Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın iclası keçirilib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib. “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi” İctimai Birliyinin ofisində keçirilən tədbirdə 2023-cü ilin birinci yarısının fəaliyyət planı və bu fəaliyyətlərin icra olunmasında iştirakı təmin edilən işçi qrupların hazırkı vəziyyəti, gündəlik işləri və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Azər Allahverənov bildirib ki, əvvəlki dövrlərdə olduğu kimi, bu dəfə də İctimai Şura öz işini onun nəzdində fəaliyyət göstərən işçi qrupların müəyyən etdikləri fəaliyyətlərə uyğun təşkil edəcək. Sədr qeyd edib ki, daxil olan müraciətlərin dəyərləndirilməsi, ehtiyacı olan miqrant qruplarına sosial, hüquqi və digər sahələrdə məsləhətlərin verilməsi və bu müstəvidə onlara zəruri dəstəyin göstərilməsi, həmçinin monitorinqlərin keçirilməsi, maraqlı tərəflərin iştirakı ilə maarifləndirmə tədbirlərinin təşkil edilməsi və digər təşəbbüslər hazırkı dövrdə icra olunacaq fəaliyyət planının əsas komponentləridir. Bu baxımdan həmin istiqamətlərdə müsbət nəticələrin əldə olunması üçün bütün fəaliyyətlərin qruplar və maraqlı tərəflər arasında əlaqələndirilmiş şəkildə həyata keçirilməsi olduqca vacibdir.
Cari ilin birinci yarısında ictimai nəzarətin konseptual və sistemləşdirilmiş şəkildə həyata keçirilməsində və ictimai iştirakçılığın daha yüksək səviyyədə təmin olunmasında maraqlarını ifadə edən iclas iştirakçıları müzakirəyə çıxarılan məsələlərə dair fikir bildirib, hazırkı dövrdə aktuallığı ilə səciyyələnən mövzularla əlaqədar təkliflər irəli sürüblər.
İclasda iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev İctimai Şura tərəfindən fəaliyyət planına uyğun icrası nəzərdə tutulan tədbirləri müsbət dəyərləndirib. Xidmət rəsmisi bu fəaliyyətlərin müasir dövrün çağırışlarına cavab verdiyini və bu səbəbdən onların əhatəli şəkildə icra olunmasının vacibliyini qeyd edib.
Sonda Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın 2023-cü ilin birinci yarısının fəaliyyət planı təsdiq edilib və bir sıra cari məsələlər müzakirə olunub