“Ümid” SİD “Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsini uğurla yekunlaşdırıb – FOTOLAR
“Ümid” SİD “Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsini uğurla yekunlaşdırıb
“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi 01 sentyabr 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Təhsildə idarəetmənin ictimailəşdirilməsinə dəstək təşəbbüsü” layihəsini müvəffəqiyyətlə tamamlamışdır.
Layihə çərçivəsində Azərbaycan Respublikası Təhsil İnstitutunda “İcma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi və icma üzvlərinin təhsil prosesində iştirakına dair sorğu vərəqələrinin müzakirəsi” mövzusunda dəyirmi masa keçirilmiş, tədbirdə iştirak etmiş təhsil ekspertləri tərəfindən verilmiş təkliflər əsasında sorğu vərəqələri təkmilləşdirilmişdir.
Layihənin fəaliyyət planına uyğun olaraq Suraxanı rayonu Hövsan qəsəbəsində 280 saylı tam orta məktəb və Xəzər rayonu Türkan qəsəbəsində isə 262 saylı tam orta məktəbdə icma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə 423 nəfərin iştirakı ilə sorğular keçirilmişdir. Sorğularda 72 müəllim, 319 valideyn, 2 hədəf orta məktəb direktoru və 30 icma üzvü (sahibkarlar, nüfuzlu şəxslər, Bələdiyyə üzvü və s.) iştirak etmişdir. 29 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunda təşkil edilmiş dəyirmi masada icma-məktəb münasibətlərinin mövcud vəziyyətinin öyrənilməsi və icma üzvlərinin təhsil prosesində iştirakına dair keçirilmiş sorğu nəticələrinin təqdimatı olmuşdur. Tədbirdə iştirak etmiş təhsil ekspertləri məktəb-icma münasibətlərinin yaxşılaşdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi, valideynlərin və icma üzvlərinin təhsil prosesində rolunun artırılması barədə fikirlərini bildirmiş, təkliflər vermişlər.
Layihənin nəticəsi olaraq keçirilmiş sorğuların nəticələri və təhsil ekspertlərinin rəyləri əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim etmək üçün təkliflər paketi hazırlanmışdır. Layihədən ümumilikdə 430 nəfər faydalanmışdır.