Fransa Senatının “fəaliyyəti” iki ölkə arasında və regionda yaranacaq sülh prosesinə mənfi təsir göstərir
Fransa Senatının “fəaliyyəti” iki ölkə arasında və regionda yaranacaq sülh prosesinə mənfi təsir göstərir, məqsədli formada siyasi manipulyasiyanı ifadə edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, dosent Yusif Ağayev söyləyib.
Yusif Ağayev deyib: “Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Fransa Senatının qəbul etdiyi qətnamə qərəzli siyasi mövqeyinin ifadəsidir. 30 ildir Azərbaycan ictimaiyyəti təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında Fransa Senatında bir dəfə də olsun ədalətli fikir eşitməyib.
Azərbaycanla bağlı qərəzli və ədalətsiz fikirləri birmənalı şəkildə qəbul etmir və Fransa ictimaiyyətini təmsil edən sağlam düşüncə sahiblərini ikili standartlara xidmət edən bu qərəzli siyasətə etiraz bildirməyə çağırırıq”.
Qeyd olunub ki, dünən Fransa Senatında qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 2020-ci il 9 noyabr tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qərəzli, həqiqəti əks etdirməyən, beynəlxalq hüququn və beynəlxalq insan hüquqlarının ayaq altına alınması, şəxsi və lobbi maraqlarına xidmət edən yanlış yanaşmadır. Bu yanaşma, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə də ziddir.
“Diaspor Senatı”nın üzvlərinə xatırladılmalıdır ki, səs verdiyiniz “kağız parçası” 1975-ci il Helsinki Yekun Aktına qarşıdır, eyni zamanda, dövlətlərin daxili yurisdiksiyasına aid olan məsələlərə müdaxilədir. Senatın bu “yarıtmaz fəaliyyəti” iki ölkə arasında və regionda yaranacaq sülh prosesinə mənfi təsir göstərir, bununla yanaşı məqsədli formada siyasi manipulyasiyanı ifadə edir.
“Bir daha qeyd etmək istəyirəm ki, “Fransanın Diaspor Senatı”nın məlum qətnaməsi qəbuledilməzdir, sülhün əleyhinədir. Eyni zamanda, Fransanın ədalətsiz mövqeyə sahib olmasının bir daha təsdiqidir”, – deyə Y.Ağayev qeyd edib.