“Narkomaniya: ağır və erkən ölüm” layihəsi ilə bağlı tədbir keçirilib – FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin icra etdiyi “Narkomaniya: ağır və erkən ölüm” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Sabunçu korpusunun akt zalında tələbə və gənclərlə görüş keçirirlib.
Görüşdə Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə, psixoloq, təlimçi Günay Hüseynli, Zərərli Vərdişlərə Qarşı İctimai Birliyinin sədri Zaur Orucov və digər qonaqlar iştirak ediblər.
100-ə yaxın gəncin, tələbənin iştirak etdiyi tədbirdə giriş sözü ilə çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini Telman Məmmədov təmsil etdiyi qurumun layihə çərçivəsində gördüyü işlərdən danışıb, narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıb. O, görüşdə səslənəcək fikirlərin, irəli sürüləcək təkliflərin, təhlillərin narkomaniya ilə bağlı problemlərin qarşısının alınması baxımından faydalı olacağına əminliyini bildirib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrayıl İsgəndərov qonaqları və tələbələri salamlayaraq dövlətin gənclər və idman siyasətinə, ailə institutuna göstərdikləri xüsusi diqqət və qayğıdan danışıb. 44 günlük Vətən müharibəsində ölkə prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında qalib Ordumuzun 30 illik işğala son qoymasından, canından, qanından keçən qəhrəman oğullarımızın hünərindən söz açıb. Ölkəmizdə belə nümunəvi gənclərlə yanaşı, pis vərdişləri ilə həm özü, həm də cəmiyyət üçün təhlükə mənbəyi olan narkotik aludəçilərinin də olduğunu təəssüflə deyən direktor narkomaniyanı əsrin faciəsi kimi qiymətləndirib, bu qlobal bəla ilə mübarizədə bütün cəmiyyətin səfərbər olmasının vacibliyini vurğulayıb.
Azərbaycan dövlətinin narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirdiyi siyasətdən və yaradılmış qanunvericilik bazasından danışan millət vəkili Müşfiq Məmmədli də çıxışında müzakirə olunan problemin təkcə bir ölkənin deyil, bütün dünyanın qlobal problemi olduğunu qeyd edib. O, narkomaniya bəlasının fəsadları ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə, xüsusən sosial şəbəkələrin imkanlarından istifadənin səmərəliliyinə diqqət çəkib.Parlament üzvü həmçinin “ağ ölüm”ün cəmiyyətimizə vurduğu zərərə nəzər yetirib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Hüseynzadə, psixoloq, təlimçi Günay Hüseynli, Zərərli Vərdişlərə Qarşı İctimai Birliyinin sədri Zaur Orucov da mövzu ilə bağlı fikirlərini bildiriblər.Ekspertlər son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artmasının cəmiyyətdə ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıblar. Bu problemdən çıxış yolu kimi gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsini vacib sayıblar. Bu bəlanın qarşısının alınmasında həmçinin ictimai maarifləndirmənin ənənəvi forma və metodları ilə yanaşı, sosial medianın rolu xüsusi qeyd edilib.
Mövzu ətrafında müzakirələr və geniş fikir mübadiləsi aparılıb. Sonda iştirakçılara layihə çərçivəsində hazırlanmış və ön hissəsində “Narkomaniyaya “yox” deyək” yazılmış xüsusi köynəklər paylanılıb.
Qeyd edək ki, layihənin icra müddəti 3 aydır.