Odlar Yurdu Universitetində məişət zorakılığı ilə bağlı tədbir keçirilib – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyinin icra etdiyi “Məişət zorakılığı və gender: ortaq problemlərimiz” layihəsi çərçivəsində Odlar Yurdu Universitetinin konfrans zalında tələbə və gənclərlə görüş keçirilib.
Tədbirdə Odlar Yurdu Universitetinin Keyfiyyət təminatı, innovasiyalar və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Fəxrəddin Məmmədov, “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyinin sədri, layihənin eksperti Reyhanə Hacıyeva, telejurnalist Telman İsa və digər qonaqlar iştirak ediblər.
50-dən çox gəncin, tələbənin qatıldığı tədbirdə giriş sözü ilə çıxış edən Fəxrəddin Məmmədov qonaqları və tələbələri salamlayaraq dövlətin gənclər və idman siyasətinə, həmçinin ailə institutuna göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. O, əlavə edib ki, eyni yanaşma təmsil etdiyi universitet tərəfindən də həyata keçirilir, humanitar fənnlərin tədrisi zamanı, habelə tələbələrlə fərdi görüşlərdə ailə dəyərlərinin vacibliyi diqqətə çatdırılır. qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizə qadın və uşaqların hüquqlarının təmin edilməsini prioritet sayan dövlətlərin bu gün həll etməyə çalışdığı əsas problemlərdən biridir. Onun sözlərinə görə, son zamanlar cəmiyyətin normal inkişafına mane olan fenomenal bir məsələ ‐ məişət zorakılığı haqqında tez‐tez eşitməyə başlamışıq. Ailədə zorakılıq, olduqca geniş mövzudur, bu, həm kişinin qadına, uşaqlara qarşı zorakılıq etməsidir, eyni zamanda qadının kişiyə və uşaqlara qarşı zorakılığı, həmçinin ailədəki qocalara təzyiq də ailəiçi zorakılıq adlanır. Qadınlara və uşaqlara qarşı zorakılıq dünya miqyaslı bir bəladır. O nə coğrafi sərhədlər, nə də yaş hədləri tanıyır və heç bir etnik və ya dini qrup bu bəladan sığortalanmamışdır. Qadınlara və uşaqlara qarşı zorakılıq insanlığın ən utancverici insan haqları pozuntusu halıdır. Qadınlara qarşı zorakılıq cəmiyyətdə qadınlara və kişilərə fərqli yanaşmadan irəli gəlir.
Daha sonra çıxış edən qonaqlar qadınlara qarşı zorakılığın qarşısının alınmasının müasir dövrün mühüm məsələlərindən biri sayıblar.Bildirilib ki, bu gün ölkəmizdə qadın hüquqlarının təminatını bir sıra yerli və beynəlxalq qanunvericilik təmin edir. 1995‐ci ildə Azərbaycan BMT‐nin “Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında” Konvensiyasına qoşuldu. Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir.
Natiqlər daha sonra bildiriblər ki, 10 oktyabr 2006‐cı il tarixində Azərbaycan Respublikasının “Gender bərabərliyinin təminatları haqqında” Qanunu qəbul edildi. Qanunun mühüm cəhəti həm keçmişdə, həm də indi qadınların insan hüquqlarından və fundamental azadlıqlarından istifadə etmələrinə mane olan onlara qarşı müəyyən kök salmış ayrı-seçkiliyin təzahürlərinin tanıdılıb ortaya qoyulmasıdır. Bu qanuna görə hüquqi, təşkilati və digər mexanizmlər vasitəsilə dövlət kişi və qadınların idarəçilikdə və qərar qəbuletmədə bərabər təmsilçiliyə, bərabər imkanların yaradılmasına, gender bərabərliyinin təmin edilməsinə və ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına təminat verir. Eyni zamanda cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.Müstəqil Azərbaycanda milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək hər cür ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərir, gender məsələləri ilə bağlı dövlət siyasəti isə qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib.
Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.
Qeyd edək ki, 3 ay ərzində icrası nəzərdə tutulmuş layihənin tədbirlər hissəsi başa çatıb.