Sakinlər “Olimp” MTK-nın fəaliyyətindən niyə narazıdır?
SAKİNLƏR “OLİMP” MTK-NIN RƏHBƏRLİYİ DÖVLƏTİN QANUNLARINI VƏ ONLARIN HÜQUQLARINI POZMAQDA GÜNAHLANDIRIR
Artıq neçə ildir ki, müxtəlif dövlət qurumları tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə dair maarifləndirmə işlərinin aparılması istiqamətində tədbirlər davam etdirilir.
Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə tədbirlər təşkil olunur, bu sahədə mövcud qanunvericilik, bazar iqtisadiyyatı şəraitində yaşayış sahələrinin idarə edilməsi, saxlanması prinsipləri və üsulları barədə məlumat verilir, sahə mülkiyyətçiləri ilə görüşlər keçirilir, onlara ümumi yığıncaqların keçirilməsində və digər təşkilati məsələlərin həllində müvafiq tövsiyələr verilir.
Hazırda Bakı şəhəri və ölkənin digər şəhərlərində çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
Həmçinin, çox zaman binanın saxlanması və təmiri üçün tələb edilən haqların özbaşına olaraq qanunsuz yığılması, haqqların qaldırılması və müəyyən səbəblərlə binaya lazımi xidmətlərin göstərilməməsi sakinlərin haqlı narazılığına səbəb olurdu. Bu isə MTK-ların Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə çevrilməsi prosesini sürətləndirirdi.
Analoji problemlə Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3068 məhəllə ünvanında “Olimp” MTK tərəfindən inşa etdiyi çoxmərtəbəli binanın sakinləri də qarşılaşıblar. Artıq 10 ildən artıqdır ki, bina sakinləri öz hüquqları və normal yaşayış uğrunda mübarizə aparırlar. Onların müraciətlərində qeyd olunduğu kimi, nəhayət, dövlətin müəyyən etdiyi qanuna müvafiq olaraq, sakinlər 2022-ci ilin noyabr ayının 16-da “Binəqədi-31” MMMC-ni qeydiyyatdan keçirə biliblər. Sakinlərin Prezident Administrasiyasına yazdıqları şikayət məktublarından sonra problem öz həllini tapıb. Nəticədə, cəmiyyət binanın infrastrukturunun yaxşılaşdırılması istiqamətində real işlərin həyata keçirilməsi üçün lazım olan sənədləri əldə edir.
Cəmiyyətin sədri Cümşüd Məmmədov qeyd edir ki, “Bizim artıq hesabımız, möhürümüz var və fəaliyyətə başladığımız barədə Binəqədi RİH-ni və digər müvafiq qurumları xəbərdar etmişik. Həmçinin biz “Olimp” MTK-nın rəhbərliyini xəbərdar etdik və müvafiq sənədləri onlara təqdim edərək xahiş etdik ki, qanun çərçivəsində lazımi sənəd və ərazilərin təhvil-təslimini həyata keçirsinlər. Lakin “Olimp” MTK-nın rəhbərliyi iki aydır ki, təhvil-təslimi həyata keçirməkdən boyun qaçırır və bununla da dövlətin qanunlarını və minlərlə sakinin hüquqlarını pozur”.
Sakinlər binaya köçdükləri ilk gündən bu günə kimi – 13 ildən çoxdur ki, MTK rəhbərliyinin özbaşınalığından və qanunsuzluqlardan şikayətçidirlər. Kompleks sakinlərindən biri Fərid Məmmədov deyir: “Mən bu binada 2009-cu ildən – binanın dövlət qəbulundan keçdiyi gündən yaşayıram. İlk gündən MTK-ya icra edilməyən xidmətlərə görə ödəniş edirəm. Bütün bu illər ərzində binanın su hovuzu bir dəfə də olsa təmizlənməyib, su filtrləri quraşdırılmayıb! Biz çirkli su içməyə məcburuq. Həyətdə nə normal işıqlandırma, nə də mühafizə var. Bina sanki partlayışdan sonra sınıb dağılıb, bloklar təmirsiz vəziyyətdədir. Təmizlikdən danışmaq belə mümkün deyil, bloklarda və həyətdə artıq siçovullar peyda olub. Göründüyü kimi, MTK rəhbərliyi sakinlərdən topladığı məbləği öz cibinə qoyur və yaxud öz ehtiyaclarına xərcləyir. Biz belə yaşamaq istəmirik. Buna görə də, biz öz cəmiyyətimizi yaratmağı qərara aldıq və qanuna uyğun vergi ödəmək, yaşamaq və binamızı bərpa etmək istəyirik. Nə qədər insanların haqqını tapdalamaq olar?”
Həqiqətən, bu yaşayış kompleksində insanların mənafeyi və ya normal yaşayışı üçün heç bir şərait yoxdur. Həyətin böyük hissəsində MTK rəhbərliyi qeyri-qanuni tikililər inşa edib. “Bəs bizim övladlarımız asudə vaxtını harada keçirsinlər, hansı həyətdə oynasınlar? Bu gün biz çox şadıq ki, problemlərimizi həll edə biləcək cəmiyyət yarada bildik. Bu proses çox böyük əmək və xərc tələb edəcək, çünki bina bərbad vəziyyətdədir. Əvvəllər sakinlərdən toplanan bütün vəsaitlər binanın ehtiyaclarının ödənilməsinə deyil, kimlərinsə cibinə gedirdi. Artıq 2 aydır biz yeni rəhbərliyin qayğısını görürük. 13 ildə ilk dəfə blokların təmirinə başlanılıb, binanın 24 saat mühafizəsi həyata keçirilir və şlaqbaumlar quraşdırılıb. Əvvəllər isə bizim kompleksə istənilən şəxs icazəsiz daxil olurdu və tez-tez binamızda oğurluq halları baş verirdi. Görüləsi işlər hədsiz çoxdur, amma MTK rəhbərliyi müxtəlif yollarla bu problemlərin həllinə mane olur. Biz aidiyyəti qurumlardan dövlətin qanunlarını heçə sayan və icra etməkdən boyun qaçıran “Olimp” MTK krallığını cəzalandırmağı xahiş edirik” – bina sakini Fərid Qəzvini əlavə etdi.
Sakinlər həmçinin binanın yeraltı qarajındakı vəziyyətdən də narazıdırlar. AR Mənzil Məcəlləsində qeyd olunur ki, bu və ya digər cəmiyyətin (MMMC-nin) yaradılmasından və qeydiyyatından sonra MTK müvafiq sənəd, texniki sahələri, çardaqları, zirzəmiləri, həyəti, liftləri, blokları və s. sahələri cəmiyyətə təhvil verməlidir. Bütün bunlar sakinlərin və qeyri-yaşayış sahələrinin sahiblərinin ümumi əmlakı hesab olunur. Bina sakini Elçin Qəhrəmanovun sözlərinə görə, kompleksdə cəmiyyətin ümumi əmlakı hesab olunan bir çox sahələr MTK rəhbərliyi tərəfindən qeyri-qanuni olaraq satılıb. “Binada özbaşınalıq baş alıb gedir. Qeyri-qanuni olaraq 16-mərtəbəli binada dövlət qəbulundan sonra 2020-ci ildə mansardın üstündə əlavə olaraq 18-ci mərtəbə tikilib satılıb və bu, fövqəladə vəziyyət zamanı sakinlərin təxliyyəsinə mane olmaq deməkdir. Çardaqlar və qeyri-yaşayış sahələri mənzil qismində də satılıb və hal-hazırda bu obyektlərdə yaşayır var. Buna necə yol veriblər? MTK qeyri-yaşayış sahələrini mənzil kimi satanda bəs müvafiq qurumlar hara baxırdılar? Həmin “mənzillər” necə qazla təmin oluna bilərdi? Kompleksdə bir çox qeyri-yaşayış sahələrə niyə texniki şərt olmadan işıq verilir. İndi isə biz bütün problemləri həll etmək istədikdə MTK rəhbərliyi bizə qəsdən süni maneələr törədir”.
Bu günlərdə yeni yaradılmış cəmiyyətin rəhbərliyi bina sakinlərinin problemləri ilə bağlı ölkə rəhbərliyinə şikayət məktubu ünvanlayıb. “Bu gün ölkəmiz gündən-günə çiçəklənir, xalqımız bu gün firavan və təhlükəsiz həyat sürür. Təəssüflər olsun ki, heç də hər kəs bunu anlamır və buna dəyər vermir. Anlamırlar ki, qanunları pozmaq olmaz. Bunlardan biri də “Olimp” MTK rəhbərliyidir. Biz müvafiq dövlət qurumlarından xahiş edirik ki, MTK təsisçilərinin və direktorun ədalətsizliyinə qarşı mübarizədə bizə kömək etsinlər, illərlə sakinlərdən toplanan vəsaitlərin hara “itməsini” müəyyənləşdirmək üçün yoxlama tədbirləri keçirilsin” – cəmiyyətin sədri əlavə etdi./ 525-ci qəzet