Bocce idman növü vasitəsilə autizmli uşaqların reabilitasiyası mövzusunda növbəti təlim İsmayıllı şəhərində keçirilib – FOTO
İsmayıllı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Autizm Assosiasiyası” İctimai Birliyi tərəfindən icra olunan “Bocce idman növü vasitəsilə autizmli uşaqların reabilitasiyası üsulunun təşviqi” layihəsi çərçivəsində təşkil olunan növbəti təlim İsmayıllı şəhərində keçirilib. Təlimdə İsmayıllı rayonunda autizmli uşaqların reabilitasiyasında iştirak edən reabilitasiya mərkəzlərinin, sağlamlıq müəssisələrinin, idman cəmiyyətlərinin və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Təlimi açıq elan edən “Autizm Assosiasiyası” İctimai Birliyinin sədri Elnur Məmmədov layihənin məqsədi və təlim barədə məlumat verib. Nəzəri və praktiki hissələrdən ibarət təlim sessiyaları bocce idman növü sahəsində ixtisaslaşan və beynəlxalq təlim proqramlarının iştirakçısı Tofiq Məmmədov tərəfindən aparılıb. Nəzəri hissədə bocce idman oyunun tarixinə nəzər salınıb, oyun qaydaları barədə məlumat verilib, autizmli uşaqların reabilitasiyası sahəsində bu idman növünün tətbiqinin faydaları haqqında danışılıb. Bocce idman meydançası üzərində təşkil olunan təlimin praktiki hissəsində oyunun təşkili qaydaları nümayiş etdirilib.
Bocce idman növü təlim iştirakçılarının xüsusi marağına səbəb olub. Bu səbəbdən autizmli uşaqların reabilitasiyası ilə yaxından işləyən müəssisələrin nümayəndələri hədəf qrupları ilə əlaqədar tətbiq etdikləri reabilitasiya proqramlarında bocce idman növünün elementlərindən geniş istifadə edəcəklərini bildiriblər.