Ermənistanın “Demokratiya sammiti” fiaskosu
Ağ Evin “Demokratiya sammiti”nin bəyannaməsini Ermənistan xüsusi qeydlə imzalayaıb. Baş nazir Nikol Paşinyan bəyannamədə Rusiya-Ukrayna müharibəsinin doğurduğu humanitar fəlakətlə bağlı məqamın, Rusiya qoşunlarının Ukraynadan çıxarılması ilə bağlı tələbin yer aldığı bəndi dəstəkləməyib və bunu sənədin heç də bütün böhran və münaqişələri əhatə etməməsi ilə əlaqələndirib. Bəhanə olaraq, guya Azərbaycanın “Ermənistan ərazisinə müdaxilə etdiyini” vurğulamağı da unutmayıb. Azərbaycan Ermənistanın və erməniliyin vazkeçilməz, əvəzolunmaz bəhanəsidir. Ermənilər məkana, zamana, ölçü və diametrə məhəl qoymadan burunlarını hər yerə pərçimləyib, sonradan məlum səbəblərdən çıxara bilməyəndə də günahı Azərbaycanda və azərbaycanlılarda görürlər.
Ağ Evin “Demokratiya sammiti” adlı PR toplantısının gündəliyi isə öncədən bəlliydi və bu toplantının yekun sənədində Rusiyanın əleyhinə müddəanın da yer alacağını, ağlı başında olan hər kəs bilirdi. Əks təqdirdə bu toplantıya heç ehtiyac da qalmayacaqdı.
İrəvan isə, ənənəsinə uyğun olaraq, eyni anda həm ABŞ-ın, həm də Rusiyanın yanında olduğunu görüntüləmək istədi və nəticə etibarilə heç birinin yanında ola bilmədi, qaldı ortalıqda. Öz müstəqil və israrla müdafiə etdiyi mövqeyi də yoxdur ki, ona istinad edə bilsin. Nəticədə isə sammitin bəyannaməsinin əsas, təməl müddəasını dəstəkləməyə cəsarət edə bilmədi.
Nəzərə alsaq ki, bəyannamənin sözügedən müddəasız heç bir əhəmiyyəti yoxdur, o zaman Ermənistanın “Demokratiya sammiti”ndə iştirakının həm Vaşinqton, həm də elə İrəvanın özü üçün heç bir işə yaramadığını deyə bilərik.
Bəyannamədə Ermənistanın uydurma iddialarına əsasən, ölkəmizin əleyhinə hansısa mülahizənin yer almaması isə sübuta yetirir ki, Azərbaycan özünün olmadığı yerdə belə Ermənistandan dəfələrlə güclü və nüfuzludur. Haqq məsələsinə gəldikdə isə, bunu xüsusi olaraq vurğulamağa ehtiyac duymadım. Biz hər zaman haqlıyıq.
Bu arada bir məqamı da qeyd etməyi vacib sayıram: Ermənistan baş nazirinin sammitin bəyannaməsinə əlavəsi, dolayısıyla həm də Vaşintqonun ikili standartlarda günahlandırılması anlamına gəlir.
Digər tərəfdən, Ermənistanın konkret faktla bağlı məsələyə etirazının özü belə, ən yaxşı halda ikrah doğurur. Prinsip etibarilə Paşinyanın qoşulmadığı müddəada söhbət Ukrayna əraizində gedən müharibənin yaratdığı humanitar fəlakətdən və Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması tələbindən gedir. Ukrayna ərazisində gedən döyüşlər bu ölkə və bütövlükdə region üçün humanitar fəlakət yaradıbmı? Yaradıb! Rusiya qoşunları başqa bir ölkənin ərazisinə müdaxilə etdiyi üçün oradan çıxarılmalıdırmı? Çıxarılmalıdır! Bunu BMT Nizamnaməsi tələb edir!
Amma Ermənistan uzun illər boyu işğalçılıq siyasəti yürütdüyü və ərazi bütövlüyü kimi mühüm amili nəzərə almadığı üçün səsini belə çıxara bilmir. Nəyə etiraz edəcək? Ermənistan qoşunları 30 ilə yaxın Azərbaycan ərazilərində idilər, elə indi də Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazilərimizdə tör-töküntüləri qalıb və çox güman ki, yaxın zaman kəsiyində cəhənnəm olub Ertmənistana qayıdacaqlar, ya da gedəcəklər. Ermənistana yox, cəhənnəmə…
Beləliklə, Ermənistan mediasının böyük ajiotajla təqdim etdiyi “Demokratiya sammiti” “uruna”sı da son nəticədə onların yaralı burunlarına məlhəm olmadı…
Elçin Mirzəbəyli