Telman İsa: “Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib”
Azərbaycan dünyəvi dövlətdir. Azərbaycan Konstitusiyasının 18-ci maddəsində Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğu göstərilir. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Beynəlxalq hüquq normalarına söykənən Konstitusiyamız millətindən asılı olmayaraq hər bir vətəndaşın dini etiqad azadlığını tanıyır, qanunla hər kəsə öz iradəsi ilə istədiyi dini seçməyə və azad şəkildə ibadət etməyə icazə verilir. Azərbaycan dövləti mövcud cəmiyyətdə dini proseslərə nəzarətetmə siyasəti ilə yanaşır. Din insanların mənəvi ehtiyacıdır. Son dövrlərdə aparılan tədqiqatlar göstərir ki, ənənəvi olaraq müsəlman azərbaycanlılar arasında öz dinini öyrənmək dinamikası artır. İnformasiyasının bol olduğu müasir dövrdə müxtəlif məqsədli məlumatların yayılması imkanının geniş olduğu nəzərə alınaraq, hadisələrin inkişafına nəzarət etmək çox vacibdir. Azərbaycan dövlətinin müstəqilliyini bərpa etməsindən bu yana ölkənin doğru istiqamətlənməsi və dinin tanınması üçün xaricdə kadrlar yetişdirmək siyasəti ilə başladığı işə bu gün də davam edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, eyni zamanda, İlahiyyat İnstitutu da bu istiqamətdə ölkənin aparıcı qüvvələridir. Dövlətin bu istiqamətdə apardığı siyasəti təqdirəlayiq sayır və dövrün reallığı kimi qiymətləndirirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Telman İsa deyib.
O bildirib ki, İslam dininin bayramları milli bayramlar kimi qəbul olunub və bu bayram günləri rəsmi olaraq qeyri-iş günü kimi elan edilib. Bundan başqa, bir neçə tarixi əhəmiyyətli məscid dövlətin maliyyə dəstəyi ilə bərpa olunub. Bibiheybət, Təzəpir, Şamaxı Cümə və sair məscidlər yüksək səviyyədə bərpa edilib.
T.İsa qeyd edib ki, Azərbaycan dövlətinin yürütdüyü din siyasətini beynəlxalq ictimaiyyət yüksək qarşılayır, digər dövlətlərə model kimi tövsiyə edilir. Bu da onu sübut edir ki, ölkə rəhbərliyinin müəyyənləşdirdiyi dövlət-din münasibətlərinin tənzimlənməsi üsulu özünü tam doğruldur. Bunu dini əqidəsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları gündəlik həyatında da hiss edirlər. Üstəlik, ölkəmizi yaxından öyrənən xarici ekspertlər, din siyasəti ilə məşğul olan elmi araşdırmaçılar, nazirlər, politoloqlar, ilahiyyatçılar, qafqazşünaslar Azərbaycanın dövlət-din münasibətləri modelini digər ölkələrə nümunə göstərirlər.
“Əsas məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dinimizə, milli-mənəvi dəyərlərimizə diqqət və qayğısı ilə bağlıdır. Bu amillər hər zaman yüksək olub. Biz Azərbaycan Prezidentinin, Birinci vitse-prezidentin davamlı olaraq məscidləri ziyarət etdiklərinin şahidi oluruq. Bu ənənənin davam etdiyi işğaldan azad olunmuş ərazilərdə də açıq şəkildə görünür. Ağdamda, Şuşada, Zəngilanda və işğaldan azad olunmuş digər bölgələrimizdə bilavasitə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə yeni məscidlər, dini ibadət ocaqları təmir və bərpa olunur. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən məscidlərin tikintisi ilə bağlı böyük işlər həyata keçirilir. Şuşa və Zəngilan məscidləri Fond tərəfindən bərpa və təmir olunur. Bu təşəbbüslər davam etməkdədir”, – deyə siyasi ekspert diqqətə çatdırıb.
O vurğulayıb ki, Prezident İlham Əliyevin din sahəsində böyük diqqət və qayğısının göstəricisi kimi Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bildirmək olar. Dövlətimizin başçısının institutun binasının açılışında iştirak etməsi buna əyani sübutdur. Bu institut hazırda bölgənin aparıcı ali din təhsil müəssisələrindən birinə çevrilib və yeni bina ilə təmin olunub. Bu gün Azərbaycan öz milli kadrlarını hazırlayır və bu istiqamətdə mühüm addımlar atılır. Burada əsas hədəf Azərbaycana yönəlmiş yad ünsürlərin qarşısının alınması üçün islam dininin və digər dinlərin tam dəqiqliklə izah olunmasına hesablanıb.
“Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda təkcə müsəlman dini abidələrinə deyil, digər dinlərin də dini ibadət yerlərinə yüksək diqqət və qayğı göstərilir. Torpaqlarımızın işğalı dövründə ermənilər Qarabağda alban abidələrini özününküləşdirməyə çalışsa da, hazırda Prezident İlham Əliyevin göstərişi ilə həmin abidələrin bərpası həyata keçirilir, həmin abidələr öz tarixi kimliyinə qaytarılır. Bu irsin Azərbaycana məxsus olduğu üzərində çoxçeşidli işlər həyata keçirilir. Alban udin dini icmasının Kəlbəcərdə alban məbədində bir neçə dəfə ayinlər keçirməsi buna nümunədir. Laçın istiqamətində də bu cür addımlar atılır. Artıq dövlət ərazilərin işğaldan azad olunmasından sonra öz tarixinə sahib çıxır, möhkəm şəkildə həmin tarixi abidələrin bərpa olunması istiqamətində fasiləsiz işlər həyata keçirilir.
Bu gün ölkəmizdə dinə yüksək diqqət və qayğı var. Məhz bu siyasət nəticəsində bu gün Azərbaycan dünyanın əsas tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Azərbaycanda, paytaxt Bakı şəhərində bu sahədə çeşidli yüksək səviyyəli tədbirlərin keçirilməsi bunun əyani sübutudur”, – deyən Telman İsa fikirlərini yekunlaşdırıb.