BAXCP hökuməti Fransa ilə münasibətlərə yenidən baxmağa
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Fransa Senatının ölkəmizə qarşı qəbul etdiyi qətnamə ilə bağlı bəyanat yayıb. Bu barədə xalqcebhesi.az saytına partiyanın mətbuat xidmətindən məlumat verilib.
BAXCP hesab edir ki, Fransa Senatının 15 noyabr 2022-ci il tarixdə Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə beynəlxalq qanunlara zidd olmaqla yanaşı, erməni diasporasına yarınmaqdan daha çox Türkiyə və Azərbaycan respublikalarına nifrətdən qaynaqlanır: “Qəbul olunmuş bədnam qətnamə işğalçı və müharibə cinayətləri törətmiş (soyqırım,dinc insanların raket zərbələri ilə qətlə yetirilməsi, etnik təmizləmə, əsirlərin işgəncə verilməklə öldürülməsi və s.) Ermənistanı müdafiə etmək, qanlı seperatizmə haqq qazandırmaq, BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində dövlət sərhədlərini və həmin ərazilərdə dövlət suverenliyini bərpa etmək istəyən Azərbaycanı qorxutmaq, onu güzəştlərə məcbur etmək məqsədi daşıyır. Keçmişi qanlı qətliamlarla, bu günü siyasi riyakarlıqlarla zəngin olan bir ölkənin Azərbaycanı nədəsə ittiham etməsi heç bir əxlaqa sığmır.
BAXCP hökuməti Fransa ilə bütün sahələrdə münasibətlərə yenidən baxmağa, onun vasitəçilik missiyasından imtina etməyə çağırır.
Senatın qandan doymayan üzvüləri öz hökumətlərini Ermənistanı silahlandırmağa çağırmaqla bölgədə yeni böyük savaşa yol açmaq istəyirlər. BAXCP-nin qənaətinə görə, bu kimi çağırışlar zəruri edir ki, Azərbaycan sülh sazişinə dair layihəyə Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni 30 il işğal altında saxlamasına, on minlərlə insanı qətlə yetirməsinə, şikəst etməsinə, bir milyon insanı 30 ildən artıq ev-eşiyindən didərgin salmasına, iqtisadiyyatmıza vurduğu ziyana görə Azərbaycan xalqından üzr istəməsinə, təzminat ödəməsinə və müharibə cinayətləri törətmiş şəxslərin məsuliyyyətə cəlb olunmasına dair yeni tələblər əlavə etsin, qısa müddətdə erməni sakinlərin yaşadığı Qarabağda dövlət suverenliyini, Laçında dövlət sərhədlərini bərpa etsin”.