AvtoXəbər xətti

ŞAD XƏBƏR! Bu avtomobillər ucuzlaşacaq

“İlin əvvəlindən avtomobil bazarında müəyyən dəyişikliklər müşahidə olunur”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında nəqliyyat üzrə ekspert Yasin Mustafayev deyib.

Eksperin sözlərinə görə, bəzi avtomobillərin qiymətlərində enmələr müşahidə olunur: 

“Biz qeyd etdik ki, artıq elektrik avtomobilləri ƏDV-dən azad edildi, daha sonra gömrük rüsumundan azad edildi. Bu yenilik zaman keçdikcə bu avtomobillərin qiymətlərinə müsbət mənada təsir göstərməyə başladı. Yəni qiymətlərdə azalma baş verdi. Daha öncədən gətirilən avtomobillərin də qiymətlərində artıq endirim etməyə başladılar. Onların bəziləri gömrük rüsumu etmişdi, əvvəl gələnlər Əlavə Dəyər Vergisi ödəmişdi. Qanun çıxandan sonra artıq qiymətlərdə enmələrin olduğunu müşahidə edirik. Həmçinin Çin avtomobillərində enmələrin daha çox olduğunu görürük. Rəqabətin, tələbin bu yöndə olduğuna görə, Çin elektrikli avtomobillərinə, hibrid avtomobillərinə tələbat çoxaldığı üçün bu istiqamətdə bir çox markaların burada dilerləri açılması cəhdləri var. Daha çox Çindən avtomobillərin gətirilməsi halları müşahidə olunur. Bu da təbii ki, rəqabət yaradır. Belə olduqda da, bu, qiymətlərin aşağı enməsi təsir göstərir”.

Ekspert, həmçinin qeyd edib ki, irihəcmli mühərrikli avtomobillərin qiymətlərində isə cüzi şəkildə artım müşahidə olunur:

“İrihəcmli mühərrikli avtomobillərin qiymətlərində isə cüzi şəkildə artımın olduğunu hiss edirik. Bu da təbii ki, normaldır. Çünki bunlara tətbiq edilən aksiz vergisi, gömrük rüsumları daha çox olduğu üçün bu sahədə tələbatın azalmasına səbəb olur. Qiymətlər də artdıqca tələbat da azalır. Bu da xoş bir haldır, çünki böyük mühərrikli avtomobillərin ekologiyaya vurduğu zərərlər daha çoxdur. Atmosferə daha çox zəhərli qazlar buraxırlar. Ona görə də, belə avtomobillərin ölkəyə gətirilməsin azalması, qiymətlərin artması müsbət tendensiyadır”.

“Elektrikli, hibrid və plug-in hibrid avtomobillərin qiymətlərinin getdikcə daha da aşağı düşəcəyi proqnozlaşdırılır. Çünki bu avtomobillərə ehtiyac çoxalır. İdxalçılar daha çox bu avtomobillərin gətirilməsinə üstünlük verirlər. Bu da tələbata görədir. Belə rəqabət də bu tip avtomobillərdə qiymətlərin aşağı düşməsinə səbəb olacaq”, – deyə ekspert əlavə edib.