ASALA-nı xortlatmaq cəhdləri: nələrə diqqət etməliyik?
Əli Zülfüqaroğlu
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) həbs etdiyi cəsus şəbəkəsinə verilən təlimatlar maraqlı detalları üzə çıxarır. Strateji obyektlərlə bağlı informasiyaların əldə edilməsi təlimatı bölgədə və dünyada formalaşan yeni konfiqurasiya fonunda maraqlı və müəyyən qədər aydın mənzərə yaradır.
Biz bir dövlət və millət olaraq daim erməni terrorundan əziyyət çəkmişik. Bununla bağlı çoxsaylı misallar göstərmək olar.
Əvvəlcə qeyd edək ki, terror qruplaşmaları məsələnin görünən tərəfidir. Onu maddi, texniki və ideoloji olaraq dəstəkləyən güclər və dövlətlər var. Məsələn ABŞ-ın kontrolunda olan İŞİD, PKK, YPG, PYD və digər terror təşkilatlarını misal göstərə bilərik. PKK-ya hazırda Fransa da dəstək verir, müxtəlif dönəmlərdə Rusiyanın da kontrolunda olub və dəstəklənib.
Harada terror baş veririsə o hadisənin arxasında mütləq imperializm izləri mövcud olur.
Qardaş Türkiyədə PKK-nın törətdiyi son terror aktından sonra ASALA-nın olayın məsuliyətini öz üzərinə götürməsi ilə bağlı məlumatların yayılması maraqlı nüansdır.
Qeyd edək ki, HDP ilə PKK arasındakı fərq nədən ibarətdirsə, erməni lobbisi ilə ASALA arasındakı fərq də o qədərdir.
Təbii ki, heç bir terror təşkilatının ordusu, təhlükəsizlik qüvvələri və.s kimi gücə sahib olan dövlətlərə qalib gəlməsi qeyri mümkündür və bunu düşünmək belə absurddur. Təbii ki, terror təşkilatlarının rəhbərləri də bunun fərqindədirlər. Belə olan halda terror təşkilatları öz fəaliyyətləri ilə nə əldə etməyə çalşırlar, terror aktları törətməkdə məqsələri nədir?
Müxtəlif vaxtlarda, bacardıqca daha çox terror aktı törətməklə və daha çox insan tələfatına çalışmaqla əhalidə qorxu yaratmaq və mümkün olduğu qədər gərginliyi yüksəltməklə kütləvi psixoz vəziyyəti formalaşdırmağa çalışırlar. Bununla da dövləti xalqın nəzərində zəif göstərməyə çalışmaqla dövlətin etibarını zədələmək istəyirlər. Beləliklə də həm xalq, həm də hökuməti bezdirməklə terror təşkilatının timsalında onun ipini əlində tutanlarla sövdələşməyə getməyə, öz şərtlərini irəli sürməyə nail olmağa çalışırlar.
Təbii ki, bunun üçün kifayət qədər maliyyə ayrılır, silah və hər cür kəşfiyyat dəstəyi də göstərilir.
“Nyu York Tayms” qəzeti və Nyu York yazılı köynək
Bu gün Türkiyə nəinki bölgədə, eyni zamanda dünyada da söz sahibidir. Türkiyə Suriya və İraqda oynanılan oyunu fiaskoya uğradıb. Rusiya-Ukrayna arasında vasitəçi rolunu oynayan yeganə dövlətdir. Müdafiə Sənayesi getdikcə güclənir, Aralıq dənizində qaz əldə edəcəyi halda isə Türkiyənin enerjiyə ödədiyi illik 90 milyard dollarlıq vəsait dövlət büdcəsinə qalır ki, bu da qardaş ölkənin çox sürətli şəkildə bölgədə hegemoniyasının möhkəmlənməsi deməkdir. Bu da hazırda Yunanıstanı Türkiyənin üzərinə qısqırdan ABŞ-ın, eləcə də öz donanması ilə Aralıq dənizinə gələn və Türkiyə ordusu tərəfindən bütün sistemləri sıradan çıxarılaraq rüsvayçı şəkildə geri dönməyə məcbur olan Fransanın maraqlarına ciddi zərbə deməkdir. Bu və digər səbəblərə görə, Türkiyəni cəsarətli addımları ilə irəli aparan və qardaş ölkənin milli maraqlarını təhdid edən oyunları pozan Prezident Ərdoğanın 2023-cü il pezident seçkisində reytinqi də hədəfə alınır.
Türkiyənin daxil işlər naziri Süleyman Soylunun “Mesajınızı aldıq, cavabımız çox ağır olacaq. ABŞ səfirliyinin başsağlığını qəbul etmirik”, – ifadəsi çox ciddi və kifayət qədər aydın mesajdır.
Terrorun məhz İstiqlal prospektində törədilməsi, terroçunun isə “Nyu York” yazılı köynəkdə olması diqqətçəkən detallardır.
Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının “Nyu York Tayms”ın Türkiyənin turizm gəlirlərinə zərbə vurmağı hədəfləyən yazı yayınlamasını sərt tənqid etməsi və Türkiyəni yolundan döndərə bilməyəcəklərini qətiyyətlə ifadə etməsi mənzərəni daha aydın təsəvvür etməyə imkan verir.
Türkiyəni hər vəchlə əngəlləməyə çalışırlar
Ankaranın Liviya Milli Hökuməti ilə bağladığı müqavilə isə daha çox Fransanın maraqlarına zərbə vurur. Çünki bununla Türkiyə Afrika qitəsindən illik təqribən 500 milyard dollarlıq soyğunçu qazanc əldə edən Fransanın bu qitəyə yolunun bağlamış olur. Bunun əksinə olaraq isə Türkiyə Afrika ölkələri ilə daha ədalətli və bu ölkələrin də qazanclı çıxacağı işbirliyi Fransanın burada varlığının sonunun başlanması deməkdir.
Uzun illər soyğun qazanc əldə edən və başqasının bədbəxtliyi üzərindən rifah əldə edən fransızlar çox uzaq olmayan perpsektiv üçün acınacaqlı duruma düşəcəklərini bilirlər.
Belə olan halda isə Türkiyəni hər vəchlə əngəlləməyə çalışacaqları bəllidir.
Erməni lobbisinin terrorçu mahiyyəti
Eyni vəziyyət Türkiyənin qardaşı Azərbaycana da aiddir. Azərbaycan türkləri də terroru dövlət siyasətinə çevirən Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Emənistan xüsusi xidmət orqanlarının hazırladığı ssenari əsasında Bakıda terror aktları törədilib. Xocalıda Azərbaycan türklərinə qarşı törədilən soyqırım aktı dünyanın gözü qarşısında baş verib.
Təbii ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad edəcəkdi. Ermənistan nə qədər keçilməsi mümkünsüz hesab edilən müdafiə xətləri inşa etsə də getdikcə güclənən Azərbaycan ordusunun qorxusu öz sözünü deyirdi. Buna görə də Azərbaycan xalqının gözünü qorxutmaq üçün Tovuz istiqamətində Azərbaycana qarşı hücum edildi, nəticədə general Polad Həşimov da daxil olmaqla şəhidlər verdik.
Bunun maraqlı tərəfi isə az müddət sonra erməni lobbisinin demək olar ki, dünyanın hər tərəfində azərbaycanlılara qarşı barbarcasına hücumlar təşkil etməsi idi. Bu erməni lobbisinin terrorçu mahiyyətini ortaya qoyan addım idi. Xaricdə azərbaycanlılara qarşı hücum edən və soydaşlarımıza xəsarət yetirən ermənilərin üzərinə ASALA yazılan köynəklər geyinməsi Ermənistanın və erməni lobbisinin terrorçu mahiyyətini ortaya qoyur.
ASALA-nın dəyişən fəaliyyət yöntəmi
Hər kəsə bəllidir ki, yaxın keçmişdə ASALA-nın fəaliyyəti nəticəsində çoxsaylı Türkiyəli diplomatlar qələ yetirilib. Təbii ki, ASALA-nın başında olan şəxslər rəhmətlik Abdullah Çatlı başda olmaqla Türkiyə dövlətinə bağlı olan fədailər tərfindən məhv edilib.
Bir müddət öncə ASALA-ya qarşı mübarizə aparanlardan biri olan Alaaddin Çakıcı bildirdi ki, “ASALA-nın idarəçiləri öldürülsə də üzvləri diaspor fəaliyyətinə keçdilər və türklərə qarşı bu müstəvidə mübarizəni davam etdirməyə başladılar. Çünki o zaman bu cür fəaliyyətin daha effetkiv olacağını düşünürdülər”.
Çakıcının dediyi fikirlər 1991-ci ilə təsadüf edir. O zaman geosiyasi vəziyət Ermənistan üçün yeni perspektiv imkanları yaradırdı. Yəni artıq ASALA-nın mübarizəsinə ehtiyac duyulmurdu. Artıq terroru Ermənistan dövləti öz üzərinə götürmüşdü və nəticədə Azərbaycan əraziləri işğala məruz qaldı və minlərlə vətəndaşımız şəhid edildi.
Yenidən xortlama
Bu gün isə Azərbaycan geosiyasi vəziyyəti öz lehinə dəyişməyə nail olub. Öz torpaqlarını işğaldan azad edib. Ermənistanın ordusunu məhv edib, erməni mifi dağılıb və bütün dünyada rüsvayçı məğlubiyyətlərinin acısını yaşayırlar. Eyni zamanda Ermənitanın dövlət olaraq Azərbaycanla sülhə imza atmaqdan, “Böyük Ermənistan” xülyasından əl çəkməklə Azərbaycanın qardaşı böyük və güclü Türkiyə ilə münsaibətləri normallaşdırmaqdan başqa alternativi yoxdur. Bu isə digər Ermənistan “dövləti” hesab edilən erməni lobbisinin maraqlarına uyğun deyil.
Belə olan halda kifayət qədər maliyyə resurslarına sahib olan eməni lobbisinin yaxın zamanlarda ASALA simasında xortlamasının şahidi ola bilərik. Azərbaycanı müəyyən güzəştə getməyə təzyiq məqsədi ilə Azərbaycanda da terror aktları törətməklə xalqımızın gözünü qorxutmağa çalışa bilərlər. Bu səbəbdən də strateji obyektlərin, eləcə də əhalinin çox olduğu yerlərin, həmçini nəqliyyat vasitələrinin, o cümlədən metropolitenin təhlükəsizliyinə nəzarətin daha da gücləndirilməsi vacibdir.
Bir müddət öncə erməni lobbisinin Azərbaycanın ABŞ-dakı və Fransadakı diplomatik nümayəndəliklərinə hücumunu unutmamalıyıq.
Türkiyədə PKK-nın törətdiyi terror aktının müəllifi kimi təqdim etməsi ASALA-nın özünü vitrinə qoymaq cəhdidir.
Bu ilkin siqnallardır və tədbirlərimizi almaqla yanaşı, hər cür təhlükəyə qarşı hazırlıqlı olmalı və istənilən növ təxribatlara dünyanın harasında olursa olsun adekvat cavab verməliyik. Bununla bağlı qardaş Türkiyənin təcrübəsi ilə yanaşı, birlikdə gücümüz və imkanlarımız var. Radikalizmə yuvarlanan erməni lobbisinin də dövlətləri kimi cəsarətləri qırılmalıdır.
Banlayan Fransa və terror təcrübəsi
Azərbaycan bölgədə söz sahibidir, Fransanı və onun prezidentini adam yerinə qoymayan dünyada söz sahibi olan qardaşı Türkiyə ilə birgə hərəkət edir. Bu isə Ermənistanın “böyük bacısı” Fransanın həmçinin Türkiyənin güclənməsini və müstəqil siyasət yürütməsini özünə təhdid sayan ABŞ-ın maraqlarına uyğun deyil. Hər iki dövlət Suriyada və İraqda kifayət qədər terror təcrübəsinə sahibdir və “kiçik bacıları”na da dəstəksiz qalmayacaqlar.
İstənilən halda Azərbaycan qalib dövlətdir, güclü ordumuz var, hərb meydanı ilə yanaşı diplomatik savaşda da qalibik və əlimiz güclüdür. Prezident İlham Əliyevin Zəfər Günündə Şuşada “Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz”, – fikrinin kimə ünvanlandığı bəllidir və Azərbaycan dövlətinin qətiyyətindən, heç bir xarici təzyiqə boyun əyməyəcəyindən xəbər verir.
Azərbaycan da qardaş Türkiyə ilə bərabər güclü oyunçudur. Orta Asiyada dünya çapında yeni türk gücü formalaşır ki, bu gücün formalaşmasında əsas rol oynayan dövlətlərdən biri də məhz Azərbaycandır. İki qardaş dövlətin bu və digər uğurlu strateji addımları Ermənistan və “bacıları”nı qıcıqlandırır.
Bu səbəbdən də hədəfdə təkcə qardaş Türkiyə yox, eyni zamanda Azərbaycan da var…