Teleqraf.com-un suallarını Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Əli bəy, Azərbaycan cəmiyyəti üçün tanınmış bir sima – “Rus Dünyası”nın əsas ideoloqlarından olan Aleksandr Duqinin qızı Daryanın faciəli ölümünə sosial şəbəkələrdə və cəmiyyətdə ikili münasibət müşahidə olunur. Bir qrup bu faciəyə etinasız yanaşsa da, bəziləri hesab edir ki, 44 günlük Vətən müharibəsində Duqin Azərbaycanın həqiqi dostu olduğunu sübut edib. Sizcə, Duqin Azərbaycanın dostudurmu?
– İctimai-siyasi fikir adamlarının dediklərində bir həqiqət var ki, Duqin bir ideoloq kimi, Azərbaycana müxtəlif dövrlərdə fərqli münasibət sərgiləyib. Krımın ilhaqından sonra Duqin Azərbaycan mediasına bir müsahibə vermişdi. Orada qeyd edir ki, biz (Rusiya) Ermənistanla müttəfiqik, xalqlarımız da yaxındır. Hərçənd ki, Rusiyaya Sərkisyan hakimiyyəti sərf edirdi, amma onlar dözüm nümayiş etdiriblər və hakimiyyətin Paşinyana keçməsini çox sakit qarşılayıblar.
Azərbaycanla münasibətlərin isə Heydər Əliyevin dövründə daha sağlam və normal məcralar üzərində qurulduğunu deyir. Burada bir incə məqama toxunur ki, indi Rusiya ilə Azərbaycan münasibətləri sadəcə liderlər səviyyəsində qalıb. Rusiyanın Azərbaycan üzərində bir çox məsələlərin formalaşması baxımından böyük təsirləri olub. Region dövləti olaraq biz Qərbdən çox Rusiyaya bağlıyıq. Biz bu ölkə ilə sağlam qonşuluq əlaqələrini və münasibətlərini saxlamalıyıq.
Duqin həmin müsahibədə Azərbaycanı Rusiyaya daha yaxın bir dövlət kimi görmür. Amma Rusiya-Ukrayna müharibəsindən əvvəl Azərbaycanla Rusiya arasında müttəfiqlik sazişi imzalandı. Bu saziş bir növ Rusiya dövləti və xalqı üçün bir əminlik yaratdı. Yəni Azərbaycan heç vaxt Rusiyaya arxa çevirib və yaxud da öz ərazisindən NATO-ya qapı açıb onun üçün təhdid yaratmayacaq.
Bundan sonra Duqin 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq davasını, Qarabağda suverenliyin bərpa olunmasını çox müsbət qarşılayıb və ölkəmizin yanında olduğunu bildirib. Duqinin o məsafədən bizə uzatdığı əli Azərbaycan cəmiyyətinin kəsməsi ictimaiyyətimiz haqqında bir etibarsızlıq imici formalaşdırır. Bu zaman Azərbaycana əl uzadacaq dövlətlərin hamısı oturub fikirləşməli olur ki, sabah ayağımız büdrəsə, bu xalq bizə hansı reaksiyanı göstərəcək. Hərçənd ki, Azərbaycan region dövlətləri içərisində dostluğa, qardaşlığa həqiqətən də ən yararlı ölkədir.
Çeynənmiş ifadə olsa da, ancaq faktiki olaraq bu gün “5-ci kolon” var. Gözləmədiyimiz insanlar çıxıb sosial şəbəkələrdə, mediada bizə əl uzadan adamları elə formada təhqir edirlər ki, çaşbaş qalırsan. Bizim Duqinə olan münasibətimiz belə olmamalı idi. Biz getdikcə özümüzdən çox başqa millətlərə oxşamağa başlayırıq. Bu günlərdə Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində bir partlayış baş verdi. Sosial şəbəkələrdə azərbaycanlıların hadisəyə münasibətini müşahidə edirəm, məlum videonu paylaşaraq “davamı gəlsin” yazırlar. Axı biz insanın faciəsi üzərində öz sevincimizi dadacaq xalq deyilik. Bizi niyə belə xalq kimi təqdim etməyə çalışırlar? Bu obraz bizim xalqa yaraşmır. Buna etiraz edəndə də səni linç edirlər. Bu gün cəmiyyətimizdə Duqinin qızının ölümünə də oxşar münasibət var. Az qalıb Ukraynaya dəstək nümayişi də keçirək ki, bu hadisə nə yaxşı baş verib. Bu, yeni yaranan tendensiyadır. Əvvəllər belə şeylər olurdusa da, paralel olaraq dövlətin nəzarəti də var idi. Ən pisi odur ki, bu, idarəolunmaz hala keçir.
– Bu münasibət tək başqa xalqların nümayəndəsinə qarşı yox, həm də daxildə baş verən proseslərdə də müşahidə olunur. Son zamanlar FHN-nin məlum intim video olayları media və sosial şəbəkələrin gündəmindən düşmür. Bunu necə qiymətləndirirsiz?
– Bu, bizi ağrıdan olaydır. Jurnalistikada, siyasi hərəkatda tanıdığım xeyli insanlar var ki, hesab edirdim sabah hansısa bir durğunluq prosesindən aktiv fazaya keçəriksə, yenə də onlarla bir yerdə olarıq. Ancaq görürəm ki, bu fikirlərimdə xəyal qırıqlığına uğramışam. Milyonların qarşısında qələmini sındırmayan jurnalistlər sosial şəbəkədən gələn 5-10 bəyənmənin qarşısında əzildilər. Kütlənin fikrini xalqın fikri, mental dəyər kimi cəmiyyətə sırıyırlar.
FHN-də baş verən hadisə xalqımızın müzakirə predmeti ola bilməz. Bundan əvvəl mobil telefonlar yox idi, ağsaqqallar kənddə kimsə kiminsə boşanmasından danışanı susdururdu ki, “boşanma” sözü eşidilməsin. Onlar görə-görə gəlmiş insanlar idi, düşünürdülər ki, həqiqətdirsə belə, bunu heç kəs eşitməməlidir. İndi boşamalar, intiharlar, ailə üzvlərinin bir-birini öldürməsi adiləşib.
FHN olayını bu qədər qabardıb dövlətin üzərinə hücuma keçmək olmaz. Sosial şəbəkələrdə bir video da yayıldı. Küçədən keçən bir şəxs FHN-in inzibati binasına daxil olub növbətçi hissədə olan əməkdaşın üzərinə gedib təcili münasibət bildirilməsini tələb edir. Bu şəxs nə jurnalist, nə də blogger ola bilməz. Çünki onlar ən azından işlədiyi redaksiyada etik qaydanı öyrənir. İndi əlində telefon olan başıpozuqlar istənilən idarəyə girə bilər.
Ən pisi də odur ki, dövlət bu insanların qarşısından qaçır. Normalda bu şəxs inzibati binaya buraxılmamalı idi. Əgər daxil olubsa belə, dərhal 102 xidmətinə şikayət edib polis əməkdaşları onu aparmalı idi. Bu, artıq kütləvi etiraza bir nümunə formasıdır.
Dövlət “məndən ötdü, qardaşıma dəydi” prinsipi ilə qoruna bilməz. Yeni bir presedent yaranır. İnsanları qızışdırıb sosial şəbəkələrdə hücuma keçirlər, dövlət bunun qarşısına çıxmır, hansısa bir təbliğat aparılmır. FHN-in binasına girən şəxsə niyə cinayət işi qaldırılmadı? O, xuliqanlıq edib dövlət orqanının işini iflic edib və binaya hücum edib. Belə hadisələrdə dövlətə o qədər basqılar olub ki, bu işlərə cavabdeh olacaq şəxslər kənara çəkilirlər. Bunun da günahı bizdədir. Prokurorluq dövlətin bütün qurumlarının hüquqi müstəvidə qorunmasına cavabdehdir.
Prokurorluq jurnalisti və yaxud da bloggeri hansısa neqativ fəaliyyətinə və ya yalan məlumat yaydığına görə çağırıb xəbərdarlıq edir. Bundan sonra hamı deyir ki, söz azadlığı boğulur. Yaxşı, qəbul edək ki, bu, söz azadlığının boğulmasıdır, bəs qeyri-etik ifadələri yazmağı mən özümə yaraşdırıram?! Ümumiyyətlə, özünə hörmət edən jurnalistlər xəbərdarlıq olunan həmkarlarının fəaliyyətini özünə rəva görmür, amma onu müdafiə etmək məcburiyyətindədir. Çünki biz jurnalistik, söz azadlığını qoruyuruq. Bu söz azadlığının da bir həddi olmalıdır. Əgər bu azadlıq dövlətə, xalqın sosial rifahına təhdid yaradırsa, dövlətçiliyə zərbə vurursa, bu, anarxiyaya çəkən bir prosesdir. Bu zaman jurnalist olaraq susuruq və dövlət buna reaksiya göstərəndə də üzərinə gedirik. Sanki özümüz də dövlət strukturlarına hücuma keçirik ki, “biz nə istəyirik yazacağıq, siz qarışmayın”. Bu zaman da xaos yaranır.
– Hazırkı xaotik durumdan çıxış yolunu nədə görürsünüz? Qeyd etdiyiniz kimi Baş Prokurorluqda media rəhbərləri ilə keçirilən görüş birmənalı qarşılanmadı. Sizcə, dövlət və hüquq-mühafizə orqanları məsələyə necə əl qoymalıdır?
– Görüşlərlə nəyinsə qarşısını almaq mümkün olmayacaq. Görüşü keçirirlər sonra “prokurorluq mediaya təzyiq etdi” deyə səs yayılır. Bununla da Qərbdə adını “insan hüquqları və söz azadlığı” təşkilatı qoyanların hesabatını zənginləşdirdik ki, Azərbaycanda mətbuata təzyiq var. Çünki onların dövlətlərində prokurorluq mətbuata heç nə demir.
Görüşdən çıxandan sonra sosial şəbəkələrdə bundan da artığını davam etdirməyə başlayırlar. Sanki jurnalistləri harasa çağırıb xəbərdarlıq edəndə öcəşmə gedir. Yəni bu görüşlə heç nəyin qarşısını almadılar, bu fəaliyyət sözdən əmələ keçməlidir.
Belə görüşlərlə kimlərinsə hesabatı zənginləşir, bundansa, kiminsə konkret əməlinə görə cəza verilməlidir. Sosial şəbəkələrdə bu kimi neqativləri qərəzli şəkildə yayan, dövləti və nazirlikləri gözdən salmağa yönələn çıxışları paylaşan insanlar cəzalandırılmalıdır ki, digərləri bundan dərs götürsün. Dediklərim aqressiv görünə bilər, jurnalistikaya, söz azadlığına qarşı çıxmaq kimi də qiymətləndirilə bilər, amma mən bundan qorxmuram. Bir halda ki, dövlətim əldən gedir, o zaman bunları deməkdən çəkinmirəm.
Bir dəstə var, demədiyin sözləri mətbuata çıxarıb yazır. Bu yaxınlarda sosial şəbəkələrdə deputat Sevinc Fətəliyevanın adından uydurma və cəfəng sitat paylaşılıb. Bunun qarşısını aldılar və millət vəkilinin bunu demədiyini cəmiyyətə sübut etdilər. Bundan əvvəl deputat Elman Nəsirovun adından demədiyi sözü yazıb onu linç etməyə başlamışdılar. Eyni zamanda keçmiş deputat Hadı Rəcəbli haqqında da eyni situasiya baş vermişdi. Vaxtilə millət vəkili Aqil Abbas müsahibəsində mövcud vəziyyəti şərh edərkən demişdi ki, kim nə istəyirsə, əksin, becərsin. Lap gedib soğan əksinlər. Sonradan onun fikirlərini kontekstdən çıxarıb “gedin soğan əkin” deyə yazdılar. Ümumiyyətlə, linçetmə əməliyyatları dayandırılmalıdır, bunun başında dayananları tapıb cəzalandırmaq lazımdır. Ölkənin təhlükəsizliyinə cavabdeh olan bütün hüquq-mühafizə orqanlarının qarşısında duran ən vacib məsələlərdən biri də, sosial şəbəkələrdə Azərbaycanın üzərinə yerinə missionerlərin qurduğu tələlərin qarşısını almaqdır.
– Sizcə, bəs ictimai qınaq olmamalıdır?
– İctimai qınağa heç kəs təsir edə bilməz. Ancaq ictimai qınaq konkret o situasiyanı yaradan şəxsə qarşı olmalıdır. Biz ictimai qınağı götürüb siyasi hücuma çeviririk. Tək bu məsələdə yox, kabinetdə rüşvət alanlara qarşı da ictimai qınaq olmalıdır. Dövlət korrupsioneri həbs edir, yazırlar ki, onun nə günahı vardı, başda oturanlar qalıb. Yəni dövlət nə etsə, işi bununla bitmir, yenə ona qarşı hücuma keçirlər. İnsanları bu şəkildə xaotik vəziyyətə sürükləyirlər. Hesab edirəm ki, dövlət birmənalı olaraq göstəriş verməlidir. Bu fəaliyyətlə məşğul olan dəstələri, qrupları aşkar edib ictimai qınaq obyektinə çevirməlidir.
– Maraqlıdır, bu olay Türkiyə, Rusiya, eləcə də Avropa ölkələrində baş versəydi, media və cəmiyyətin reaksiyası necə olardı?
– Bu cür hallar çox yerlərdə baş verir. Məsələn, ABŞ-ın keçmiş prezidenti Bill Klintonla Ağ Evin təcrübəçisi Monika Levinski arasında sevgi macərası 1998-ci ildə ictimaiyyətə məlum oldu. Həmin vaxt Ağ Evin sahibi impiçmentdən yaxasını zorla qurtardı. Bu məsələ cəmiyyətin heç vecinə də deyildi. Çünki bu insanlar tamamilə başqa mentalın daşıyıcılarıdır. Azərbaycanda insanı linçetmə metodu mental dəyərlər üzərində qurulub. Bir insandan qisas almaq istəyirlərsə, onun haqında pis imic formalaşdırırlar. Əgər Duqini susdurmaq üçün Azərbaycanda gedən prosesin hansınısa Rusiyada tətbiq etsəydilər, cəmiyyət normal baxacaqdı. Amma Rusiyada terroru seçdilər. Azərbaycanda isə bu institutlar “yaxşı” işləyir. Başda oturanları ləkələmək üçün, aşağıda oturanla əlaqəli belə bir olayı şişirdib qabardırlar.
Avropa ölkələrində isə belə üsullar keçmir. Dövlət müəssisəsində kişi kişi ilə nikaha girir. Ancaq Azərbaycanın mentalında bu, ölümdən betər bir haldır və bununla insanların üzərinə getmək çox rahatdır.
Sonra cəmiyyətdə nazirlikdə işləyən qadınlara bir etimadsızlıq yaradırlar. Günümüzdə kişilərin əksəriyyətinin qadının işləməsinə etirazı olub. Bu hadisə ailələrdə qadınlara basqını bir az da artıracaq. İşləyən qadınlara münasibət dəyişəcək, hətta qadınlar özləri işdən qaçacaq. Ölkəmizdə vəziyyət o həddə çata bilər ki, dövlət müəssisəsində işləyib evinə getmək istəyən qadın qorxusundan uniformasını nazirlikdə, qurumda dəyişib çıxacaqlar.
– Media məlum video hadisəsi ilə bağlı necə münasibət sərgiləməli idi?
– Bunu tirajlayana, əlində bayraq tutub dövlətin üzərinə gedənlərə fikrimizi bildirməli və onları neytrallaşdırmalı idik, amma səssiz qaldıq. Hərə başını götürüb bir tərəfə qaçdı ki, birdən etirazçılara qarşı nəyisə deyərəm, kiminsə xoşuna gəlməz, məni də linç edərlər. Bu gün mətbuat nümayəndələri əlində olan resursu itirməkdən qorxur. Doğrudur, gündəmdən düşməyən bu məsələyə etiraz edənlər oldu, amma kütlənin qarşısında kifayət etmirdi. Mətbuatın etiraz etməsi bir yana, bəzən də özünü məsələdən bixəbər kimi aparır. Amma bəzi hallarda da götürüb videonu digərlərinə göndərirdi, son nəticədə alt təbliğatçılara çevrildi.
– Gündəmi dəyişmək üçün ard-arda sanki zəlzələ effekti verən mövzular atılır. Bu durumu yaradan amillər nələrdir?
– Elə vəziyyət yaranıb ki, müqayisə etməyə də çəkinirsən. Ətrafımda olanlara bəllidir ki, media sektorunda çalışan biri kimi bundan əvvəlki media rəhbərləri məni məhv etməyə çalışıblar. İndi köhnə ilə təzəni müqayisə etsəm, təzələr qayıdıb mənə köhnənin adamı damğası vuracaqlar. Axı mən olmadığım adamın yükün niyə çəkməliyəm? Qorxuram, susuram…
O dövrün başbilənləri bir metod tapmışdılar. İnsanların narazılığı yığılırdı bir neçə mətbuat vasitəsilə gündəmə mövzu atardılar. Bir neçə nəfər durub etirazını bildirərdi, bununla da insanların içində olan qaz çıxardı. Beləcə cəmiyyəti də, dövləti də idarə edirdilər.
İndi az qala gündə iki dəfə gündəm dəyişilir. Bu, artıq insanların qazını buraxmaq yox, insanlara qaz verməkdir. Bu proses dayanmalıdır. Bunun siyasi çalarını axtarsam da, tapa bilmirəm, məntiq yoxdur. İnsan öz oturduğu binanın bünövrəsini niyə sökməlidir?! Demirəm insanları susdurmaq lazımdır, ən azından onları qızışdırmaq lazım deyil.
Bu gün Laçın şəhəri, eləcə də Zabux və Sus kəndləri erməni işğalçılarından boşaldılır. Amma biz bu qələbə haqda bir kəlmə yazıb, yenə FHN-nə keçirik. İnanmıram ki, mövcud durum bu sahəyə cavabdeh olan qurumların bacarıqsızlığından irəli gəlir. Ya bunu etmək istəmirlər, ya da bu orqanlar arasındakı rabitə kəskin şəkildə pozulub. Hər bir sahənin öz inkişaf tempi olduğu kimi içərisində bir narazılıqları da var. Bütün sahələrdə narazılıqları bir növ körükləyirlər ki, hamı birdən ayağa qalxsın. Axı biz o demokratik cəmiyyətə, struktura və inkişafa malik bir dövlət deyilik ki, bütün sahələrin birdən islahatını aparaq.