Telman İsa: Xalqımıza qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir
Ermənistanın, radikal ermənilərin Azərbaycana, xalqımızın yüz illiklər boyu yaratdığı mədəni-tarixi irsə qarşı təxribatları, vandal hərəkətləri təəssüf ki, davam etməkdədir. Qonşularına torpaq iddiası, faktları saxtalaşdırmaqda fərqlənən, hər addımda yalnız zərbə vurmağa meyilli olan, qatil Njdenin davamçıları, mənfur düşmənimiz son aylar və günlər bu hərəkətlərini daha da genişləndirməkdə, sürətləndirməkdədirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Telman İsa söyləyib.
Onun sözlərinə görə, iki əsrdən artıqdır ki, Azərbaycan xalqına qarşı davam edən erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Tarixi-dini abidələr xalqımızın milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini və adət-ənənələrini özündə təcəssüm etdirən, onun ruhani yaddaşını hifz edən müqəddəs məkanlardır. Buna görə də Azərbaycanın maddi-mədəniyyət nümunələrini, o cümlədən tarixi-dini abidələri məhv etmək Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən biridir. Azərbaycanlılara, müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı, həm də təhqir olunur. Son illərdə məscidlərdə mal-qara və digər heyvanların saxlanılması faktı Qərb ölkələrinin fotomüxbirləri tərəfindən də lentə alınıb və bütün dünya ictimaiyyəti bu kadrlarla tanış olub. Bundan başqa, Qafqaz Albaniyasına məxsus məbədlər erməniləşdirilərək qriqoryanlaşdırılıb.
“Bir gün əvvəl sosial şəbəkələrdə olduqca narahatedici görüntülərə rast gəldik. Söhbət Azərbaycan qəbiristanlığının erməni vandalları tərəfindən dağıdılması, yerlə bir edilməsindən gedir. Məkan barədə dəqiq məlumat olmasa da, teleqram kanalları həmin yerin Basarkeçər ərazisindəki tarixi qəbiristanlığımızın olduğunu bildirir. Əlbəttə, hadisənin hansı ərazidə baş verməsindən asılı olmayaraq, yuxarıda da qeyd etdiyimiz kimi, söhbət vandalizm aktından və azərbaycanlıların mədəni irsinə qarşı növbəti vəhşilikdən gedir. Görüntülərdə nalayiq ifadələrlə, öz xüsusiyyətlərinə uyğun, söyüşlər söyən erməni vəhşiləri yük maşınının arxa hissəsi ilə qəbir daşlarını sındırır, mənəvi dəyərlərimizə aid atributları məhv edirlər. Aydındır ki, xəmirləri nifaq salmaqla yoğurulan naqis qonşularımızın bir hədəfi, məqsədi var: məzarlıqlarımızı dağıtmaqla tarixi təhrif etmək, azərbaycanlıların izini öz ata yurdlarından silməkdir. Amma su kimi aydındır ki, onların bu cəhdləri alınmayacaq! Azərbaycan dövləti və xalqı, 44 günlük müharibədə olduğu kimi, başqa sahələrdə də ermənilərin dərsini verəcək, tarixi cinayətlərini ifşa edəcək, etdikləri əməllərə görə mötəbər təşkilatlar qarşısında mühüm məsələlər qaldıracaqlar”, – deyə T.İsa qeyd edib.
Siyasi ekspert diqqətə çatdırıb ki, baş verənlər rəsmi Bakının Ermənistan ərazisində azərbaycanlılara məxsus tarixi-mədəni abidələrin taleyinin UNESCO tərəfindən araşdırılması üçün missiyanın yaradılması təklifinin aktuallığını bir daha göstərir. Amma o da məlumdur ki, sözügedən təşkilat bu yöndə hələ də tutarlı addımlar atmır. UNESCO-nun laqeyd münasibəti fonunda erməni tərəfi Azərbaycan xalqına yüz illiklər boyu yaratdığı mədəni-tarixi irsi dağıtmaqda davam edir. UNESCO 1954-cü ilin Haaqa Konvensiyasının şərtlərinin kobudcasına pozulmasına göz yumduqca, təəssüf ki, dağılan abidələrin, məzarlıqların, məscidlərin sayı artacaq.
“Təkrar edirik, insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. Əvvəlcə qısaca qeyd etdiyimiz kimi, Ermənistanın xalqımıza məxsus abidələri dağıtması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür”, – deyə Telman İsa bildirib.
O deyib ki, Şuşada Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı məscidləri və Ağdamda Cümə məscidi dağıdılıb, Laçında Ağoğlan, Kəlbəcərdə Xudavəng, Ağdərədə Gəncəsər və digər məbədlərin ermənilər tərəfindən qriqoryanlaşdırıldığı məlumdur. Bəzən isə ermənilər işğal etdikləri ərazilərdə yerləşən məscidlərin Azərbaycan xalqına deyil, başqa dövlətlərə məxsus olduğunu iddia etmiş və bu niyyətlə məkrli addımlar atmışdılar. Hərb cəbhəsində uğursuzluğa məruz qalan erməni silahlı birləşmələri hazırda çirkin əllərini mülki yaşayış yerlərinə, o cümlədən tarixi abidələrə, qəbiristanlıqlara uzadırlar.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin dövlət başçılarının Astanada keçirilən son görüşündə ermənilərə, tədbirə qatılmış erməni baş nazirinə xəbərdarlıq etməsi bir daha göstərir ki, rəsmi Bakı daşnakların istənilən həmləsinin, təxribatlarının qarşısını qətiyyətlə alacaq”, – deyə Telman İsa fikirlərini yekunlaşdırıb.