Beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası hazırlandı – FOTOLAR
Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası hazırlanıb.
Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilib. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, hazırlanan məlumat bazasında söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, strukturları, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, mövcud durumları, Azərbaycana münasibətləri barədə informativ xarakterli bilgilər toplanılıb. “Bu materiallar məqalələr formasında hazırlanaraq yerli KİV-lərdə dərc edilir. Azərbaycan oxucusu üçün əlçatandır”.
Müşfiq Ələsgərli əlavə edib ki, iki ay müddətində davam edən layihənin əsas məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlığının qurulmasını stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan ibarətdir.
Bu məqsədlə oktyabrın 21-də Azərbaycan Mətbuat Şurasının konfrans zalında tədbir də keçirilib. Tədbirə beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanları olan milli QHT və KİV nümayəndələri qatılıblar.