FotoGündəmManşetQHT AgentliyiSiyasətVətəndaş cəmiyyətiXəbər xətti

Azərbaycan QHT-lərinin sülhə çağırışı adlı tədbiri keçirilib – FOTOLAR

Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan QHT-lərinin
sülhə çağırışı adlı tədbiri keçirilib.

22 sentyabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Beynəlxalq Sülh Günü münasibətilə Azərbaycan QHT-lərinin sülhə çağırışı adlı tədbiri keçirilib.
Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Tədbiri açılış nitqi ilə başlayan Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov bildirib ki, Azərbaycan dövləti, Azərbaycan xalqı ilin yalnız bir gününün deyil, bütün günlərinin sülh içərisində yaşanmasının tərəfdarıdır. XIX əsrin əvvəllərində ərazilərimizə köçürülən ermənilərə yaşamaq üçün yer verən, humanistlik göstərən azərbaycanlılar əsrlərdir ki, yaxşılıqlarına qarşı yamanlıqlar görüblər. Ermənilər yerləşərək yurd saldıqları Azərbaycanın əzəli torpaqlarını münaqişə ocağına çeviriblər. Tarixin hər ziddiyyətli, mürəkkəb dönəmində öz məkrli niyyətlərini, uydurduqları, özlərindən başqa kimsənin inanmadığı xülyalarını reallaşdırmaq arzusuna düşüblər. Havadarlarından da təlimatlar, həmçinin hər cür yardımlar aldıqdan sonra Ermənistan ilk fürsətdə Azərbaycana qarşı işğalçılıq siyasəti yürüdüb, Azərbaycan xalqının başına min müsibətlər, fəlakətlər açıb. Xalqımıza qarşı qırğınlar, qətliamlar, terrorlar, soyqırımıları törədibdir. Lakin bu hadisələrin fonunda Azərbaycan bütün dönəmlərdə sülh carçısı olub, hər zaman sülhə çağırışlar edib, bir neçə onilliləklər ərzində işğal altında olan torpaqların məhz sülh danışıqları yolu azad edilməsinə üstünlük verib. A.Allahverənov qeyd edib ki, sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Sülhün qorunması uşaqlarımızın, gələcək nəsillərin qorunması deməkdir, bütövlükdə gələcəyimizin zəmanətidir. Bütün müharibələr sülh ilə sona çatıb. Cəhalət nə qədər dağıdıcı olsa belə, sülh bütün vasitələrdən güclüdür. Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir.
Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının nümayəndələri –Radə Abbas, Rauf Zeyni, Telman Məmmədov, Müşviq Ələsgərli, Məhsəti Hüseynova, Sevinc Fədai, Rəsul Cəfərov, Əhməd Abbasbəyli, Ramil İsgəndərli bildiriblər ki, illərdən bəri müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. Otuz ilə yaxındır ki, Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində müharibənin əziyyətlərini yaşayan, qaçqın, köçkün problemi ilə üzləşən Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzün bərpası üçün aparılan müzakirələrdə, danışıqlarda sülhsevər siyasətini diqqətə çatdırır.
Çıxışlardan sonra tədbir qarşılıqlı diskussiya şəkilində davam edib.

QhtAgentliyi #NgoAgency #Sülhtedbiri