Məişət zorakılığı və genderlə bağlı layihə başa çatıb
“Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə məişət zorakılığının profilaktikası və gender bərabərliyinin təmin olunması üçün “Məişət zorakılığı və gender: ortaq problemlərimiz” adlı layihənin icrasını uğurla başa çatdırıb.
Təşkilatdan verilən məlumata görə, layihədə qadınlara qarşı müxtəlif formalarda baş verən ayrı-seçkilik, məişət zorakılığı zəminində onlara qarşı fiziki, psixoloji və cinsi zorakılıq halları, erkən nikaha məcbur etmə, təhsil almaq imkanlarından məhrum etmə və görünən və görünməyən təzyiq formalarından bəhs olunub.Məlumdur ki, müasir dövrdə qadınlara qarşı zorakılıq nə sosial, nə iqtisadi, nə də milli sərhəd tanıyan struktur xarakterli qlobal fenomendir. O, insan hüquqlarının ciddi pozuntusudur və əksər hallarda ya latent baş verir, ya da məlum olsa belə cəmiyyətin laqeydliyi sayəsində cəzasız qalır.Təəssüf ki, Azərbaycanda da bu problemə rast gəlinir.Açıqlanan statistikalar bu istiqamətdə müəyyən işlərin görülməsini tələb edir.
Təşkilatdan diqqətə çatdırılıb ki, Fəaliyyət Planına əsasən, layihə çərçivəsində Bakıda fəaliyyət göstərən təhsil ocaqlarında gənclər və tələbələrlə görüş keçirilib.Həmçinin layihənin icrasında iştirak edən tərəfdaş qurum kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə müzakirələr aparılıb, qurumun məsul şəxslərinin təklifləri nəzərə alınıb. Bundan başqa, problemin qarşısının alınması üçün internet televiziyasında ekspert və mütəxəssislərin iştirakı ilə ictimai müzakirələr keçirilib.
Qeyd edək k, layihənin icra müddəti 3 ay idi.