FotoGündəmManşetQHT AgentliyiSiyasətVətəndaş cəmiyyətiXəbər xətti

“Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlimin bağlanış mərasimi keçirilib

03 oktyabr tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində keçirilən “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlimin bağlanış mərasimi keçirilib.

Suraxanı Gəmi muzeyində təşkil edilən mərasimdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini Tural İbrahimov, proqram iştirakçıları, media nümayəndələri və təşkilatçılar iştirak ediblər.

Tədbiri açıq elan edən Gənclərin İntellektual İnkişafına Yardım İctimai Birliyinin sədri Röyal İsmayılov layihənin proqramının uğurla yekunlaşdığını vurğulayıb və dəstəyi olan hər kəsə təşəkkürünü bildirib.

Sonra çıxış edən Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev proqramı uğurla bitirdikləri üçün iştirakçıları təbrik edib və bildirib ki, geri dönərkən təəssüratlarınızda Azərbaycanın xüsusi rolu və yeri olacağına əminik. Bu gün Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr təkcə bir xalqın deyil, regionun da inkişafında mühüm rol oynayır. Azərbaycan dünyada tanınan, müstəqil siyasəti olan bir ölkədir və gənclər siyasəti, onların təşəbbüslərinin dəstəklənməsi hər zaman ölkə siyasəti üçün prioritet olub.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxış edərək bildirib ki, Erasmus+ proqramı əsasən Avropa ölkələri olmaqla, dünyanın bir çox ölkələrində müxtəlif sosial mövzularda layihələrin təşkilini ehtiva edən əsas beynəlxalq sosial gənclik platformalarından biridir. Proqram ölkəmizdə də gənclər və gənclər təşkilatları arasında olduqca geniş rəğbət qazanmışdır və “Şuşa ili” çərçivəsində 100-dən artıq gəncə Azərbaycanın tarixi ədaləti bərpa etdikdən sonra regionda yaranan yeni reallıqlar haqqında məlumat vermək baxımından çox önəmlidir.

Daha sonra çıxış edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəis müavini Tural İbrahimov iştirakçılara uğurlar diləyib və bildirib ki, “Əziz gənclər əminəm ki, geri döndüyünüz ölkənizə Azərbaycandan qucaq dolu salamlar, xoş təəssüratlar aparırsınız. Bu təəssüratlar hər zaman Sizə zəngin, çox əsirlik tarixə malik olan Azərbaycanı xatırladacaq”.

Məlumat üçün bildiririk ki, “Erasmus+” proqramı çərçivəsində iki beynəlxalq təlimin iştirakçıları Dövlət Miqrasiya Xidmətində, Gənclər Təşkilatlarının Resurs Mərkəzində olublar, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna, Suraxanı Gəmi muzeyinə və Heydər Əliyev Mərkəzinin parkına ekskursiya ediblər. Ümumillikdə, Bakı şəhəri ilə tanışlıq və keçirilən görüşlərin hər biri proqram iştirakçılarında xoş təəssürat yaradıb.

#QhtAgentliyi#NgoAgency#Azerbaijan#ErasmusPlus