AzTU-da məişət zorakılığı ilə bağlı tədbir keçirilib – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyinin icra etdiyi “Məişət zorakılığı və gender: ortaq problemlərimiz” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) akt zalında tələbə və gənclərlə görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Gənclər və idman komitəsinin üzvü, millət vəkili Vüqar İskəndərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, Azərbaycan Texniki Universitetinin Humanitar fənnlər kafedrasının müdiri Həbib Mirzəyev, “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyinin sədri, layihənin eksperti Reyhanə Hacıyeva, telejurnalist Telman İsa, “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Fəridə Vəliyeva və digər qonaqlar iştirak ediblər.
200-dən çox gəncin, tələbənin qatıldığı tədbirdə giriş sözü ilə çıxış edən Həbib Mirzəyev qonaqları və tələbələri salamlayaraq dövlətin gənclər və idman siyasətinə, həmçinin ailə institutuna göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb. O, əlavə edib ki, eyni yanaşma təmsil etdiyi universitet tərəfindən də həyata keçirilir, humanitar fənnlərin tədrisi zamanı, habelə tələbələrlə fərdi görüşlərdə ailə dəyərlərinin vacibliyi diqqətə çatdırılır.
Cari ilin müvafiq ayları üzrə məişət zorakılığı ilə bağlı təmsil etdiyi Dövlət Komitəsinə edilən müraciətlərin statistikasına toxunan Komitə rəsmisi Tural Hüseynzadə vurğulayıb ki, quruma daxil olan məktublar, zənglər tərəflərindən araşdırılır. Cinayət tərkibinin əlamətləri olmadıqda, habelə zorakılığa məruz qalan şəxsə qısamüddətli mühafizə ordenlərinin verilməsi üçün onlar “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanuna əsasən yerli rayon icra hakimiyyətində mövcud olan monitorinq qruplarına müvafiq araşdırılması üçün göndərilir. T.Hüseynzadə xatırladıb ki, hər il Komitə məişət zorakılığı qurbanları ilə bağlı illik hesabat hazırlananda onlar daha çox sözügedən zorakılığın növləri üzrə ayrılır. Xüsusi təqdimatla tələbələrlə ünsiyyətdə olan ekspert onlara ailə məsələlərində diqqətli olmağa çağırıb.
Millət vəkili Vüqar İskəndərov isə məişət zorakılığı ilə bağlı zərərçəkənlərin müdafiəsinin daha da gücləndirilməsi istiqamətində qanunvericilikdə edilən dəyişikliklərlə bağlı çıxış edərək bildirib ki, qadınlara qarşı zorakılıqla sərt mübarizə aparılmalıdır. “Məişət zorakılığı ilə bağlı xəbərlərin artması bizim hamımızı ciddi narahat etməlidir və buna qarşı mübarizə istiqamətində daha çox addımlar atmalıyıq”- deyən, parlament üzvü qanunvericilikdə edilən dəyişikliyin bu cür insanların daha çox qorunmasına dəstək olmağa xidmət edəcəyini vurğulamaqla yanaşı ailədaxili, qadınlara qarşı zorakılığın artması halları ilə bağlı çox ciddi tədbirlərin artmasına ehtiyac olduğunu xüsusi nəzərə çatdırıb.
Daha sonra çıxış edən təşkilat sədri Reyhanə Hacıyeva rəhbəri olduğu “Davamlı Elmi-Sosial İnkişaf” İctimai Birliyinin fəaliyyətindən, layihə təşəbbüsündən , telejurnalist Telman İsa isə kütləvi informasiya vasitələrinin məşət zorakılığına həssaslığından danışıb. Öz növbəsində “Miqrasiya Proseslərinin Tədqiqi” İctimai Birliyinin sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Fəridə Vəliyeva QHT-lərin bu yöndə həyata keçirdiyi işləri diqqətə çatdırıb.
Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış bukletlər paylanılıb.
Qeyd edək ki, layihənin icra müddəti 3 aydır.