Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclası keçirilib – FOTOLAR
Bakı şəhər regional miqrasiya baş idarəsində Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın növbəti iclas keçirilib. Tədbirdə cari ilin birinci yarısında həyata keçirilmiş işlərə nəzər salınıb, ilin ikinci yarısında icra olunması planlaşdırılan fəaliyyətlər ətrafında müzakirələr aparılıb.
Gündəlikdə duran məsələlər ətrafında danışan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov vurğulayıb ki, illik fəaliyyət planında yanvar-iyun aylarına dair yer almış fəaliyyətlər əsasən icra olunmuş və bu barədə məlumat həm mediada geniş işıqlandırılmış, həm də hesabat şəklində aidiyyəti üzrə Xidmətə təqdim edilmişdir. Xüsusilə qeyd olunub ki, Şuranın nəzdində psixoloji yardım, əmək miqrasiyası, təhsil, turizm və digər sahələrdə fəaliyyət göstərən işçi qruplar aidiyyəti istiqamətlər üzrə bir sıra tədbirlər keçirmiş, əcnəbilərin inteqrasiyasını şərtləndirən əlverişli mühitin yaradılması üçün zəruri səylər göstərmişlər. Tədbir iştirakçılarının ümumi qənaətinə görə, cari ilin birinci yarısında həyata keçirilmiş fəaliyyətlər, bütövlükdə, qənaətbəxş hesab edilmişdir.
2022-ci ilin ikinci yarısında icra olunacaq fəaliyyətlər barədə danışan İctimai Şura üzvləri həm işçi qrupları çərçivəsində icra ediləcək tədbirlər barədə danışıb, həm də ictimai iştirakçılığın daha effektiv şəkildə həyata keçirilməsi məqsədilə bir sıra yeni təkliflərlə çıxış ediblər. Xüsusilə qeyd olunub ki, qarşıdan gələn aylarda miqrasiyanın aktual məsələləri ilə ictimai müzakirələr təşkil olunacaq, təlim və seminarlar daxil olmaqla müxtəlif maarifləndirmə tədbirləri keçiriləcək, bölgələrdə monitorinqlər aparılacaq, əcnəbi miqrantların inteqrasiyası üçün dəstək proqramları icra ediləcəkdir.
Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev İctimai Şuranın illik planına uyğun icra edilmiş fəaliyyətləri müsbət qiymətləndirib, irəli sürülən yeni təkliflərə münasibət bildirib.