Parlamentdə İTV-yə sərt ittiham: Nadanlıq təbliğ olunur
Deputat Fazil Mustafa İctimai Televiziyanı sərt tənqid edib.AFN xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən F.Mustafa bildirib ki, İTV-də ziyarətgahların və digər pirlərin təmiri ilə bağlı veriliş yayımlanıb: “Ziyarətgahlarda təmir işlərinin aparılması müsbət haldır və mən bunu təqdir edirəm. Lakin verilişdə belə təmirləri başqa kontekstdə təqdim etməyə çalışırdılar ki, guya insanlar bu ziyarətgahlara gedib nəzir verməlidirlər və oranı təbliğ eləməlidirlər.
Sovet dövründə heç bu qədər nadanlıq , cahillik təbliğ olunmurdu. Bunu İctimai televiziyanın efirində etmək daha zərərlidir. Az qalsın desinlər ki,hər universitetin həyətində ziyarətgah açmaq lazımdır.
Biz müasir dövrdə Molla Xəlil kimyagərlər dövrünə qayıdırıqsa, hansı inkişafdan danışa bilərik? Bu gün biz elmdən, onun təbliğindən danışmalıyıq. Ona görə televiziyaların bu işini kəskin şəkildə qınayıram”.