Paşinyan təsir altındadır – Deputat
Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş ciddi maraq doğururdu və bu görüş münasibətlərin normallaşdırılması üçün yeni imkanlar yarada bilər.Azərbaycan Prezidenti Brüsselə səfər zamanı bir daha Şarl Mişelin ziddiyətlərin aradan qaldırılması və sülh sazişinin imzalanması üçün göstərdiyi səyləri yüksək qiymətləndirmiş və keçirilən görüşün də səmərəli olacağına inamını ifadə etmişdir. Azərbaycan sülh tərəfdaşıdır və bu sahədə həyata keçirilən və göstərilən hər bir təşəbbüsə hörmətlə yanaşır. ABŞ Dövlət Departamentinin səyləri də, istər dövlət rəhbərləri, istərsə də xarici işlər nazirlərinin səviyyəsində keçirilən görüşlər, Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə, sərhədlərimizin toxunulmazlığına yönəldilən hər bir çağırış, görüş dövlətimiz tərəfindən qəbulediləndir və heç bir etiraz doğurmur. Ermənistan tərəfindən bu görüşlər, danışıqlar dəstəklənsə də, vədlər verilsə də, təəssüflər olsun ki, sonradan o əməli fəaliyyətdə özünü göstərmir, əksinə görüşlərdən əvvəl və sonra Azərbaycanın dövlət sərhədlərində yeni təxribatlar törədilir, insanlar qətlə yetirilir və bununla da Ermənistan ya görüşlərin keçirilməsinə maneçilik yaradır, digər tərəfdən onun nəticələrini heçə endirir. Görüşdən sonra Şarl Mişelin bəyanatında səsləndirilən fikirlər nikbinlik yaratsa da, dövlətlərin sülhə yaxınlaşmasına ümidləri artsa da, ancaq Azərbaycan cəmiyyəti yenə də Ermənistan rəhbərlərinin səmimiyyətinə inanmır. Çünki Nikol Paşinyan öz ağlı ilə deyil, başqa ölkələrin rəhbərlərinin fikirləri, diktəsi ilə hərəkət edir. Münasibətlərin normallaşdırılmasına digər ölkələri cəlb etməklə vaxt qazanmaq, daha münasib himayədarlar tapmaq fikrindədir. O Rusiyadan əlavə Amerikanı, Almaniyanı, Fransanı bu prosesdə iştirakçı görmək arzusundadır. Sözsüz bu dövlətlərin hər birinin Cənubi Qafqazda öz marağı var və əlbəttə ki, onları Ermənistanın taleyi o qədər də ciddi maraqlandırmır. Belə olan halda bu dövlətlərin verdikləri təkliflər, etdikləri diktələr heç də üst – üstə düşmür və bu da Ermənistanın baş nazirini çaşbaş qoyur. Elə bilirəm bu dəfə də belə olacaq. Reallıqlar belə bir qənaətə gəlməyə əsas yaradır ki, Nikol Paşinyan nə qədər özündə qətiyyət tapıb sülh danışıqlarına sərbəst getməyəcəksə, sülh müqaviləsinin imzalanması da o qədər uzanacaqdır. Ermənistanın baş naziri münasibətlərin normallaşdırılması, qəbul edilən bəyanatların, görüşlərdə qarşıya qoyulan vəzifələrin, öhdəliklərin yerinə yetirilməsi, xalqının gələcək taleyi üçün qəti qərara gəlməlidir. Əks təqdirdə Ermənistanda iqtisadi və siyasi böhran daha da dərinləşəcək və bu özünün daha ağır nəticələrini göstərəcəkdir.
Tahir Rzayev
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri