FotoManşetMediaXəbər xətti

Beynəlxalq təşkilatlar Bakıda “Jurnalistlər üçün təhlükəsizilik təlimi” keçiriblər – FOTOLAR

Avropa Jurnalistlər Federasiyası (EFJ) və onun  Azərbaycan üzrə təmsilçisi olan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təşkilatçılığı ilə Bakıda  “Jurnalistlər üçün təhlükəsizilik təlimi” keçirilib. İki gün müddətində davam edən tədbirlər Mətbuat Şurasının konfrans zalında baş tutub. Təlimlərə 15 nəfər jurnalist qatılıb. İştirakçılardan 5 nəfəri Respublika yayımlı KİV subyektlərinin Qarabağ region üzrə akkreditasiya edilmiş əməkdaşları olublar. Təlimlər EFJ-nin ekspertləri tərəfindən idarə edilib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təlimin məqsədi ekstremal vəziyyətlərdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərini təhlükəsizlik qaydaları ilə tanış etmək olub: “Təlimlər zamanı Azərbaycan jurnalistlərinə riskli bölgələrdə davranış qaydaları, təhlükəsizliyin təmin edilməsi üçün istifadə edilən modern texnologiyalar barədə bilgilər verildi. Müharibə bölgələrində fəaliyyət göstərən jurnalistlərin təhlükəsizliklərinin təmin edilməsi yönündə təqdimatlar xüsusilə maraq doğurdu. Dron hücumları zamanı öz təhlükəsizliyini qoruya bilmək bacarıqları aşılandı. Jurnalist təhlükəsizliyinin digər istiqamətləri barədə də təqdimatlar edildi”. 

Müşfiq Ələsgərli əlavə edib ki, jurnalist təhlükəsizliyi ilə bağlı təlimlərin keçirilməsinə ciddi zərurət vardır: “Yaşadığımız regionda münaqişələr mövcuddur. Qarabağ münaqişəsi fonunda 1990-cı ildən başlayaraq 2021-ci ilə qədər olan müddətdə   11 nəfər Azərbaycan jurnalisti və KİV  işçisi cəbhə bölgəsində həyatını itiribdir. Onlarla jurnalistimiz fiziki  xəsarətlər alıb, sağlamlıqlarına ciddi zərər dəyibdir. Bizim yanaşmamızdan asılı olmayaraq, hər zaman münaqişəyə cəlb olunmaq ehtimalımız vardır. Jurnalistlərimizin təhlükəsizlik qaydaları ilə tanış olmaları risklərdən yayınmaq üçün şərait yaradır. Bu baxımdan, tədbirlərimiz davam edəcək”