Bakıda 2 il əvvəl törədilmiş qətlin üstü açıldı
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə fəaliyyəti nəticəsində əvvəlki illərdən bağlı qalmış daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilib.
Belə ki, 2020-ci il oktyabr ayının 11-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Türkan qəsəbə sakini Rüstəm Bayramovun üzərində küt alətlə yetirilmiş xəsarətlər olan meyiti tapılıb.
Aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Bayramovun əvvəllər məhkum olunmuşlar – Bərdə rayon sakini Rəşad Kərimov, Astara rayon sakinləri Tahir Ələkbərov və Radiq Feyziyev tərəfindən daşla öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Kərimov tutularaq istintaqa təhvil verilib.
R.Feyziyev və T.Ələkbərov isə Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə tutulduqları üçün hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılırlar.