“Fransa tarixdə işğalçı dövlət olaraq qalıb – bu xüsusiyyətinə görə Ermənistana daha çox oxşayır” – Rauf Rəcəbov
Noyabrın 15-də Fransa Senatında qəbul edilən “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamənin hər hansı bir hüquqi qüvvəsi yoxdur və bu qətnamə Fransanın növbəti dəfə qərəzli və birtərəfli siyasi mövqeyini nümayiş etdirdi. Yalan və iftira dolu müddəaları özündə əks etdirən qətnamə açıq təxribat xarakteri daşımaqla Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə xələl gətirilməsinə xidmət edir.
Fransa parlamentinin yuxarı palatasının qətnaməsində növbəti dəfə Azərbaycanın ərazilərinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğalı, mülki əhaliyə qarşı törədilmiş qırğınlar, şəhər və kəndlərin talan edilməsi, yüzminlərlə məcburi köçkünlərin hüquqlarının qəddarcasına tapdanması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarında etnik təmizləmə siyasəti həyata keçirməsi, habelə 2020-ci il Vətən müharibəsindən sonra Azərbaycanın sülh quruculuğu, bərpa və yenidənqurma işləri ilə bağlı faktlar göz ardına alınır.
Yer kürəsinin 50-dən artıq dövlətinin ərazisini işğal edib, həmin dövlətlərin sərvətlərini talan edib, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq və müharibə cinayətləri beynəlxalq ictimaiyyət tərəfindən hələ də lənətlənir. Müstəmləkə illərində Fransa silahlı qüvvələrinin etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirilməsi uzaq tarix deyil.Fransa tarixdə işğalçı dövlət olaraq qalıb. Onun tarixi qan-qada ilə doludur. Bu xüsusiyyətinə görə o Ermənistana daha çox oxşayır. Təkcə işğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzairə təqdim etmək istəmir. Nəticədə Əlcəzair Azərbaycan kimi dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında qabaqcıl yer tutur. Ermənistan müttəfiqi Fransanın ənənələrini davam etdirərək işğal etdiyi Azərbaycan torpaqlarında bir milyondan artıq mina basdırıb və dəqiq mina xəritələrini ölkəmizə verməkdən imtina edir. Vətən müharibəsindən indiyədək, yəni ötən 2 il ərzində 270-ə yaxın Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsində Ermənistan qədər, buna səssiz qalan Fransanın da məsuliyyəti var.1830-1962-ci illəri əhatə edən Əlcəzair işğalı dövründə 1,5 milyondan artıq insanı qətlə yetirən və bu ölkənin “1,5 milyon şəhid ölkəsi” adlandırılmasına baiskar olan fransızların humanitar hüquqdan danışması və dünyaya demokratiya “dərsi” keçməsi gülməlidir.
Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa, ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin xalqına muxtariyyət verməkdən imtina edib. Hətta Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa, bu ölkəni “Fransa Əlcəzairi” adlandırıb.1832-ci ildə Əlcəzairin El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilib. Qadınlar və uşaqlar da daxil olmaqla 12 min adam qətlə yetirilib. 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülüb, həmçinin 5000-ə yaxın adam həbs olunub, habelə 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilib.
Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyindən danışan ölkənin paytaxtında, 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxıb. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli ööldürülüb, mindən çox şəxs həbs olunub. Bu hadisə tarixə “Sena qətliamı” kimi düşüb.
Sonda bir daha vurğulamaq istəyirəm ki,Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün Fransa Ermənistana tərəfkeşlik yox, bitərəf qalmalıdır. Senatda ermənilərin xeyrinə qəbul edilən belə qətnamələr ciddi nəticələrə gətirib çıxarmaqla yanaşı, həm də regionda münaqişəni yenidən alovlandıra bilər.Bəzi fransız siyasətçilərin irqçi dünyagörüşü və şəxsi ambisiyaları, eləcə də erməni əsilli fransızların tutduqları mövqe çox təhlükəlidir və Cənubi Qafqazda gələcək eskalasiyalara zəmin yaradacaq.
Azərbaycan regionda davamlı sülhə nail olmaq üçün bütün səylərini səfərbər edib.Lakin fransız siyasətçilər və parlamentarilər təhlükəli mövqeləri ilə regionda sülhün bərpa edilməsində maraqlı olmadıqlarını göstərirlər və qərəzli çıxışları ilə vəziyyəti daha da mürəkkəbləşdirirlər.
Fransanın birtərəfli davranışdan əl çəkməsi və daha tarazlaşdırılmış mövqe tutması çox vacibdir. Birtərəfli ittihamlar və sanksiyalarla vəziyyəti gərginləşdirmək olmaz. Fransa Senatı qərəzli qətnamələr qəbul etmək əvəzinə regionda sülhə, sabitliyə və tərəqqiyə xidmət edən, ölkənin maraqlarına uyğun gələn və regionun davamlı inkişafına töhfə verəcək fəaliyyətlərlə məşğul olmalıdır.
Rauf Rəcəbov,
Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin sədri