GündəmManşetQHT AgentliyiVətəndaş cəmiyyətiXəbər xətti

Əcnəbilərin yerli cəmiyyətə inteqrasiyasının təmin olunması üçün tədbirlər keçiriləcək

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə səmərəli inteqrasiyası üçün səylərin səfərbər edilməsi” layihəsinin icrasına başlayıb.
İcra müddəti cari ilin sentyabr-noyabr aylarına təsadüf edən layihənin məqsədi ölkə ərazisində olan miqrantların maraqlarına cavab verən miqrasiya mövzularının müxtəlif aspektlərini əhatə edəcək şərtilə təşkil olunacaq məlumatlandırma və maarifləndirmə tədbirləri vasitəsilə bu kateqoriyadan olan əcnəbilərin yerli cəmiyyətə səmərəli şəkildə inteqrasiyasına dəstək olmaqdır. Müəyyən olunmuş məqsədə çatmaq üçün layihə çərçivəsində miqrasiya sahəsində mövcud olan və miqrantların maraqlarına cavab verən aktual mövzular üzrə rus və ingilis dillərində maarifləndirici əyani vəsaitlər nəşr olunacaq, silsilə seminarlar daxil olmaqla layihənin hədəf qrupları arasında maarifləndirmə tədbirləri keçiriləcək, əcnəbilərin inteqrasiyası sahəsində dövlət siyasətinin effektivliyinin artırılması üçün maraqlı tərəflərin iştirakı ilə dialoq platforması qurulacaq və inkişaf etdiriləcəkdir.
Layihə çərçivəsində Dövlət Miqrasiya Xidməti və digər aidiyyəti dövlət qurumları, o cümlədən fəaliyyətlərini əcnəbilərlə əlaqədar quran beynəlxalq təşkilatlarla, vətəndaş cəmiyyəti institutları və özəl qurumlarla, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın müvafiq işçi qrupu ilə sıx əməkdaşlıq olunacaqdır. Bu səbəbdən “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi hazırkı layihə çərçivəsində bütün maraqlı tərəfləri əməkdaşlığa dəvət edir. Ölkə ərazisində olan əcnəbilərlə əlaqədar hər müraciət layihənin icra qrupu tərəfindən müvafiq qaydada qeydə alınacaq və nəzərdən keçirildikdən sonra mümkün dəstəklərin göstərilməsi məqsədilə aidiyyəti üzrə istiqamətləndiriləcəkdir.
Layihə çərçivəsində əldə olunacaq bütün nəticələr sosial media hesabları üzərindən ictimaiyyətin diqqətinə çatdırılacaqdır. Bunun üçün layihənin icra qrupu kütləvi informasiya vasitələri ilə geniş əməkdaşlıq əlaqələrinin qurulmasında və bu əsasda intensiv məlumat mübadiləsinin aparılmasında maraqlı olduğunu əminliklə ifadə edir.