FotoManşetXəbər xətti

AzMİU-da 27 sentyabr – Anım Günü şəhid ailələri və qazilərlə birgə qeyd olundu – FOTO

AzMİU-da 27 sentyabr – Anım Günü şəhid ailələri və qazilərlə birgə qeyd olundu

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar tədbir keçirilib.  AzMİU-nun şəhid məzun və tələbələrinin xatirəsinə ehtiram olaraq yaradılan Memorial-Xatirə Kompleksinin qarşısında keçirilən tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı, şəhid ailələri və qazilər də iştirak edib.

Açılışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən danışıb. Rektor bildirib ki, 30 illik işğala son qoyan parlaq qələbəmiz dövlətimizin, xalqımızın gücünü bütün dünyaya göstərdi. Professor Gülçöhrə Məmmədova qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizin ruhu qarşısında baş əydiyini, onların əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.

AzMİU-nun magistratura səviyyəsində təhsil alan tələbəsi Fariz Əzizov çıxışında keçdiyi döyüş yollarından danışıb və həmin dövürdə Azərbaycan Ordusunun döyüş əzminə, əsgərlərimizin düşməni lərzəyə salan milli ruhuna diqqət çəkib.

AzMİU-nun şəhid məzunu Rauf İbadovun atası Məhərrəm İbadov oğlunun xatirələrindən danışaraq onun milli-vətənpərvər məsələlərə həssaslığından söz açıb. Məhərrəm İbadov bildirib ki, Azərbaycan Ordusunun general-mayoru, Milli Qəhrəman Polad Həşimov şəhid olarkən Rauf dərin sarsıntılar keçirib və anasına nəyin bahasına olursa-olsun işğala son qoymaq zamanının yetişdiyini deyib.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov isə AzMİU tələbələrinin “dəmir yumruq” ətrafında sıx birləşdiklərini, Vətənin müdafiəsinə daim hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, 27 sentyabr – Anım Günü ilə əlaqədar AzMİU-da ilk dərslər vətənpərvərlik mövzusuna həsr olunub.