Deputat “Nooldu, Paşinyan” meyxanasından danışdı
“Bizə bu formada tənqid lazım deyil”. Pravda xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
O, Parisdə, Fransa Senatının qarşısında Azərbaycan əleyhinə qətnaməyə etiraz olaraq aksiyası zamanı “Nooldu, Paşinyan” meyxanasının çalınması və soydaşlarımızın bu havaya oynamasına rəy bildirib.
Deputat deyib: Demokratik ölkədir, düşünürlər ki, o formada daha yaxşı olar. Aksiyada meyxana oxuyub, oynamaqlarını tam tənqid edə bilmərəm. Bəli, bəlkə, bundan da maraqlı, daha kəskin təsiredici nəsə tədbirlər görmək olar. Amma bu da insanların etiraz formalarından biridir.
Biz tələb edirik ki, 30 il tarixi olan diaspor 300 illik tarixi olan diaspora bütün ölkələrdə qələbə çalsın. Məgər Fransa Senatı birinci dəfədir ki, bu formada qərarlar qəbul edir? Demirəm ki, arxayın olaq. Birmənalıdır ki, bu, Fransa xalqının fikri və iradəsi deyil, ermənipərəst, kökü erməni olan, erməni təsiri altında, hansısa seçkilərdə ermənilər tərəfindən dəstəklənən siyasətçilərin mövqeyi, çağırışıdır.
Xarici ölkələrdə öz dəsti-xəttimiz, təsir nöqtələrimiz olmalıdır, bizə uyğun olan, bizə sərf edən məsələlərdə biz də bəhrələnib, istifadə etməliyik. Hər şeyi şübhə altına qoymaq olmaz. “Qurum tam gücü ilə işləmir” demək düzgün deyil.
Tənqid edənlərə sual verirəm, nə təklifiniz var? Kimin nə təklifi varsa, Diasporla İş üzrə Dövlət Komitəsinə, Milli Məclisə müraciət etsin. Bizə bu formada tənqid lazım deyil. Bizə daha çox təklif maraqlıdır. Təklifiniz nədir, mahnı oxuyaq, konsert keçirək, nə edək, hansı addımları ataq? Konkret təklif verin. Kabinetdən oturub tənqid etmək, hər şeyə qara yaxmaq məntiqli deyil”.