Qaçaq rektor məhkəməyə gəlmədi
Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Martın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iştirak etməsi üçün Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevaya daha bir çağırış göndərilmişdi.
Bundan əvvəlki prosesdə isə məhkəmə Nurlana Əliyevanın məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar qəbul edib. Bununla da Nurlana Əliyeva ikinci dəfədir ki, məhkəməyə gəlməyib. Nurlana Əliyevanın məhkəməyə hörmətsizliyi qeyd olunmaqla onun prosesdə iştirakının təmin edilməsi üçün müvafiq qərar qəbul olunub. Nurlana Əliyeva məcburi gətirilmə ilə bağlı vəsatət müzakirə olunan vaxt ölkədən gedib. Hakim Əli Məmmədov deyib ki, aidiyyatı orqanlar vasitəsi ilə Nurlana Əliyevanın ölkə sərhədlərinə daxil olmadığı barədə məlumat alıb. Onun hazırda Türkiyənin Ankara şəhərində olduğu bildirilir. Məhkəmə Nurlana Əliyeva barəsində yanvarın 18-də keçirilən iclasda qəbul olunan qərarı qüvvədə saxlayıb. O, ölkəyə daxil olan kimi polis vasitəsilə məhkəməyə gətiriləcək. Hakim elan edib ki, sabiq rektorun gətirilib dindirilməsi üçün dəfələrlə cəhd göstərilib: “Dəfələrlə polisə müraciət ünvanlamışıq. Lakin məhkəməyə gətirilməsi mümkün olmayıb. Əvvəlki məhkəmə iclasında məlumat daxil oldu ki, səhhətindəki problemlərə görə Türkiyəyə gedib. Sonradan mediada məlumat yayıldı ki, Nurlana Əliyeva ölkədədir. Hətta özü də ölkədə olduğunu təsdiqlədi, məhkəmənin ona çağırış göndərmədiyini dedi. Lakin ona dəfələrlə çağırış göndərilib…”
Hakim keçmiş rektorun istintaqdakı ifadəsinin elan olunmasını təklif edib. Lakin təqsirləndirilən Dürdanə Əliyeva da, onun vəkili də buna etiraz edib. Onlar israrlıdır ki, Nurlana Əliyeva özü məhkəməyə gəlsin. Deyirlər ki, ona veriləsi sualları var.
“Burada mənim taleyim həll olunur. Belə çıxır ki, Nurlana Əliyeva bu qədər adamı saymır, ona görə məhkəməyə gəlmir”, – təqsirləndirilən Əliyeva belə deyib.
İclasda iş üzrə bir nəfər Dürdanə Əliyeva qarşı mülki iddia qaldırıb və onlar mülki iddiaçı qismində tanınıblar. İddia üzrə cavabdeh Dürdanə Əliyevanın olması barədə qərar qəbul edilib. Daha sonra cinayət işində olan bir neçə sənəd elan olunub. Dürdanə Əliyevanın müvafiq qurumlara etdiyi müraciətlər oxunub.
Növbəti proses aprelin 3-də davam edəcək.
İttihama görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyevanın qanunsuz əməllər törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb.
226 min manatlıq mənimsəmə, dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə ittiham olunan keçmiş şöbə müdirinin ikinci ali təhsil alan tələbələrin verdiyi ödənişləri xəzinəyə köçürmədiyi, işə düzəltmək və başqa adlarla pul alıb aldatdığı iddia edilir. Cinayət işində 100-dən çox adamın təhsil haqqı kimi ödədiyi pulların ələ keçirilməsindən söhbət gedir. İttiham verilən maddələr üzrə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Təqsirləndirilən Əliyeva isə bu işləri tək görmədiyini, baş verənlərdən rektorun da xəbəri olduğunu deyir. Onun sözlərinə görə, Nurlana Əliyeva da, hətta universitetin mühasibi də prosesin iştirakçısı olub. Lakin onlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq zamanı məsuliyyətdən kənarda saxlanılıblar. Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib. Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.
77 yaşlı Nurlana Əliyeva 2016-cı ildə rektor vəzifəsinə təyin edilib. Tələbələrin şikayəti əsasında cinayət işi başlanandan və Dürdanə Əliyeva məsuliyyətə cəlb olunandan sonra bir neçə ay sonra – 2021-ci ilin iyununda o da rektor vəzifəsindən azad edildi. O, həmçinin 2009-2021-ci illərdə Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasına da sədrlik edib. Nurlana Əliyeva hələ rektor işlədiyi dövrdə onun da yeyinti hallarından xəbərdar olması haqda iddialara cavab olaraq, universitet açıqlama yaymışdı ki, Dürdanə Əliyevanın əməllərinin araşdırılması üçün elə rektorun özü həm Baş Prokurorluğa, həm də Təhsil Nazirliyinə müraciət edib. Nurlana Əliyeva bir müddət öncə gununsesi.info-ya açıqlamasında bu cinayət işi və məcburi gətirilmə qərarı ilə bağlı məsələyə belə münasibət bildirmişdi: “Mən hazırda evimdə oturmuşam, mən aydan arı, sudan duruyam. Mənim heç bir günahım yoxdur, mənə rəsmi bildiriş göndərsinlər və gedim şahid qismində ifadəmi verim…” Musavat.com