Aygün Əliyeva: “Xankəndi-Laçın yolundakı aksiya dövlət-qht həmrəyliyinin mükəmməl nümunəsidir”
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva 2022-ci ilin yekunları, ötən il keçirilən qrant müsabiqəsinin, “Şuşa İli” çərçivəsində görülən işlər, Böyük Qayıdış prosesi və işğaldan azad olunmuş ərazilərin bərpası prosesində vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının töhfələri, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qeyri-hökumət təşkilatlarının rolu, eyni zamanda, Agentliyin 2023-cü il üçün hədəfləri barədə AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.
-Artıq 2022-ci il yekunlaşıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? Qarşıya qoyulan məqsədlərə nə dərəcədə nail olunub?
-Bildiyiniz kimi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən, 2021-ci il aprelin 19-da yaradılıb. Qurumun strukturlaşma məsələləri nəzərə alınaraq, de-fakto fəaliyyət 2021-ci ilin oktyabr ayından başlayıb. Ümumilikdə 2022-ci ili qurumun fəaliyyətinin ilk ili kimi xarakterizə edə bilərik.
Ötən il ərzində Agentliyin Müşahidə Şurasının 15 iclası keçirilib, konseptual sənədlərin hazırlanması ilə bağlı təkliflər verilib, qrant müsabiqələrinin nəticələri ilə bağlı qərarlar qəbul edilib. Nizamnaməyə uyğun olaraq çoxsaylı tədbirlər, görüşlər keçirilib, vətəndaş cəmiyyətinin inkişafına yönələn çoxsaylı məsələlər müzakirə olunub.
Bundan başqa, beynəlxalq tədbirlər, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq, Anlaşma memorandumlarının imzalanması, işğaldan azad olunmuş ərazilərə yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələrinin səfərlərinin təşkili, ictimai iştirakçılığın təşviqi məqsədilə ölkənin 75 rayon və şəhərini əhatə edən zona toplantılarının keçirilməsi, qeyri-hökumət təşkilatlarının bilik və bacarıqlarının artırılması istiqamətində təlimlərin təşkili və s. bu il görülən işlərin bir hissəsidir.
– Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən, ötən il “Şuşa İli” kimi tarixə düşdü. Agentlik fəaliyyətində bu istiqamətdə hansı işləri görüb?
-Agentlik müvafiq tədbirlər planına uyğun olaraq 2022-ci il “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi elan etdi. Qrant müsabiqəsinə 227 qeyri-hökumət təşkilatının layihə müraciəti daxil oldu. Agentliyin Müşahidə Şurasının qərarı ilə 22 layihəyə maliyyə yardımı ayrıldı.
Layihələr çərçivəsində Azərbaycanda və dünyanın müxtəlif ölkələrində (ABŞ, Cənubi Koreya, Fransa, Norveç və s.) fərqli formatlarda tədbirlər təşkil edildi. Dünyanın müxtəlif ölkələrindən olan alimlərin, blogerlərin, influenserlərin Azərbaycana, Şuşaya səfərləri təşkil edildi, sənədli filmlər, saytlar, vikipediyada 9 dildə 240 yeni məqalə hazırlandı. Həmçinin Şuşanın tarixi və mədəniyyətini özündə ehtiva edən kitablar nəşr olunub, Azərbaycanda yeni media məhsulu hesab edilən lonqrid hazırlanıb, “Google Maps” və “Yandex Maps” platformalarına Şuşada 119, ümumilikdə isə 171 toponim əlavə edilib. Layihələr çərçivəsində çəkilən qısa video bloqlar milyonlarla insan tərəfindən izlənilib və dünya trendinə düşüb. Hazırda layihələrin nəticələri ilə bağlı ictimaiyyət və mətbuat nümayəndələri üçün hesabat hazırlanır.
Bununla yanaşı, Agentlik “Şuşa İli” çərçivəsində müxtəlif xarakterli beynəlxalq tədbirlər, forumlar təşkil edib. “Şuşa İli” çərçivəsində ilk dəfə olaraq Azərbaycan–Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu, həmçinin 1000-ə yaxın QHT nümayəndəsinin və blogerin Şuşaya səfəri təşkil olunub. “Şuşa İli” ilə əlaqədar müxtəlif ölkələrin 100-ə yaxın nümayəndəsinin iştirakı ilə “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlim keçirilib.
-Agentlik 2022-ci ildə hansı istiqamətdə qrant müsabiqələri həyata keçirib və müsabiqələrin keçirilməsi ilə bağlı hər hansı yeniliklər gözlənilirmi?
-Ötən il ərzində kiçik qrant müsabiqəsi, eyni zamanda, qeyd etdiyim kimi, “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” və “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqamətləri üzrə qrant müsabiqələri elan olunub və ümumilikdə 515 layihə maliyyələşdirilib.
Kiçik qrant müsabiqələri üçün əsas prioritet istiqamətlər isə “Ailə, qadın və uşaq məsələləri”, “Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi”, “Ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə məsələləri”, “insan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə məsələləri”, “Elm, təhsil və mədəniyyət və azərbaycançılıq ideyasının təbliği məsələləri”, “Sosial və iqtisadi məsələlər”, “Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri” mövzuları olub.
Layihələrin mövzusundan və formatından asılı olmayaraq, əsas məqsəd müsabiqələrin həyata keçirilməsində şəffaflıq, hesabatlılıq prinsiplərinə riayət edilməsidir. Təəssüflə qeyd etməliyəm ki, əvvəlcədən təlimatların və normativ sənədlərin təqdim edilməsinə baxmayaraq, bəzi qeyri-hökumət təşkilatları layihələrin hesabatı zamanı qüsurlara yol verdilər. Lakin 2021-ci və 2022-ci illər müsabiqələrinin nəticələrini təhlil edəndə maliyyə pozuntusu ilə bağlı dinamikanın aşağı düşməsi bizi çox sevindirir.
Növbəti illərdə layihələrin qəbulunun, monitorinqinin və hesabatların yeni elektron resurslar vasitəsilə həyata keçirilməsi, layihə təklifi formasının təkmilləşməsi və layihələrin qəbulu və idarə edilməsi üçün beynəlxalq standartlara uyğun müəyyən elementlərdən istifadə olunması planlaşdırılır.
-Böyük Qayıdış prosesi və işğaldan azad edilmiş ərazilərin bərpası prosesində vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının hansı töhfələri ola bilər?
Şanlı Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmiz qarşısında işğaldan azad olunan torpaqların bərpası və vətəndaşlarımızın öz yurd yerlərinə qayıtması kimi vacib məqsəd durur. Bu baxımdan vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının qayıdış prosesinə dəstəyi təbii ki, vacibdir. Bir neçə istiqamət üzrə qeyri-hökumət təşkilatları bu prosesə dəstək ola bilərlər. Buraya məşğulluq və özünüməşğulluğun təmin edilməsinə dəstək, əhalinin təhlükəsiz şəraitdə geri qayıdışı ilə bağlı maarifləndirilmə, qayıdışa hazırlıq, psixoloji dəstək məqsədilə tədbirlərin, təlimlərin keçirilməsi, xüsusən işğal dövründə maddi-mədəni irsimizə, təbii sərvətlərimizə vurulmuş zərərin araşdırılması, bununla bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq, Ermənistanın maddi-mədəni irsimizlə yanaşı təbiətə, ekologiyaya vurduğu ziyanla bağlı tədbirlərin təşkili, dünya ictimaiyyətinin diqqətini mina probleminə yönəltmək üçün təşəbbüslər və s. aid oluna bilər.
Agentlik bir qayda olaraq qrant müsabiqələrinin elanı zamanı hər il aktual məsələlərin müsabiqə mövzularına salınmasını təmin edir.
-Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qeyri-hökumət təşkilatları hansı fəaliyyətləri icra edir? Səfər qrantları elanları bu prosesə dəstək üçün nəzərdə tutulub?
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Agentliyin fəaliyyətində prioritet istiqamətlərdən biridir. Agentliyin keçirdiyi demək olar bütün qrant müsabiqələrində bu istiqamət üzrə mövzular müəyyən edilir. “Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi” istiqaməti üzrə həm 2021-ci il kiçik qrant müsabiqəsində, həm də 2022-ci il kiçik qrant müsabiqəsində layihələr dəstəklənib. Burada əsas məqsəd postmünaqişə dövründə Azərbaycan reallıqlarının beynəlxalq təşkilatlara çatdırılması, eləcə də Ermənistanın 30 illik işğal dövründə vandallığı, müharibə cinayətləri, təbiətə, bütünlüklə ekologiyaya vurduğu ziyanla bağlı beynəlxalq ictimaiyyətin maarifləndirilməsidir.
Qeyd etdiyiniz kimi, Agentliyin qrant müsabiqələrindən biri də məhz “Səfər qrantları”dır. Bu müsabiqə digər müsabiqələrdən fərqli olaraq bütün il boyu fəal olur. Bu müsabiqənin təşkilində əsas məqsəd dünyanın müxtəlif ölkələrində təşkil olunan tədbirlərdə Azərbaycan qeyri-hökumət təşkilatlarının iştirakına dəstək verməkdən ibarətdir. Bu il Agentlik tərəfindən bu qrant müsabiqəsinə müraciət üçün yeni meyarlar hazırlanır və yaxın günlərdə Agentliyin elektron resurslarında yerləşdiriləcək.
Qeyd olunan məsələlərlə yanaşı, Agentlik müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Xüsusən qardaş Türkiyənin “STK Genel Müdürlüyü”, Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, eləcə də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq artıq qurulub. BMT-nin və müxtəlif beynəlxalq təşkilatların Azərbaycan nümayəndəlikləri ilə görüşlər keçirilib, qarşılıqlı Anlaşma Memorandumları, birgə əməkdaşlıqla bağlı razılaşmalar və s. əldə olunur. Agentlik olaraq QHT-lərin beynəlxalq əlaqələrinin gücləndirilməsi bizim üçün çox önəmlidir və bununla bağlı yaxın günlərdə konfransın keçirilməsi planlaşdırılır.
-Agentliyin ictimai iştirakçılığın təmini ilə bağlı fəaliyyəti nədən ibarətdir? Bu istiqamətdə hansı işlər görülür?
Agentliyin nizamnaməsinə uyğun olaraq, qeyri-hökumət təşkilatlarının ictimai nəzarət sahəsində təşəbbüslərinin dəstəklənməsi əsas fəaliyyət istiqamətlərindən biridir. Kiçik qrant müsabiqəsinin əsas istiqamətlərindən biri də məhz “Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri”dir.
Qeyd olunanlarla yanaşı, 2022-ci il ərzində 75 şəhər və rayonu əhatə edən “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı zona toplantıları keçirilib. Toplantılarda yerli icra hakimiyyətlərinin nümayəndələri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların nümayəndələri, həmçinin qeyri-hökumət təşkilatları və KİV nümayəndələri iştirak ediblər. Bu tədbirlərin təşkilindən sonra ictimai şuraların üzvləri üçün bilik və bacarıqların artırılması istiqamətində tədbirlərin təşkilinə ciddi ehtiyac olduğu nəzərə alınaraq Bakı şəhəri ilə birgə 10 müxtəlif regionda “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda təlimlər təşkil olunub. Ümumilikdə təlimlər 1500-dən çox iştirakçını əhatə edib.
Fikrimcə, ötən ilin dekabrında Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda Azərbaycanda fəaliyyət göstərən QHT-lər, ekoloqlar tərəfindən başlanan etiraz aksiyası dövlət-vətəndaş cəmiyyəti münasibətlərində dialoqun, həmrəyliyin və ictimai iştirakçılığın ən mükəmməl nümunəsidir. Havanın şaxtalı və soyuq olmasına baxmayaraq, vətəndaş cəmiyyəti nümayəndələri – QHT-lər, gənclər, könüllülər, media nümayəndələri, blogerlər və digərləri bir amal uğrunda 37 gündür yorulmadan mübarizə aparırlar.
Əminik ki, mübarizə dinc məqsədlər təmin olunanadək əzmkarlıqla davam edəcək və bölgədə sülhün bərpasına dəstək olacaq.
-2023-cü il üçün Agentliyin hədəfləri nədir?
-Bu il də qrant müsabiqələrinin keçirilməsi, müxtəlif beynəlxalq tədbirlərin təşkili, bərpa, quruculuq və Böyük Qayıdış prosesində vətəndaş cəmiyyəti təşəbbüslərinin dəstəklənməsi, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, ictimai nəzarətin təşviqi və digər fəaliyyətlərin icrası hədəflənir. Yaxın günlərdə “Heydər Əliyev İli” ilə bağlı qrant müsabiqəsinin elanı nəzərdə tutulub.
Bundan başqa, bu il qeyri-hökumət təşkilatları üçün göstərilən bütün xidmətlərin keyfiyyətinin daha da artırılması, eləcə də saytımızın və digər elektron xidmətlərin istifadəyə verilməsini planlaşdırırıq.
Sözsüz ki, qeyri-hökumət təşkilatlarının mütəmadi əsasda bilik və bacarıqlarının artırılması istiqamətində proqramların həyata keçirilməsi də əsas hədəflərimizdəndir. Bu xüsusda həm Bakı şəhərində, həm də regionlarda QHT təmsilçiləri üçün professional təlimlərin keçirilməsi, onlara metodiki dəstəyin göstərilməsi, habelə ötən il olduğu kimi regionların birində QHT-lərin II İnkişaf və Mübadilə Proqramının reallaşdırılması nəzərdə tutulur.