Xilasedicilərimizin bir qrupu vətənə qayıdır – VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına iştirak edən Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir qrupu təyyarə ilə Azərbaycana qayıdır.
Azərbaycanlı xilas ediciləri gətirən təyyarənin yaxın saatlarda Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edəcək.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
Zəlzələnin ilk günü – fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib.