Ermənilər Qaragöl istiqamətini minaladı
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın Laçın rayonu ərazisində yerləşən Qaragöl istiqamətində sərhəd bölgəsini minalayıblar.
Bu barədə Ermənistanın “Hraparak” qəzetində dərc olunan xəbərdə bildirilib. Qeyd edilib ki, azərbaycanlı hərbçilərin Qaragöl ərazisindəki mövqelərdə möhkəmlənməsi erməni tərəfində ciddi qorxu və narahatlıq hissini artırıb.
“Oradakı azərbaycanlı hərbçilər qarşısında sərhədimiz o qədər müdafiəsizdir ki, onlar maneəsiz keçib Sisyana qədər gəlib çata bilərdilər”,-deyə “Hraparak” bildirib.
Qəzet yazır ki, vəziyyət ermənilər üçün o qədər həyəcanlı idi ki, yerli ordu korpusu Gorusun Xoznavr kəndi ərazisində təxminən 1 kilometr uzunluğunda məsafəni – Qaragölə doğru olan zonanı minalamaq qərarına gəlib.
Kəndin icma başçısı Varo Qriqoryan da ərazinin minalandığını “Hraparak”a təsdiqləyərək, əlavə şərh verməyib. “Hraparak” minalanma ilə bağlı Xoznavr kəndinin erməni sakinlərinə əvvəlcədən xəbərdarlıq edilmədiyini də bildirib. Nəticədə kəndlilərdən birinin həmişəki kimi ərazidə otlayan atları minaya düşərək ölüb.
Xatırladaq ki, Azərbaycan-Ermənistan sərhədində yerləşən Qaragöl ətrafında yaranmış mübahisədən 1 il ötür.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri 2021-ci il mayın 12-də Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədini bərpa edərkən Ermənistan tərəfinin təxribatları ilə qarşılaşmışdı. O zaman rəsmi İrəvan dünyaya car çəkirdi ki, guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək, bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək, hərbi yardım istəmişdilər.
Lakin bütün təxribatlara və təzyiqlərə məhəl qoymayan Azərbaycan Silahlı Qüvvələri Qaragöl ətrafından geri çəkilmədi, əksinə, ərazidəki mövqelərini möhkəmləndirdi.
Qeyd edək ki, Ermənistan hələ 1992-ci ildə Laçını işğal edəndən sonra sözügedən ərazidə dövlət sərhədini irəli çəkmişdi. Nəticədə Laçın ərazisindəki Qaragöl bölgəsini mənimsəmişdilər.
Laçın bölgəsini 2020-ci ilin noyabrınadək işğal altında saxlayan Ermənistan II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməsilə razılaşmırdı.
Azərbaycan Silahlı Qüvvələri Qaragöl ətrafını düşməndən geri alaraq, onları geri çəkilməyə məcbur edib. Ermənistan ordusu bir neçə dəfə ərazidə silahlı toqquşma yaratmağa cəhd göstərib.(modern.az)