“Hökumət hara nə qədər pul xərcləyəcəyini öncədən proqnozlaşdıra bilmir” – Deputat
Qüdrət Həsənquliyev: “Deklarativ xarakterli normaların qanunlarda qalmasına ehtiyac yoxdur”
“Öncə dövlətin büdcəsinin büdcə sistemi haqqında qanuna uyğunluğuna münasibət bildirmək istəyirəm. Hesablama Palatasının verdiyi rəylərdə də bu özünü göstərir. Mən əvvəllər də bu barədə çıxışlarımda söyləmişəm, həmkarlarımız da söyləyib ki, büdcə sistemi haqqında qanunun 12.1.4-cü maddəsində qeyd olunur ki, Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların siyahısı ayrıca sənəd formasında Milli Məclisə təqdim olunmalıdır. Bu yerinə yetirilməyib”.
Bu sözləri Milli Məclisin Plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev 2023-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsi ilə bağlı çıxışı zaman deyib: “O cümlədən investisiya layihələrinin sahələr və isiqamətlər üzrə ümumi məbləğini özündə əks etdirən investisiya proqramlarının layihəsində də xərclərin sahələr və istiqamətlər üzrə bölgüsü açıqlanmır. Eyni zamanda 16.1.9-cu maddələrdə daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlərlə bağlı qanun layihəsində yalnız xərclər üzrə ödənişlər barədə məlumat verilib. Mən həmişə fikirləşirəm ki, bu Milli Məclisə, qanunlara hörmətsizlikdən qaynaqlanır, yoxsa hökumət deputalara və ictimaiyyətə məlumat vermək istəmir? Yəni aşkarlıq məsələsinə görə bunu etmir. Sözün həqiqi mənasında düşünürəm ki, bu belə deyil. Sadəcə olaraq hökumət hara nə qədər pul xərcləyəcəyini öncədən proqnozlaşdıra bilmir. Məsələn, 2022-ci ildə 99 layihə üzrə 287.1 milyon manat məbləğində maliyyələşmə, ümumiyyətlə açılmayıb. Bu gün mətbuatda tanış oldum ki, büdcə qalığı 4 milyarda çatır. Bu da onu göstərir ki, əvvəlcədən də proqnozlaşdırma aparmaq olmur. O cümlədən, mən vaxitlə də komitə sədri Tahir Mirkişilinin yanında Vergilər Nazirliyinin əməkdaşlarının diqqətinə çatdırmışdım ki, büdcə zərfinə daxil olan Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər həmin ilin may ayının 15-nə qədər Milli Məclisə təqdim olunmalıdır. Yəni bu da icra olunmur. Ona görə də, təklif edirəm ki, bu deklarativ xarakterli normaların qanunlarda qalmasına ehtiyac yoxdur və bu normalar ümumiyyətlə müvafiq qanunlardan çıxarılsın”.