Səfirdən futbolçularımıza sərt sözlər: “Onlardan əlimi üzmüşəm”
“Deməli, milli komandamız dünən də 5-0 uduzdu. Qürrələnməli məsələ deyil. Amma gərək olanı yazasan. Azərbaycan millisindən düz 18 il bundan əvvəl, 2005-ci il martın 26-da Varşavada keçirilən Polşa-Azərbaycan matçından sonra əlimi üzmüşəm. Həmin oyunda 8-0 hesabı ilə məğlub olduq”.
Bunu Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev sosial şəbəkədə yazıb.
“VİP lojada Polşanın müdafiə naziri V.Şmaydanovski ilə yanaşı oturmuşduq (2010-cu ildə prezident L.Kaçinski ilə birlikdə təyyarə qəzasında həlak oldu). Qapımıza ikinci qol vurulandan sonra çiynimə toxunub:
– Bu futboldur, – dedi. – Hər dəqiqə hər şey dəyişə bilər.
Dördüncü qol vurulanda isə:
– Futbol boş şeydir, – deyə ürək-dirək verdi. Əsas odur ki, sevgidə və müharibədə uduzmayasan.
Sonrakı qollar vurulanda daha heç nə demədi. Deyəsən o da oyuna görə xəcalət çəkirdi.
Komandanı Varşavaya gətirən çarter reyslə mən də bir neçə günlüyə Bakıya qayıtdım. Təyyarədə futbolçuları müşahidə etmək çox maraqlı idi. Elə bil 8-0 uduzan onlar deyildi. Həvəslə yeyib-içirdilər. Uduzduqları oyundan başqa hər şeydən – dolların kursundan, polyak qızlarından, nə almaqlarından danışırdılar.
Yanaşı oturduğumuz məşqçi Novruz Diniyev isə guya özünə haqq qazandırırmış kimi:
– Uduzacağımızı bilirdim. Amma day belə hesabla yox…- dedi.
Uduzmaq əhval-ruhiyyəsi ilə gələn komanda təbii ki, qələbə qazana bilməz. Niyə uduzduğunu özünə dərd eləmirsənsə, səbəblərini axtarmırsansa, növbəti oyunlarda da məğlubiyyətə məhkumsan…
Futbol həm də vətənpərvərlik, milli təəssübkeşlik tələb edir…” – deyə səfir yazıb.