Bakıda məşhur şadlıq sarayında ofisantlar arasında DAVA
Bakının Nizami rayonunda Asif şadlıq saraylarından birində baş verən dava zamanı Vüsala xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə “Meredian” şadlıq sarayında baş verib.
İstintaq orqanı tərəfindən Asifin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Asif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2022-ci ilin yanvarından “Meredian” şadlıq sarayında ofisant işləyir:
“Mənimlə bir yerdə qardaşım Akif və əmim oğlu Mirzə də eyni vaxtdan həmin şadlıq sarayında ofisant kimi işə başlayıblar. Mən işə düzələn zaman Vüsal həmin restoranda artıq işləyib”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü, saat 17.24-də şadlıq sarayında toy məclisinə hazırlıq işləri ilə bağlı nəzarətçi bütün ofisantları iki sıraya düzərək təlimatlar verib:
“Həmin vaxt əynimdəki köynək ütüsüz olduğu üçün Vüsalın arxa tərəfində dayandım. Bu zaman Vüsal mənə irad bildirdi. Onun arxasında dayanmamağımı söylədi. Mən də Vüsala sakit durmasını, nəzarətçi köynəyimin səliqəsiz olmasını görməməsini dedim. Çünki, belə problemləri adətən ofisantlar öz aralarında həll edirlər. Həmin vaxt Vüsal arxaya dönərək mənimlə mübahisə etməyə başladı. Mən bir daha Vüsala dedim ki, təlimat başa çatdıqdan sonra söhbət edək. Həmin vaxt Vüsal sıradan çıxdı və mətbəx tərəfə yollandı. Söhbət etmək üçün məni arxası ilə çağırdı. Lakin həmin vaxt Vüsalın niyətini başa düşdüm və sıradan çıxmadım”.
Təqsirləndirilən şəxs bildirib ki, Vüsal mətbəxin qarşısında olan yeməkləri daşımaq üçün nəzərdə tutulan arabanın üzərindən bakal götürüb və divara vuraraq sındırıb:
“Yerdən sınmış bakalı götürdüm və üzərimə gəldi. Vüsal sol əli ilə yaxamdan tutdu, sağ əlindəki sınmış bakal ilə məni vurmağa cəhd etdi. Dedi ki, səni doğrayacam. Başımı kənara çəkərək Vüsalın zərbəsindən yayındım. Həmin vaxt ətrafdakılar, o cümlədən qardaşım Akif və əmim oğlu Mirzə, başqa ofisiantlar, nəzarətçi adminstrator Vüsalı sakitləşdirdi. Vüsalın əlindən bakalı almağa çalışdılar. Dartışma zamanı Vüsal müvazinətini itirdi və arxası üstə yerə yıxıldı. Buna baxmayaraq əlindəki bakalı vermək istəmədi”.
Asifin sözlərinə görə, həmin vaxt onun qardaşı Akif ayağına nə isə batdığını söyləyib:
“Mən də Vüsalın sınmış bakal ilə qardaşımı vurduğunu düşündüm. Odur ki, dözmədim, yerdə Vüsalın sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurdum. Yalnız bundan sonra çətinliklə də olsa, bakalı Vüsalın əlindən aldıq”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüsalın sözlərinə görə, “Meredian” şadlıq sarayında ofisant işləyir:
“Hadisə günü, saat 17.24-də işdə olan zaman həmin gün toy məclisinə hazırlıqla əlaqədar nəzarətçi ofisantları sıraya düzərək təlimatlar verdiyi vaxt adını Asif kimi tanıdığım iş yoldaşım arxamda dayandı. Asifdən arxasında dayanmamasını xahiş etsəm də, Asif mənə bir söz demədi. Lakin Asifin arxamda dayanmasının paltarının səliqəsiz olması ilə bağlı olduğunu bildim. Hər bir halda Asifə dedim ki, arxamda dayanmasın. Həmin vaxt Asif aqressiv şəkildə qolumu itələdi və dedi ki, irəli baxım”.
Vüsal qeyd edib ki, 2-ci Qarabağ müharibəsində vuruşduğundan və həmin vaxt psixoloji sarsıntılar yaşadığından arxasında kimsə dayana zaman özünü pis hiss etdiyindən o sırada yerini dəyişmək istəyib:
“Lakin Asif buna imkan vermədi. Dedi ki, çıx çölə, səninlə söhbət edəcəm. Asifin yaxın qohumlarının da şadlıq sarayında ofisant işləməsini bildiyim üçün bərk əsəbiləşdim. Birbaşa mətbəx tərəfə getdim və orada arabanın üzərindən bakalı götürdüm, divara vuraraq sındırdım. Sınmış bakalı əlimə götürdüm və Asifin üzərinə getdim. Asifin yaxasından tutaraq məndən uzaq olmasını tələb etdim. Sonradan baş verənləri xatırlamasam da, arxası üstə yerdə olan zaman sifət və bədənimin müxtəlif nahiyələrinə zərbələr yetirildi. Sonradan kənarda olan iş yoldaşlarımız köməyə gələrək bizi ayırdılar”.
Zərərçəkmiş qeyd edib ki, ayaq üstə qalxdıqdan sonra Asifin qatdaşı Akif yenidən ona hücum edib və onu yumruqla vurub:
“Dedi ki, kimə istəyirsən, şikayət et. Bundan sonra admisrator məni zaldan bayıra çıxardı. Həmin vaxt Akif, Mirzə və Asif saraydan kənarda dayanaraq məni döymək istəyiblər. Akif, Mirzə və Asifin məqsədi planlı şəkildə məni öldürmək olub. Hadisədən sonra uzun müddət işsiz olmuşam, səhhətim ilə əlaqdar işləyə bilməmişəm. Daimi yaşadığım Ağcabədi rayon xəstəxanasında bir ay müddətində psixoloq tərəfindən müalicə olunmuşam. Kimsə mənim vəziyyətim ilə maraqlanmayıb və mənə maddi yardım edilməyib”.
Bu cinayət işinə Nizami rayon Məhkəməsində baxılıb.
Asif 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınıb. Hökmün icrası onun yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilib.