclisin sessiyasında da ola bilsin ki, çıxışım olsun. Bunun qarşısını dövlət almalıdır. İnsanlar da buna qoşulmamalıdır. İnsanlar anlamalıdır ki, bu tam yalançı, hiyləgər oyunlardır. Bunlar Azərbaycan dövləti tərəfindən tanınmayan qurumlardır. Əgər kimsə mərc oyunları oynamaq istəyirsə, o zaman gedib “Azərlotereya”, “Topaz”, “Misli” də bəxtinizi sınayın”.