“Etibar Məmmədov vəzifədə olduğum zaman mənimlə o tonda danışa bilməzdi”
Azərbaycanın keçmiş Xarici işlər naziri, Azərbaycan Milli İstiqlal Partiyasının qurucularından olan Vilayət Quliyev bu partiyanın 30 illik yubileyi günü AMİP-in təsis qurultayı haqda paylaşımı qalmaqala səbəb olub. O, öz paylaşımında AXC hakimiyyətini baş naziri Pənah Hüseynin qurultayda qonaq qismində iştirak etdiyini bildirib.
Eks nazirin iddiasına görə həmin qurultayda Pənah Hüseynlə AMİP sədri Etibar Məmmədov arasında belə bir dialoq olub:
“Pənah Hüseyn:
– Ə, Etibar, ə, bu hakimiyyət nə gözəl şeymiş, ə!- dedi. – Sən öl, o kreslolarda elə oturmuşuq ki, heç bir qüvvə bizi ordan qoparda bilməz! Heç svarkaynan da kəsib ayıra bilməzlər.
Etibar da hazırcavablıq nümunəsi göstərdi:
– Qorxma, dedi. – Sizi heç kəs kreslodan dartıb qoparmayacaq. Elə kresloqarışıq atacaqlar bayıra!”.
Pənah Hüseynin Vilayət Quliyevə cavabı gecikməyib. Yenisabah.az-a açıqlama verən eks baş nazir deyib ki, Vilayət Quliyevin haqqında yazdıqlarından az öncə xəbər tutub və belə bir dialoqon olduğunu xatırlamır:
“Mən sözün açığı AMİP-in təsis qurultayında iştirakımı xatırlamıram. Guya AMİP sədrinə üzümü tutub məni kreslodan heç kimin qoparda bilməyəcəyini demişəm. Unutmayaq ki, bütün hökumət kresloları əbədidir, oturanlar sadəcə dəyişir və mən bunu vəzifədə olanda da çox yaxşı bilirdim, indi də bilirəm. Bu yazılanlar şişirdilib. Çünki, mənim leksikonumda o formada sözlər ümumiyyətlə yoxdur, olmayıb da.
Vilayət müəllimin hazırda neçə yaşı olduğunu bilmirəm amma qurultayda baş verənləri dəqiq xatırlamış olmasına inanmıram. Mən Vilayət müəllimi yaxşı adam kimi tanıyıram, yaxşı yazar olduğunu bilirəm amma görünür bədii əsərləri çox yazdığına görə məsələni şişirdərək bədiiləşdirib”.
Sonda Pənah Hüseyn AMİP sədri Etibar Məmmədovun ona xitab edərək “Sizi heç kəs kreslodan dartıb qoparmayacaq. Elə kresloqarışıq atacaqlar bayıra!” deməsi haqda iddiaya da münasibət bildirərək AMİP sədrinin ona vəzifədə olduğu vaxt elə söz deməsinin mümkün olmadığını dilə gətirib:
“Qəti! Mən inanmıram Etibar Məmmədov vəzifədə olduğum o illərdə mənimlə o tonda danışmış olsun. İfadə həddindən artıq jarqon səsləndiyi üçün AMİP sədrinin insanlar arasında mənə elə bir şey demiş olmasına inanmıram.
Düzdür, bir daha deyirəm, qurultayda baş verənlər yadıma gəlmir amma aramızda hər hansı buna oxşar dialoq olubsa da yazılanlar kimi olması mümkün deyil. Ola bilsin, Vilayət Quliyev o qədər bədii yazılar yazır ki, hadisələri də bədiiləşdirməyi çox sevir”.