FotoGündəmManşetQHT AgentliyiSiyasətSosialXəbər xətti

Hacıqabulda narkomaniya ilə bağlı daha bir tədbir keçirilib – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi “Narkomaniya: ağır və erkən ölüm” layihəsi çərçivəsində regionlarda nəzərdə tutulmuş görüşlər, tədbirlər başa çatıb. Yekun tədbir Hacıqabul şəhər 10 nömrəli Texniki-təbiət fənlər təmayüllü məktəb-liseydə keçirilib.

Müzakirələrdə Hacıqabul Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zaur Şirəliyev, Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Sahil Murtuzayev, Şirvan – Salyan Regional Təhsil İdarəsinin Haıcıqabul rayon sektorunun təmsilçisi Loğman Səmədov, səhiyyə idarələrinin, məktəblərin, müxtəlif dövlət strukturu və özəl qurumların nümayəndələri iştirak edərək, narkomaniya ilə bağlı onları narahat edən məsələləri gündəmə gətiriblər, fikir mübadiləsi aparıblar, aidiyyəti üzrə suallar veriblər.

 “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov öncə Hacıqabul Rayon İcra Hakimiyyətinə və Hacıqabul şəhər 10 nömrəli Texniki-təbiət fənlər təmayüllü məktəb-liseyin rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirib.Daha sonra o, təmsil etdiyi qurumun layihə çərçivəsində gördüyü işlərdən danışıb, narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb. Dövlətin, ayrı-ayrı qurumların, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu sahədə gördüyü işlərdən, dəstək olduqları layihələrdən danışıb. Sədr müavini Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramının təsdiq edilməsi barədə imzaladığı sərəncamı insanları sağalmaz xəstəliklərə düçar edən bu dəhşətli bəlaya qarşı mübarizə sahəsində atılmış ən xeyirxah addım kimi dəyərləndirib.

Sonra çıxış edənlər Hacıqabul rayonu ərazisində “ağ ölüm”lə mübarizədən, aparılan profilaktik işlərdən, maariflənmə məsələlərindən, hüquq-mühafizə orqanı əməkdaşlarının həyata keçirdiyi önləyici tədbirlərdən danışıblar.Diqqətə çatdırılıb ki, narkomaniyanın yayılması sağlam həyat tərzi üçün təhlükə yaradır. Narkotik maddələrin qəbul edilməsi isə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyatda proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranlı dövründə narkomanlıq artır, sosial münasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə və fiziki gücün düşməsinə gətirib çıxarır. Qeyd edilib ki, narkotik maddələr – tələdir! Bu tələyə  bir dəfə düşən insanın oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməmək kimi tövsiyələr verilib.

Eyni zamanda qonaqlar bu sahədə işlərin daha da gücləndirilməsini vacib sayıblar. Nəzərə çatdırılıb ki, narkomaniya və onun fəsadlarına qarşı mübarizə üçün yeni iş yerlərinin açılması, ödənişsiz, yaxud qismən ödənişli idman komplekslərinin sayının çoxaldılmasına böyük ehtiyac var. Gənclər asudə vaxtlarını səmərəli keçirməlidirlər.

Qeyd edək ki, mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış və ön hissəsində “Narkomaniyaya “yox” deyək” yazılmış xüsusi köynəklər paylanılıb.

Bununla da 3 aylıq layihə uğurla başa çatıb.