Azərbaycan hər zaman sülhün təmin edilməsini dəstəkləyir
Brüsseldə 14 may tarixində keçirilən görüşdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması nöqteyi-nəzərindən vacib nəticələr əldə edildi, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, sosial fəlsəfə üzrə fəlsəfə doktoru Azər Allahverənov bildirib.
“Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin moderatorluğu ilə keçirilən Brüssel görüşünü çox yüksək dəyərləndirirəm, çünki bundan əvvəl keçirilən görüşlərdə bir sıra problemlər yaranmağa başlamışdı. 2022-ci ildə keçirilən Praqa görüşü zamanı orada çox vacib bəyanatlar səsləndirilmişdi və Azərbaycan tərəfinin sülh gündəliyinin əsas prinsiplərinə dair çox mühüm mesajları var idi. Lakin növbəti görüşün keçirilməsi barədə müzakirələr gedən zaman Ermənistan tərəfi birmənalı şəkildə həmin görüşdə Fransanın iştirak etməsini tələb olaraq irəli sürdü. Azəbaycan tərəfi bunu qəbul etmədi və nəticədə Brüssel formatı özü bütövlükdə sual altına düşdü. Avropa İttifaqının digər rəsmilərinin müxtəlif tədbirlər çərçivəsində zaman-zaman Azərbaycan siyasi hakimiyyəti, ali rəhbərliyi ilə müəyyən əlaqələrinin olmasına baxmayaraq, Brüssel formatı ilə bağlı fikir irəli sürülmürdü. Nəhayət 14 may 2023-cü il tarixində Brüssel formatı yenidən bərpa olundu və burada Avropa İttifaqı, Azərbaycan və Ermənistan təmsil olundu. Avropa İttifaqı burada moderatorluq funksiyasını yerinə yetirirdi. Bu görüş Azərbaycan üçün ona görə vacib idi ki, sülhə apara biləcək istənilən addım Azərbaycan üçün vacib addımdır”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, bu baxımdan istər Vaşinqton, istər Brüssel, istər Moskva və Praqa formatı olsun, bu görüşlərdə Azərbaycanın ən yüksək səviyyədə təmsil olunması bilavasitə ondan xəbər verir ki, Azərbaycan tərəfi hər zaman sülhün təmin edilməsini dəstəkləyir.
“Xüsusilə Azərbaycanın irəli sürdüyü beş prinsip faktiki olaraq beynəlxalq hüquqa uyğun olan prinsiplərdir. Bunlar bir tərəfin digər tərəfə ərazi iddiasının olmaması, ölkə ərazi bütövlüyünün, suverenliyinin tanınması, demarkasiya və delimitasiya sərhədləri, silahlı münaqişələrdən yayınmaq və digər məsələlər isə qeyri-rəsmi digər hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması, humanitar layihələr, mina ilə bağlı məsələrədir. Yəni, istənilən halda Azərbaycan irəli sürdüyü baza prinsiplərinə söykənərək onların təmin olunması ilə bağlı müəyyən zəruri addımlar atır. Şarl Mişel öz çıxışında qeyd etdi ki, tərəflər hər biri ərazi bütövlüyünü tanıması ilə bağlı 1991-ci ilin Almatı deklorasiyasında öz əksini tapmış prinsiplərin tərəfdarı olduğunu bildirirlər və konkret olaraq sərhədlərin ümumi sahəsi də göstərildi”, – deyə A.Allahverənov vurğulayıb.
O hesab edir ki, Ş.Mişelin Azərbaycan üçün səsləndirdiyi 86,6 min km² Ermənistan tərəfi üçün hər hansı manipulyasiyalara yol verməyən rəqəmdir.
“İndiyə qədər Ermənistanın müxtəlif tədbirlərdə Azərbaycan ərazi bütövlüyünü tanıdığını bildirməsinə baxmayaraq Qarabağla bağlı sual olduqda bundan yayınırdı. Amma bu gün bir daha Almatı deklorasiyasının səsləndirilməsi o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin olunması istiqamətində tərəflər ümumi məxrəcə gəliblər. Amma təbii ki, burda hər tərəfli sülh sazişinin bağlanmağı üçün zəruri hazırlıq işləri görülməlidir”, – deyə o qeyd edib.
A.Allahverənovun sözlərinə görə, Brüsseldə keçirilən görüşdə əldə olunan vacib nəticələrdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər idi ki və burada tərəflərin özünə aid olan hissədə zəruri hazırlıq işlərinin yerinə yetirilməsi, dəmir yolunun inşası, infrastrukturun qurulması və digər məsələlər, hətta beynəlxalq gömrük təşkilatının bu prosesə qoşulması, yəni müəyyən gömrük prosedurlarının tam şəkildə yerinə yetirilməsi və təmin edilməsi ilə bağlı işlərin həyata keçirilməsi nəzərdə tutulur.
“İstənilən halda bu iki element çox vacib elementlərdir. Təbii ki, bu elementlərdən biri həm də müharibədən sonra yolu azaraq əsir düşmüş hərbçilərimizin geri qaytarılması ilə bağlı idi. Çünki hərbçilərimizə keçirilən məhkəmə nəticəsində 11 il müddətində azadlıqdan məhrum etməyə dair məhkəmə qətnaməsi qəbul edilib. Görüş zamanı gələcəkdə minaların təmizlənmə məsələsi, mina xəritələrinin verilməsi, birinci Qarabağ müharibəsi dönəmində itkin düşmüş dörd min Azərbaycan Respublikası vətəndaşının taleyi ilə bağlı faktların araşdırılması və digər zəruri işlərin yerinə yetirilməsindən danışıldı. Bu kimi müsbət nəticələr göstərir ki, sülh sazişinin bağlanmasına doğru artıq bir neçə mühüm addım atılıb”, – deyə A.Allahverənov bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistanın havadarları bunu həzm edə bilmir və bu dövlətlər müxtəlif yollarla sərhəddə təxribatların törədilməsinə nail olub.
“Brüssel görüşündən sonra Kəlbəcər istiqamətində baş vermiş təxribatlar da məhz Ermənistanın havadarlarının bu görüşdə Azərbaycanın üstünlüyünü qəbul edə bilməməsi səbəbindən törədilib. Onlar hər vəchlə Ermənistanı təxribatlar törətməyə təşviq edir. Bəlli məsələdir ki, sülh sazişi bağlanana qədər Ermənistan bu kimi siyasi manevrlərindən əl çəkməyəcək. Azərbaycan Silahlı Qüvvələri bu təxribatların qarşını hər zaman alır və Ermənistan da bunu çox gözəl başa düşür. Sadəcə olaraq, burada əsas məqsəd Azərbaycanı daim gərgin vəziyyətdə saxlamaq, müxtəlif təxribatlar törətməklə beynəlxalq ictimaiyyəti sülh gündəliyindən uzaqlaşdırmaq, beynəlxalq ictimaiyyətin diqqətini tamamilə başqa səmtlərə yönəltməkdir”, – deyə o vurğulayıb.
Qeyd edək ki, mayın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə üçtərəfli görüşü keçirilib.